Köşə Yazıları Ləman Vahid

Yadlar gəlib doğma olur, yaxın olur…

Doğma olmaq üçün qan bağı önəmlidir, yoxsa mənəvi bağ? İnsan qan bağı olmadığı insanları sevə bilərmi?

Sevə bilər, amma necə?

Mərhəmətlə, sevgiylə, vicdanla, Allah yolunda durmadan döyünən ürəklə hər kəs sevə bilər. Amma necə deyərlər, bu, hər igidin işi deyil.

Biz bəzən sevgini, sevməyi, doğmalıq hissini yanlış anlayırıq. “Bizim üçün doğma kimdir?” – deyə soruşulduqda qanı qanımızdan, canı canımızdan olan yaxınları, qohumları deyirik. Çünki “doğmalıq hissi yalnız eyni qanı daşıdığın insanlar arasında olmalıdır” fikri uşaq yaşlarımızdan bizə təlqin olunub. Zaman keçdikcə anlayırıq ki, bu fikirlər bəzən bizi yanılda və zamanla saxta hal ala bilir. Bəzən elə “doğma”lar olur ki, onlarla sənin aranda uçurum olur. Bəzən də elə “yad”lar olur, onlara mənəvi bağlarla elə bağlanırsan ki, o zaman anlayırsan, o, anan, atan, bacın, qardaşın qədər sənə əziz və doğmadır. Doğmalıq hissi elə bir şeydir ki, uzaqda olsan da, uzun müddət görüşməsən də, istəmədən arada məsafələr yaransa da, qəlbindəki sevgi və hörmət nəinki azalıb yox olur, əksinə günü-gündən aşıb daşır. Amma elə “doğma”lar olur ki, hər gün bir yerdə olsan da, nə o səni başa düşür, sənə həmhal olur, nə də sən onu anlayırsan. Çünki insanın insanı sevməsi yox, ruhun ruhu sevməsi və anlaması önəmlidir. Burada Şəms Təbrizinin sözlərindən sitat gətirərək “Göz xoşuna gələni, ağıl onu anlayanı, ruh da özünə bənzəyəni sevər” fikrini qeyd etmək istəyirəm. Çünki bəzi ruhlar bəzi ruhlara əvvəldən aşinadır, tanışdır. Buna görə də deyilir ki, qəlbim ilk andan isindi sənə. Bu isə həmin insanlara ta əzəldən mənəvi bağlarla bağlanmaq deməkdir.

Biz o qədər “mən”, “mənim ailəm, yaxınım, tanışım…” ifadələrini mənimsəmiş və onları böyük şücaətlə özümüzdən sonrakı nəsillərə miras ötürməyə çalışmışıq ki, elə bilirik, həyat ancaq “mən”in ətrafında çarx kimi dönür. “Mən” yox, “biz” deməyi bacaranda insanlar anlayır ki, əsl önəmli olan mənəvi bağlardır. O sehirli bağlar ki, bir qəlbdən digərinə nüfuz edir və həmin qəlblərdə kin, nifrət, ədavət, yalan, günah, pis niyyət və s. baş qaldırmır. O sehrli bağlar ki, sənə dəyər verən, sevincinə səndən çox sevinib kədərinə sənin qədər pis olan, doğru yolda yol almağı öyrədən və ən əsası səni Yaradana yaxınlaşdıranlardır. İnsan dəyər gördüyü, anlaşıldığını hiss etdiyi yerdə günü-gündən kök atmağa, ora bağlanmağa başlayır. Sevgi səni olduğun kimi sevən, səni dəyişdirməyə çalışmayan, ağzını açıb bir kəlmə deməsən belə, gözlərinin içindəki durğunluqdan, dalğaları ilə gəmini o yana-bu yana sürükləyən asi fırtınalar kimi gözlərində coşub daşan hisslərə həmhal olmaqdır. Bax həyatda bu cür insanlar nadir tapıntılardır və onlar hər şeydən – qızıldan, var-dövlətdən daha dəyərlidir, çünki onlar bahabiçilməzdir. Bu insanlarla qarşılaşdıqda onların dəyərini bilməyi bacarmalıyıq. Unutmayaq ki, insanların bizim həyatımıza daxil olması, onlarla tanışlıq təsadüfi deyil, bu uca Yaradanın hikmətidir. Həyatımıza yeni gələn və ya həyatımızdan çıxan hər insan bizə nə isə öyrədir. Biz istəsəkdə, istəməsək də, onları ömrümüzün sonuna qədər unuda bilmirik. Yazı daşa həkk olunan kimi onlar da ürəyimizin dərinliklərinə sevgiləri, qayğıları, nəvazişləri ilə həkk olunublar.

O zaman anlayırsan ki, həyatda bəzən yadlar gəlib doğma olur, yaxın olur…