İnsan hüquqları ilə bağlı fəlsəfi ədəbiyyatda və bir çox düşüncə platformalarında bir çox yanaşmalar mövcuddur. Amma bizi əsas düşündürən hüquqi anlayışların həm də siyasi, kültürəl və mənəvi əhəmiyyətidir.
2023-cü ilin noyabr ayında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc çıxışında çox maraqlı bir məqama toxunmuşdu. O deyirdi ki, 3 il əvvəl Birləşmiş Millətlər Təşkilatının, indi isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü qlobal sarsıntılar və böhranlar şəraitində keçir. Hər bir insanın – vətəndaşın hüquqlarının olması üçün o azad, milli və müstəqil ölkədə yaşamalıdır. Suveren ölkədə insanların dinc və təhlükəsiz şəraitdə yaşaması, firavan həyatı, sosial rifahı və hüquqları dövlət tərəfindən qorunur. Xalqımız əsrlər boyu milli azadlığa və müstəqilliyə can atıb. Ulu öndər Heydər Əliyev ötən yüzilliyin sonunda Azərbaycan xalqını xilas edərək bu fundamental haqqı gerçəkliyə çevirdi.
XXI yüzillikdə insan hüquqları yalnız hüquq və insan məsələsi deyil. Onu müxtəlif quruluş və mənafelərə alət ediblər. Cəmi 20-30 il əvvəl bir çoxları XXI yüzili insan hüquqlarının Zəfər əsri kimi təsəvvür edirdi. Lakin bu arzular tamamilə əksinə çevrildi. XX əsrin 60-cı illərində bir çox müstəmləkələrin Qərbi Avropa dövlətlərindən azad olması, ABŞ-da irqi ayrı-seçkilik hallarına qarşı aparılan inqilaba Ali Məhkəmənin ”başçılıq” etməsi dönüş yaratsa da, “soyuq müharibə” ideoloji qarşıdurmanı gücləndirdiyi üçün Bəyannamənin əvvəlki yubiley və ildönümüləri də qanlı müharibələr şəraitində keçdi.
Bu gün hüququn reklamçısı qismində çıxış edənlər kobud şəkildə insan hüquqlarını imperializmin qanlı-qadalı oyuncağı qismində o tərəf-bu tərəfə sürüyür. İnsan haqlarından danışan qüvvələr utanmadan onu istismar etməyə davam edir. Nəticədə istismarda yeni kültürəl imperializm anlayışı ortaya çıxır.
Mədəni imperializm kimi bir mövzunun düzgün başa düşülməsinə mane olan ən əsas şərtlərdən biri (hər şeydə olduğu kimi) bildiklərimizi araşdırmağı heç vaxt düşünməməkdir. Həmişə məni heyran edən Bekon kimi filosofların uzun illər əvvəl şübhəçiliyin əhəmiyyəti ilə bağlı yazdığı qalaq-qalaq yazılar bu gün də dünyamız üçün o qədər vacibdir ki…
Mədəni imperializm siyasəti tək bir mərkəzdən yaradılan siyasət(lər) deyil. Polisentrikdir. Bu siyasət(lər)i planlı şəkildə yaradanlar arasında bu məsələyə ciddi yanaşan və dövlətlərdən və özəl təşkilatlardan heyrətamiz miqdarda pul alan “düşüncə formalaşdıran təşkilatlar” (məsələn, beyin mərkəzləri) var. Bunlardan başqa dövlət qurumları bu işi planlı şəkildə kommunikasiya siyasəti, media siyasəti və təhsil siyasəti ilə təşkil edir və dəstəkləyir. Bu qüvvələrin ardınca gələnlər bu siyasət(lər)i yaratmaqdansa, dövriyyədə saxlamaq, yaymaq və onları istehsal etdikləri məhsul və əlaqələr vasitəsilə mənimsəmək işini görürlər. Uğur qazanan ölkələri diz çökdürmək üçün onların mədəni dəyərləri, milli identikliyi hədəfə alınır. Mədəni imperialist siyasətlər həmişə bizim üçün dəyərli olanı mənimsəməklə işləyir: “Demokratiyanı, azadlığı daim insan haqlarını tapdalamaqla, dünyanın hər yerində terror yaymaqla yanaşı, bütün bu arzulanan və axtarılan şeyləri qəsb edirlər”.
Bu gün baş verənlər mədəni qəsblərlə nüfuz agentləri yetişdirməyə fokuslanıb. İmperializmə qarşı savaşan dövlətlərin ədəbiyyatını, musiqisini, fəlsəfəsini ələ keçirib bu sahədə mövcud olan milli sərvətləri tarimar etmək də istilaçılığın bir növüdür. İstilaçılar qazanılan hərbi və siyasi zəfərləri məhv etmək üçün əllərindən gələni edirlər.
Kino, televiziya, radio, qəzetlər, jurnallar, reklam və ictimaiyyətlə əlaqələr sənayesi həm öz subyektiv mənfəətləri, həm də onları yaradan və dəstəkləyən ümumi sistem üçün idrak, düşüncə, emosiya, inam, gözlənti, üstünlük və davranışın geniş şəkildə idarə edilməsini həyata keçirir.
Mədəni imperializmi dəstəkləyən düşüncələrin, hisslərin və davranışların mütəşəkkil istehsalı və onların müxtəlif vasitələrlə dövriyyəsi “insan formalaşması” prosesinin başlanğıcıdır. Bu prosesin təkrarlanması və dövriyyədə olan şəxslərarası münasibətlər vasitəsilə yayılması lazımdır. Bunu geyindiyimiz, yediyimiz, içdiyimiz, bəyəndiyimiz, bəyənmədiyimiz, tərcih etdiyimiz və gündəlik həyatda nümayiş etdirdiyimiz hər şeylə edirik. Ona görə də burada bizim də adi vətəndaşlar olaraq diqqət etməli olduğumuz məqamlar var. Özəlliklə, qlobal tendensiyalara qarşı yeganə şüarımız bu olmalıdır: “Şübhə edirik!”
Mədəni imperializmin dili media işçiləri, reklamçılar, akademiklər, məşhur və etibarlı adamlar qiyafəsində gizlənən ikiüzlü fırıldaqçıların dilidir və dinləyiciyə nəyinsə yaxşı və faydalı olduğunu çatdırır. Bu dil bizə elə gəlir ki, sanki bizimdir, sanki bizim üçündür və yaxşı, doğru və ədalətli olanı təqdim edir. Bu vicdansızların tez-tez üzləri gülür, sözləri müsbətdir, vədləri bizi həyəcanlandırır. Qiymətləri, işsizlikləri, işdən çıxarılma ilə bizi qorxudan terrorlarını ölçü və qiymətləndirmə kimi təqdim edirlər. ABŞ, Fransa və kollektiv Qərb çox məharətlə bu siyasəti təlqin edərək xalqları aldatmağa cəhdlər edir.
Burada millət vəkili Zahid Orucun fikirləri bir daha acı reallığı bizə nümayiş etdirir:
“Müstəqillik tarixində torpaqların işğalı, ərazi bütövlüyünün pozulması bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn natamamlığı idi. Vətən müharibəsi İnsan Hüquqları Bəyannəməsinin 75-ci ildönümünə ən böyük töhfə oldu, çünki Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bir milyon köçkünün, eləcə də regionun və dünyanın ədaləti təcəssüm etdirən parlaq Zəfərini qazandı. İndi Böyük Qayıdış konstitusion haqlarına qovuşmağın təntənəsidir. Beləliklə, regionda və dünyada formalaşan yeni reallığın – insan haqlarının təminatının fərqli nümunəsi yaranıb”.
Lakin ölkəmizin suverenliyinin Xankəndi zirvəsindən sonra görürük ki, ABŞ, Kanada, Avropa Birliyi, xüsusən də Fransa və Almaniya, onların əlaltı dövlətləri necə ikiüzlü və məkrli siyasət aparır, açıq şəkildə bölgənin təhlükəsizliyinə zərbə vurur, fərdin hüququnu qorumaq adı altında millətlərin haqlarını məhv etmək üçün aqressiv addımlar atırlar.
Bəli, hər gün total hücumlar qarşısındayıq. Sual olunur: nədən qurucu atalar sayılan Cefersonların, Vaşinqtonların bəyan etdikləri azadlıq hüququ, doğma torpaqlarda yaşamaq haqqımız Konqres binalarında, Bundestaq və Senat salonlarında süngü ilə qarşılanır? Qərbin öz dəyələrini necə ayaq altına ataraq, hüquqlar üzərində geosiyasət, iqtisadi sömürgənlik apardığını hamı görür. Böyük hərbi yürüşlərin insan hüquqlarını qorumaq adı altında həyata keçirildiyi, arzuolunmaz rejimlərin devrildiyi və milli dövlətçiliklərin məhv edildiyinin şahidi oluruq.
Biz Deklarasiyanın 75-ci ildönümü qeyd edən hər bir dövlətdən soruşuruq: son 3 ilədək adı 82 milyonluq dünya qaçqın siyasında olan azərbaycanlıların öz milli hüqularını qan və can bahasına qazanmasını alqışlayırsızmı? Əgər cavabınız müsbətdirsə, elə isə o dəstək bəyanatlarını və təbrik mesajlarını harada vermisiniz? Dağılan 100 minlərlə evdən birinin bərpasını, ayrıca kəndin və yaşayış məntəqəsinin tikintisini öz üzərinə götürməyən BMT Təhülkəsizlik Şurası üzvlərinin 10 dekabrda dünyaya səslənməyə ixtiyarı varmı?
Siz bir Avropa dövlətinin Qarabağın quruculuğu üçün beynəlxalq donor konfransı təşəbbüsünü gördünüzmü? Halbuki ölkəmizin də humanitar dəstək verdiyi Ukraynada düşmən saydıqları Rusiyanın məğlubiyyəti üçün 232 milyard dollar xərcləyiblər. Bəs millətimizin suverenlik və bütövlük savaşına ABŞ, Fransa və Almaniyanın hansı hərbi-maliyyə dəstəyi olub? Bəlkə torpaq bütünlüyü müstəsna dövlətlərin sərəncamındadır?
Bəli, 21-ci əsrin tək qalib xalqı – azərbaycanlılara qarşı total kampaniya gedir. Kanada, Çexiya, İspaniya, Lüksemburq və əvvəllər neytrallıq saxlayan bir çox irili-xırdalı ölkə Qafqazı xəritədə göstərməkdə çətinlik çəkən öz vecsiz hakimiyyətlərinin hər addımda anti-Azərbaycan qərarını görür. Belə çıxır ki, suverenlik biriləri üçün toxunulmazlıq, digərləri üçün cəzadır. Məgər Azərbaycan və onun lideri dünyada ədaləti təmin etdiyi üçün ən yüksək mükafata layiq deyilmi? Sovetlər Birliyinin rəhbərlərinə etiraz üçün meydanlara çıxan azərbaycanlıları “Time” jurnalı “ilin xalqı” seçib ideoloji düşmən saydığı quruluşun dağılmasına dəstək vermişdi. Bəs indi işğala son qoyan bir milləti 21-ci əsrin hələ ki, tək və bir nömrəlisi elan etməyə kim mane olur?
Mədəni imperializmin siyasi avanqardları üçün Azərbaycan timsalında qalib ölkələri istismara məruz qoymaq insan hüquqlarının açıq-aşkar tapdalanmağı fonunda baş verir.
Qərbin total təhlükələrinə qarşı ayıq-sayıq olmalıyıq.
İndi hər birimiz həm də bir mədəniyyət təəssübkeşiyik.