(ixtisarla)
Göydə qurub çağı da, dan yeri də gözəldir,
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat bir cıdır düzü, bir döyüş meydanıdır,
Hər kəsi öz cürəti, öz hünəri tanıdır!
Bu meydanda, heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağramaz başım”, – deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər,
Əsl könül həm qəmi, həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinc axtaran daim qəmə tuş olur.
Qardaş, min duyğu ötsün ürəyindən bir anda,
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül,
Gülsən də, ağlasan da, tamam doysun qoy könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm, ən uca zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin,
Onun qasırğasına, dalğasına vurğunam!
Qoy döysün yağış məni,
boran məni,
qar məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm, həyatım sakitcə bir otaqda
gəlib-keçsin lal kimi…
İstəyirəm, döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyrçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
Bəxtiyar Vahabzadə