Elmin Nuri Köşə Yazıları

Qədim tibb akademiyaları, İbn Sinadan geri qalmayan həkimlərimiz – ARAŞDIRMA

Orta əsrlər Şərqinin  ən böyük uğurlarından biri də o idi ki, alimlər tibbi fəlsəfədən ayırmayıb əsl xoşbəxtliyi ruhi və fiziki sağlamlığın vəhdətində görürdülər. Böyük təbib İbn Sinanın bütün əsərlərində həm ruhun kamilləşməsi, həm də vücudun sağalması əsas məqsəd kimi qabardılırdı.

O, dünya tibb tarixinin ilk psixodiaqnostik alimi qəbul edilir. İbn Sina ilk dəfə olaraq nəbzi yoxlamaqla insanın daxili xəstəlikləri haqqında da məlumat verirdi. Dahi təbib tibbdə bir çox yeniliklərə imza atıb. İbn Sina göz-şüa nəzəriyyəsini müdafiə edərək üst göz qapağının xaricə çıxması, davamlı olaraq ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar verib.

Elə girişdəcə tibb elm tarixinin dühalarından olan İbn Sinadan danışmağımız heç də təsadüfi deyil. Hələ 980–1037-ci illərdə yaşamış böyük təbib Əbu Əli ibn Sina  bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda tibb sahəsində ən tanınmış alim sayılırdı. Onun “Tibb qanunları” əsərinin ən qədim nüsxələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.

İbn Sinadan sonra bütün Şərq dünyasında tibb sahəsində əsl inqilab baş verdi ki, bu da çox keçmədən Azərbaycanda da güclü təbiblərin yetişməsinə və şəfa ocaqlarının yaranmasına təkan oldu.

Azərbaycanda orta əsrlər tibb elminin inkişafı, tanınmış təbib və “dar-üş-şəfa”lardan (tibb ocaqlarından – red.) danışmazdan əvvəl müsəlman Şərqinin təbabət sahəsindəki bir neçə kəşfini diqqətə çatdıraq. Çünki məhz həmin təbiblər və onların kəşfləri sonradan Azərbaycan da daxil olmaqla bütün müsəlman Şərqində tibb elminin intibahına səbəb oldu:

İbn Cəssar –Cüzam xəstəliyinin yaranma səbəbləri və onunla mübarizə metodlarının kəşfi;

İbn Natiq – Əsrin bəlası sayılan vəbanın müalicəsinin  tapılması;

Kəmbur Vəsim – Vərəmi yaradan mikrobları aşkarlayaraq onları məhvetmə  üsullarının  kəşfi;

İbn Əmmar – İlk dəfə göz əməliyyatının həyata keçirilməsi;

Əli ibn Abbas – İlk dəfə bədxassəli şişin əməliyyatı;  

İbn Nəfisi – Kiçik qan dövranı prosesinin kəşfi;

Əli ibn Ridvan – İlk xəstəxananın yaradılması;

Cabir Şafi – İlk kimya laboratoriyası;

Fəxrəddin Razi – Tibbi spirt, gözün selikli qişasının müalicəsi;

Ağ Şəmsəddin – Mikrob nəzəriyyəsi; 

Azərbaycanda tibb elmi və şəfa ocaqları

Təbii ki, Orta əsrlər İslam Şərqinin tibb elmində yaşadığı intibah Azərbaycandan yan keçə bilməzdi. Çünki Azərbaycanın iqtisadi və mədəni yöndən inkişaf etmiş şəhərləri daim Şərqin elm mərkəzləri olan Bağdad, Nişapur, Şamda baş verən yenilikləri izləyir və onlarla ayaqlaşmağa çalışırdı.

ХV əsrdə Azərbaycan höкmdarı Sultan Yaqub Təbrizdə “Yеddi cənnət” sarayını inşa еtdi. Həmin sarayda 1000 çarpayılıq хəstəхana və dünyanın hər yеrindən, о cümlədən Hindistandan və Çindən gətirilən dərman vasitələri ilə təchiz оlunan aptеk vardı. Bu хəstəхanada səriştəli təbiblər çalışırdılar.

Rəşidiyyə mədrəsəsi, yaxud, “Darüş-şəfa”

Azərbaycan tarixinin vəzir-alimlərindən olan Fəzlullah Rəşidəddinin əsasını qoyduğu “Dar-üş-şəfa” elm ocağı Şərqin bir çox ölkələrindən gələn tələbələrin  bilik mənbəyinə çevrilmişdi. Fəzlullah Rəşidəddinin Şərqə və Qərbə miras qoyduğu əsas prinsip və sahələr isə tibb, vergi, idarəetmə və astronomiya ilə bağlı idi. Bundan əlavə, onun təsis etdiyi “Rəbi-Rəşidi” elmi şəhərciyi o zamanın ən böyük intellekt mühiti idi. Burada tibb, astronomiya və dəqiq elmlər sahəsində elmi araşdırmalar aparılırdı. “Rəbi-Rəşidi”nin qazandığı elmi nailiyyətlər uzun müddət Avropa alimlərinin mayakına çevrildi.

Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyirdilər. Hətta Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən buraya mütəxəssislər gəlir və onlar üçün bütün lazımi şərait yaradılırdı. Bu akademiyanın xarabalıqları indi də həmin yerdə qalır. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Sözügedən elm mərkəzində əsas yeri tibb, əczaçılıq, botanika sahələri tuturdu. Maraqlıdır ki, həmin elm mərkəzinin yaxınlığında “Fəxrabad” adlı yerdə böyük botanika bağı varmış. Orada akademiyanın klinikalarında müalicə olunan xəstələr üçün indiki dildə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilirmiş. Arxeoloji tədqiqatlar nəticəsində həmin botanika bağında xüsusi qablarda müxtəlif dərman bitkilərinin toxumlarının olması müşahidə edilib.

Akademiyanın nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi “Rəşidiyyə” adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi var idi. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada hazırlanırdı. Akademiyanın nəzdində bir neçə aptek var idi. Burada işləyən həkimlərə yaşamaq üçün evlər verilirmiş.

Rəşidəddin xüsusilə Azərbaycan alimlərinə böyük qiymət verirdi. O yazırdı ki, Aristotel və Platon öz dövrünün alimləridir. İndi isə başqa dövrdür. O, Azərbaycanın dahi həkimlərindən Mahmud İbn İlyas və Mahzabəddin Təbriziyə böyük önəm verirdi.

Azərbaycan təbibləri  və imza atdıqları ilklər

Azərbaycan təbiblərindən danışmışkən, onlardan bir neçəsi haqqında məlumat verməklə, tibb elmi tarixindəki xidmətlərinə də toxunaq:

Bəhmənyar Azərbaycani – İbn Sinadan fəlsəfə ilə bərabər tibb elminin də sirlərini öyrənib. O, özünün “Təhsil” əsərində tibbi məsələlərdən də bəhs edib. Demək olar ki, elmin bütün sahələrində əsərlər yazan Bəhmənyarın tibbə aid yazıları, əsasən, müəllimi İbn Sinanın kitablarına verdiyi şərhlərdir. Amma alimin özü də təbib kimi xeyli orijinal ideyalar irəli sürüb, müxtəlif xəstəliklər üçün fərqli üsullar təklif edib.

Əbdül Məcid Təbib –XIII əsrdə yaşamış bu mütəfəkkir dövrünün böyük təbibi hesab olunurdu. Onun “Dərmanlar haqqında kitab” əsərində psixiatriya, nevrologiya ilə yanaşı, tibbin bir çox digər mövzuları da araşdırılır.     

Mahmud İbn İlyas –Müsəlman dünyasında tanınan azərbaycanlı təbiblərdən biridir. Onun “Tibb elmini tam əhatə edən kitab” adlı əsəri Azərbaycanda təbabətə aid yazılan ilk fundamental kitabdır.

Təbib bu kitabda yüzlərlə dərman bitkiləri və başqa təbii müalicə üsulları haqqında məlumat verib. Kitabdakı orijinal müalicə üsulları İranda və başqa Şərq ölkələrində tətbiq olunub.

Yusif Xoylu –XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən idi.  O, Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub, orada tibb üzrə təhsil alıb, sonralar isə Bağdada üz tutub, orada xəlifələrin saray həkimi vəzifəsinə qədər yüksəlib. 1311-ci ildə Yusif ibn İsmayıl bütün Şərqdə şöhrətlənən “Cameyi-Bağdadi” (“Bağdad toplusu”) adlı əczaçılıq ensiklopediyasını yazıb. Kitabda bir neçə min dərman bitkisindən, mineral və tibbdə istifadə olunan heyvanlardan bəhs olunur.

Məhəmməd ŞirvaniŞirvandan Türkiyəyə köçərək orada saray həkimi  olan təbibin ən məşhur əsəri göz xəstəliklərinin müalicəsindən bəhs edən “Mürşid”dir. Bundan başqa o, qiymətli daşların şəfaverici gücündən xəbər verən “Muradın töhfəsi” adlı  kitabını Osmanlı sultanı II Murada ithaf edib. 

Həkim Məhəmməd Əmin Gilanın Lahican məntəqəsində doğulub. Təhsil almaq üçün Təbrizə yollanıb və burada tibb elmini məşhur Həkim Cəbrayil və Həkim Məhəmməd Bəqərdən öyrənib. Müəyyən müddət Təbrizdə həkimlik edib. Onun təsis etdiyi müalicəxana o qədər çox xəstə cəlb edirdi ki, başqa müalicəxanalar, demək olar ki, boş qalmışdı. O dövrdə Təbriz Osmanlıların işğalı altında idi. Təbrizin Osmanlı valisi də Həkim Əminin təcrübə və biliklərinə valeh qalmışdı və tez-tez ona müraciət edirdi. Məhəmməd Əmin səyahət etməyi xoşlayırdı. Bir gün o, Ruma (Türkiyənin Avropa hissəsinə red.) səyahətə çıxır. Səfərdən qayıdan zaman görür ki,  Şah Abbasın qoşunları Təbrizi Osmanlıdan alıb. Məhəmməd Əmin dərhal şahın hüzuruna yollanır ki, ona öz sədaqət və məhəbbətini bildirsin, lakin şahın soyuq münasibətindən təşvişə düşüb Gilana qaçır. Şah Abbasın qəzəbini başa düşmək çətin deyildi. Çox güman ki, Məhəmməd Əmin Osmanlı işğalçıları ilə əməkdaşlıqda günahkar bilinmişdi. Ona görə Məhəmməd Əmin bir daha Təbrizə qayıtmır və birbaşa Hindistana, Əbdürrəhim Hani-Hanan adlı bir xeyriyyəçinin sarayına üz tutur. “Məktəbi-Xoşməndan” (“Ziyalıların məktəbi”) adı ilə tanınan bu möhtəşəm sarayda Məhəmməd Əmin hörmətlə qarşılanır və bacarığı, tibbi səriştəsi və xoş xasiyyəti sayəsində böyük şöhrət qazanır.