Türk dünyası birlikdə güclüdür
Boz qurd müqəddəslik və azadlıq ruhunun daşıyıcısıdır. Əli bəy Hüseynzadə azadlığa çağıran ruhu nəzərdə tutaraq yazırdı ki, 1918-1925-ci illər arasında türkün boz qurdu peyda olmuşdu: “Orta Asiyada müstəqillik uğrunda mübarizə gedir, müstəqil əmirliklər yaranır. Güney Azərbaycanda müstəqil dövlət yaranır. Bütün dünyada çalxalanma var”.
Əli bəy Hüseynzadənin sözlərinə görə, türklər azadlığın təcəssümü olan boz qurdun – azadlıq idealının dalınca getmədilər və boz qurd küsüb uzaqlaşdı: “Ancaq əsrimizin sonunda o boz qurd bir də gələcək və XX əsrin sonu türk əsri olacaq”.
Bu, Əli bəy Hüseynzadənin sözüdür: “Ələ düşmüş növbəti fürsətdə də türklər onun arxasınca getməsələr, öz azadlıqlarını, birliklərini həll etməsələr onları faciədən daha heç kim qurtara bilməz, ancaq inanmaq istərdim ki, türklər bu dəfə ayıq olub onun arxasınca gedəcək, müstəqillik qazanacaqlar”.
İyulun 6-da Şuşada Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu görüş Türk Dövlətləri Təşkilatının vahid ruhunun gücləndirilməsinə özünəməxsus töhfə vermiş oldu. Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa zirvəsinin türk dünyasının birliyinə qarşı olanları narahat etməsi təəccüblü deyil, əslində, gözlənilən idi. Çünki TDT-nin qlobal güc mərkəzlərindən birinə çevrilməsi prosesinə şahidlik edirik və bu, türk dünyası ilə yanaşı, bu təşkilatın çətiri altındakı hər bir ölkənin milli maraqlarına xidmət edir. TDT-nin güclənməsini qəbul etməyən mərkəzlərin olduğu bəllidir. Macarıstanın Baş naziri Viktor Orbanın TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirakına Qərbin məlum dairələri tərəfindən göstərilən münasibət dediklərimizə əyani sübutdur. Əvvəla, Şuşa zirvəsindən narahatlıq keçirən Qərbdəki türk əleyhdaları Macarıstanın Avropa İttifaqı üzvü olmasını əsas arqument kimi istifadə edir. İkincisi, Orbanın müstəqil siyasəti Avropada müəyyən mərkəzləri narahat edir. Elə buna görə də türk əleyhdarları lobbisi Şuşa zirvəsini macar Baş nazirin üzərindən hədəfə almaqla həmin mərkəzlərin də dəstəyini qazanmağa çalışır. Üçüncüsü, Macarıstanın TDT-də təmsil olunması türk dövlətlərinin əlini gücləndirən amildir, Yunanıstan və Ermənistan, ümumilikdə antitürk mövqeyində olan mərkəzlər bundan narahat olurlar. Misal üçün, bir müddət öncə Macarıstan Ermənistanın silahlandırılması məqsədilə Avropa Sülh Fondundan 10 milyon avro yardımın ayrılmasına veto qoymuşdu. Bu, rəsmi Bakının Avropadakı mövqelərini gücləndirir. Eyni zamanda, Macarıstanın TDT-də olması Şimali Kipr Türk Cümhuriyyətinin tanınması prosesində Avropa İttifaqına üzv ölkənin də iştirakı deməkdir.
Artıq Azərbaycan özünün xarici siyasətinin prioritet istiqamətini müəyyənləşdirib. Belə ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Bu istiqamətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin səyləri də dəyərləndirilməlidir. Bu üç siyasi lideririn milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verilir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında mühüm rol oynayıb.
TDT-nin dünya miqyasında güc mərkəzinə çevrilməsi üçün maliyyə vəsaiti və siyasi iradəyə ehtiyac var. Bunun üçün siyasi iradəni hazırda türk dövlətlərinə rəhbərlik edən siyasi liderlər göstərməlidirlər. Bu istiqamətdə işlər yüksək səviyyədə gerçəkləşdirilir. Təəssüf ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Bunu anlayan Azərbaycan dövləti bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Gücə çevrilmək üçün dayanıqlı maliyyə vəsaiti ilə təmin olunmalısan. Bu mənada TDT-də olan dövlətlərin hər birinin yetərincə maliyyə vəsaiti vardır.
Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Son illər Azərbaycanın türk dövlətlərinə, onların liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi də türk dünyasının birliyinə xidmət edən addımlar sırasındadır. Son zirvə görüşünün özəlliyi ondan ibarətdir ki, Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalası Şuşa daha bir tarixi hadisəyə şahidlik etdi. Şuşadan mühüm çağırışlar səsləndirildi. Bir daha vurğulandı ki, XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır. Bu sammitin nəticələri, xüsusilə Türk dövlət başçıları tərəfindən imzalanan Qarabağ Bəyannaməsi, regionda geosiyasi vəziyyətə təsir göstərəcək, türkdilli dövlətlər arasında həmrəyliyi gücləndirəcək və onların əsas məsələlər üzrə kollektiv mövqeyini möhkəmləndirəcəkdir.
Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində türk dövlətlərinin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.
TDT üzv ölkələrin liderləri Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərə söykənən ailə olduğunu hesab edərək, həmçinin bəşəriyyət tarixində türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzalayıblar. Bu sənəd türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir.
Bəli, tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və “tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə tarixidir ki, azad olunmuş türk torpaqlarında keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan “Qarabağ Bəyannaməsi” isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.
Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib – Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki, Türkiyə və Azərbaycan üçün səslənən “bir millət, iki dövlət” ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Son olaraq, İranda keçirilmiş prezident seçkiləri haqqında bir neçə kəlmə qeyd etmək istərdik. Bəzi ekspertlər tərəfindən Pezeşkianın prezident seçilməsini İranda “türk əsri”nin başlanması kimi təqdim edilir. Təbii ki, bu yanlışdır. Çünki Pezeşkian uzun müddət İrandakı hazırkı sistemə xidmət edən şəxsdir. Buna görə də, onun hansısa radikal addımlar atacağı gözlənilmir. Amma Pezeşkianın türk kökənli olmasını xüsusi ilə qabartması, ailədə türk dilində danışdıqlarını deməsi yeni dövrün başlanğıcı kimi xarakterizə edilməlidir. Sadəcə müəyyən hərəkətlilik müşahidə edilə bilər. Artıq Ali dini rəhbərliyin cızdığı cizgilərdən kənara çıxılıb. Bu da İranda yaşayan xalqların oyanışından xəbər verir.
Tanrı Türkə yar olsun!
Elçin Bilaloğlu