HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda, Hizbullahın hərbi komandirlərindən, təşkilatın lideri Həsən Nəsrullahın sağ əli kimi tanınan Fuad Şükr isə Beyrutda öldürüldü. Bir-birinin ardınca təşkil edilən bu sui-qəsdlər dünyadakı hadisələr, xüsusən Yaxın Şərqdəki qanlı qarşıdurmalarda mövcud gərginliyi tamamilə artırdı. İsrail 24 saat ərzində baş tutan bu sui-qəsdlərlə tək Hizbullah və HƏMAS-a deyil, İrana, Suriyaya və Yaxın Şərqdəki bütün rəqiblərinə meydan oxudu. Ancaq bu meydan oxuma bəsit bir hərbi-siyasi addım olaraq qalmayacaq. İranın, Hizbullahın və bölgədə İranın kordinasiya etdiyi proksi qüvvələrin hazırlıq səviyyəsinə gətirilməsi daha ciddi əməliyyatlara hazırlıqlardan xəbər verir.
Belə olan halda isə günlərdir hər kəsi maraqlandıran bir sual ortaya çıxır: İran İsraili vuracaqmı? Bu halda hadisələr İran–İsrail müharibəsinə çevrilə bilərmi?
Uzun şərhə ehtiyac yoxdur. Madam ki, hadisələr bu nöqtəyə gəlib, İran İsraili vurmalıdır. Xüsusilə İsmayıl Haniyə kimi Fələstində azadlıq simvolu qəbul edilən bir rəhbərin Tehranda, SEPAH-ın qoruması altında sui-qəsdə qurban getməsi İranın dövlət imicinə zərbə vurdu.
Tehranda fikirləşirlər ki, belə ağır bir durumu ancaq bir yolla düzəltmək olar – İsrailə daha ağır zərbə vurmaqla! Ona görə də İranın İsrailə zərbə endirməsi artıq istək yox, zərurətdir. Bunu etməyəcəyi təqdirdə, hər halda hər kəs üçün İranın özünü dövlət adlandırması ilə, adlandırmaması arasında fərq qalmayacaq.
Bəs, yaxşı, İran niyə hələ də zərbə endirmir? Gəlin xatırlayaq. Bir neçə ay əvvəl, İran İraqdakı səfirliyinin vurulmasına cavab olaraq İsrailə raket yağışı başlatdı. Yüzlərlə raket atıldı, ancaq bir iki fəsadı nəzərə almasaq, İsrailə ciddi zərər dəymədi. Bu isə İsrail ilə bərabər onun müdafiəsinə qalxan Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının məharəti idi.
Yəni rəsmi Tehran həmin hadisədən dərs çıxarıb. Hər nə qədər mütəşəkkil hücum etsə də, bu hücumun de-fakto koalisiya qurmuş ABŞ, Britaniya və İsrailin birlikdə dəf edəcəyini bilir. Ona görə də tələsmir, bu dəfə daha detallı plan qurur, hücumun İsrail üçün daha ağır fəsadlara yol açmasına nail olmaq istəyir.
Yadınızdadırsa, bir neçə gün əvvəl Rusiyadan İrana hərbi texnika daşıyan təyyarələrin endiyi barədə məlumatlar yayıldı. Ardınca İranın Rusiyadan ən effektiv raketlərini və hava hücumundan müdafiə sistemlərini, eyni zamanda Su-35 kimi qırıcılarını istədiyi bildirildi. Yəni Tehran anlayır ki, Britaniya və ABŞ-ın müdafiə etdiyi İsraili öz hərbi imkanları ilə cəzalandırmaq mümkün olmayacaq.
Həmçinin İran İsraili cəzalandırarkən Qərblə qarşıdurma yaşamaq istəmir. Körfəzdə İranın məğlubiyyətə uğramasını, ən azından ağır zərbələr almasını gözləyən ərəb dövlətləri var. Onlar anında mübahisəli ərazilərdən tutmuş tranzit layihələrə qədər bütün strateji məsələləri öz xeyrlərinə həll etmək üçün fürsət əldə etmiş olacaqlar.
Fərqindəsinizsə, ərəb dövlətlərindən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi əsas dövlətlər nə Fələstin davasında, nə də mümkün İran–İsrail müharibəsində din qardaşlarını dəstəkləyirlər. Çünki onların maraqları dini prizmadan hesablanmır, dövlət maraqlarını üstün tuturlar. Bu isə İsrail və İranı savaşdırıb birini digərinin əli ilə məhv etməkdir.
Bir də Rusiya faktoru var. Rusiya kollektiv Qərb ilə mübarizədə ciddi sınaq verir. Məğlub olmur. Hətta hər gün az da olsa, Ukraynadan torpaq qoparır. Ancaq bu, Pir qələbəsindən başqa nəsə deyil. Çünki Rusiyanın Ukraynadan qopardığı torpaqlar sadəcə regional çərçivədən uğur sayılır. Qlobal Qərb nə itirir ki? Əksinə, onlar qazanırlar. Ona görə ki, Rusiya kimi böyük bir dövlət artıq 2 il yarımdır ki Ukraynada vaxt və güc itirir.
Moskva bunun fərqindədir. Çalışır ki, Qərbin başının qarışacağı və efor sərf edəcəyi daha qlobal bir münaqişə yaratsın. Bu məqsədə çatmaq üçün Yaxın Şərqdən daha effektiv variant ola bilməzdi. Haniyənin ölümünün mistik sirləri də bu kimi məsələlərdə özünü büruzə verə bilər. Haniyənin ölümü İranı mat qoydu.
İndi İranın İsrailə hücum etməkdən başqa vairantı qalmır. Yəni Yaxın Şərq Ukraynadakından daha qlobal xaosla üzləşə bilər. Amma bu o demək deyil ki, hər şey Rusiyanın planıdır. Ola da bilər. Ancaq bütün ehtimallar təkcə Rusiyanı da göstərmir. Qlobal qarşıdurmanın Ukraynadan Yaxın Şərqə keçməsi ən başda Kiyevə sərf edir. Bir də onun əsas dəstəkçilərinə. Bu ehtimalda isə bütün oxlar Britaniyanı göstərir.
Bəlli məsələdir ki, Qərb nə Ukraynanın, nə də Rusiyanın qələbəsini istəyir. Ona görə də ona lazım olan səviyyədə deyil, situasiyanı qoruyacaq səviyyədə dəstək verir. Prosesi belə saxlayıb illərlə Rusiyanın başını qatmaq istəyirlər. Amma planları alt-üst edən dəyişikliklər ehtimalı yaranıb. Əgər ABŞ-da Donald Tramp yenidən prezident seçilərsə, bu halda Vaşinqtonun Ukraynaya əvvəlki kimi dəstək verəcəyi mümkün görünmür.
Yəni Ukraynanın müdafiəsi və mövcud status-kvonun qorunması üçün bütün xərclər Qərbin üzərində əlavə yük kimi qalacaq. Amma London hesablayır ki, münaqişə Yaxın Şərqə keçsə, yenə əsas xərc ABŞ-ın üstünə düşəcək, Ukraynada isə əməliyyatlar nisbətən azalacaq. Çünki Rusiya Qərb blokunun Yaxın Şərqi tam nəzarəti altına almasına hər nə yolla olur-olsun mane olacaq.
Bu nüansları aydınlaşdırdıqdan sonra əsas suala tam miqyasda cavab vermək az-çox mümkün olur. İran İsrailə hücum edəcəkmi?
Bayaq da dediyimiz kimi, elə situasiya formalaşdırdılar ki, İran dövlət nüfuzunu qorumaq üçün İsrailə cavab verməyə məcbur qalıb. Amma paraleldə də dünyadakı ümumi geosiyasi mühiti doğru qiymətləndirir.
Yaxşı bilir ki, onu İsrail ilə savaşa sürükləmək istəyənlər Yaxın Şərqi Ukrayna örnəyində olduğu kimi poliqona çevirməyə çalışırlar. İsrail ABŞ və kollektiv Qərbdən dəstək alacağı üçün Tehran da Rusiya və Çinin dəstəyinə möhtac qalacaq. Bu isə, Səfəvilərin, Qacarların, Ağqoyunluların, Səlcuqluların, Qaraqoyunluların min ildir əzəmət gətirdiyi İranın “proyekt dövlətə” çevrilməsinə səbəb olacaq.
İranın zərbə endirməsi də məhz bu səbəbdən gecikir. Tehran çalışır ki, zərbə endirərək nüfuzunu qorusun, amma bu zərbələr qlobal qarşıdurmaya keçid verməsin. Bəs buna nail ola biləcəkmi? Hər halda növbəti gedişatlar bu sualı da cavablandırmağa imkan verəcək.