Burkina Faso – bu ölkə də digər Afrika ölkələri ilə ortaq taleyi – bilinməmək, eşidilməmək, görülməməyi yaşayır. Digər dünya dövlətlərinin Afrika dövlətlərinə münasibətini xarakterizə edən məhz bu xüsusiyyətlərdir.
1897-ci ildən etibarən 63 illik bir müddətdə Fransa dövlətinin müstəmləkəsi olmuş bu Qərbi Afrika ölkəsinin adı müstəqillik qazandığı 1960-cı ildə Burkina Faso deyil, Yuxarı Volta olmuşdur. Müstəqil elan edildikdən sonra fransız müstəmləkəçiliyi rəsmi olaraq sonlanmış hesab edilsə də, qeyri-rəsmi olaraq davam etmiş, ölkə bu istismar prosesini iliklərinə kimi duymuşdur. 1960-cı ildən etibarən Burkina Fasoda hakimiyyət dəyişiklikləri həmişə hərbi çevrilişlə olmuş, bir diktator digərini əvəz etmiş, güclü Fransa dövlətinin “himayəsində” onun göstərişləri icra olunmuşdur.
Digər Afrika ölkələri kimi təbii ehtiyatlarla zəngin olmasa da, ölkə ərazisində olan maqnezium, qızıl və sink yataqları həmişə “sərvət ovçusu” olan dövlətlərin, xüsusilə də Afrika qitəsində bu barədə mütəxəssisə çevrilmiş Fransa dövlətinin diqqətini cəlb etmiş və onun “caynaqlarının” həmişə bu ölkənin üzərində olmasına səbəb olmuşdur.
Üsyanlara, kütləvi iğtişaşlara, qətliamlara, soyqırımılara şahid olmuş Afrika xalqları üçün “Sapları özlərindən olan baltalar” tərəfindən idarə edilmək, əzilmək, tapdanmaq, qovulmaq heç də təəccüblü deyil. Burada təəccüblü olan müstəmləkəçi rejimə baş qaldırmaq, xalqın maraqlarını öz şəxsi maraqlarından üstün tutan bir iqtidar tərəfindən idarə edilməkdir. Bu ona görə təəccüblüdür ki, bu ölkələrdə formalaşmış cəmiyyətlərdə şəxsi maraqlar, adətən, xalqın maraqlarından üstün tutulmuş, hakimiyyətdə qala bilmək üçün “himayəçi” dövlətin göstərişləri qeyd-şərtsiz icra edilmişdir. Bu göstərişlər öz soydaşlarının əleyhinə olsa belə, Afrika rəhbərləri üçün əsas amal öz mənfəətlərinə – hakimiyyətdə qalmağa xidmət etmək olmuşdur.
Lakin 1983-cü ildə Yuxarı Voltada hərbi çevrilişlə hakimiyyətə gəlmiş Tomas Sankara sələflərinin apardığı siyasətə tamamilə zidd bir görüş ortaya qoydu və bir anda dünya ictimaiyyətinin diqqətini öz ölkəsinə yönəltməyi bacardı. Hakimiyyətə gəldiyi ilk andan etibarən Fransa və digər Qərb ölkələrinə kürək çevirən Sankara ölkəsinin inkişafı və xalqının rifahı üçün bir sıra islahatlar həyata keçirməyə başladı. Xüsusilə hüquq və təhsil sahəsində islahatlara başlayan Tomas Sankara özündən əvvəlki iqtidarlarda məmur işləmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etdi, tayfa başçılarının əhalidən özləri üçün qanunsuz vergilər toplamasının qarşısını aldı. Ölkənin sürətlə çölləşməsinin qarşısının alınması üçün meşələrin qırılması qanunla qadağan edildi. Hakimiyyətə gəlişini sosialist inqilabı kimi qiymətləndirən Tomas Sankara bu inqilabın bir illik yubileyində, yəni 1984-cü ildə ölkəsinin adını “ləyaqətli insanların yaşadığı ölkə” mənasını verən Burkina Faso olaraq dəyişdirdi. Siyasi hakimiyyəti dövründə qadınların dövlət idarəçiliyində iştirakına şərait yaradan Sankara qadın hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirdi. Onun hakimiyyəti illərində Burkina Faso AİDS-ə (qazanılmış immun çatışmazlığı sindromu) rəsmi olaraq “yox” deyən ilk Afrika ölkəsi oldu. Ölkədə yerli məhsulların istehsalını inkişaf etdirmək məqsədilə dövlət məmurlarının xarici marka parçalardan tikilmiş paltarlar geyinmələrini qadağan etdi və yerli parçalardan tikilmiş milli geyimlərə üstünlük verdi. Məmur özbaşınalığının qarşısının alınması və əlavə xərclərin məhdudlaşdırılması üçün qabaqlayıcı tədbirlər görüldü…