Fidan Vahid Köşə Yazıları

Atamın bizə demədikləri

Düşünürəm ki, yaşam sürəcindən asılı olmayaraq insanlara bir ömür uzunu kifayət edəcək tərbiyə prosesi qısıtlı bir neçə cümlədən, tətikləyici az qisim olaydan ibarətdir. Ona görə də valideynlərin, böyüklərin övladlarına saatlarla “mühazirələr” deməsi həmişə mənə cansıxıcı, bezikdirici gəlib. Uzaqdan seyr etmək belə bu qədər yorucudursa, o uşaqların aqibətini düşünə bilmirəm, açığı. Geriyə boylanıb öz ailəmi, sevdiklərimi, müəllimlərimi bircə-bircə xatırlayanda gələcəyimə yön verən bəzi cümlələr xatirimdə canlanır, çətin anlarımda yoluma işıq saçır. İndi dəqiqliklə bilirəm ki, onların heç biri düşünülmüş addım, planlaşdırılmış fikirlər deyildi. Sadəcə doğru zamanda, doğru insan tərəfindən deyilmişdi. Belə adi dərslərimdən birini sizinlə bölüşmək istəyirəm.

Təxminən, on iki ya on üç yaşım olardı. Bacımın da səkkiz ya doqquz yaşı. Atamın maşınında harasa gedirdik. Atam, bacım və mən. Açığı, üstündən çox zaman keçib. Ha düşünsəm də, hara səfər etdiyimizi xatırlamıram. Kəndimizin ana yolunu ötürdükdən sonra məzarlığın yanından keçirdik. Gün başımızı, üz-gözümüzü döyməsin deyə şüşələri bağlamışdıq. Məzarlığın yanından keçəndə gördük ki, qoca bir dayı yol qırağında qan-tər içində çalışır. Deyəsən, torpağı bellə yumşaldırdı ki, yeni ağac növləri əkilsin. Allah o dayıdan razı olsun. İndi məzarlığın dörd bir yanı iri-iri ağaclarla örtülüdür. Ata maşınla kişinin yanından keçəndə səsli şəkildə “Allah köməyin olsun, yorulmayasan” deyə səsləndi. Bacı da, mən də arxa oturacaqda uğunub getdik. Dediklərinə görə yox, biz də kimisə çalışan görəndə belə davranırdıq. Məsələ o deyildi. Əgər ata maşını saxlayıb, şüşəni aşağı çəkib desəydi, belə bir situasiya alınmazdı. Çünki indiki halda dayı bu sözləri, mümkün deyildi, eşidə bilməzdi. Amma atam elə ürəklə, sevgilə davranmışdı ki, özümüzü saxlaya bilmirdik… Görünür, ön şüşədən bizim şıltaqlığımızı görürmüş. Dayana bilmədim, ürəklənib soruşdum gülə-gülə. O da cavab verdi ki, bunu qoca dayı eşitsin deyə yox, öz vicdan borcu üçün edib…

On il əvvəl də təxminən indiki kimi hiss etmişdim ki, bu sözdə, davranışda çox nəcib, incə bir nüans var. Bu həm atamın böyük imanından xəbər verirdi, çünki o əmin idi ki, bağlı şüşələr arxasında olsa belə, onun səsini eşidən, duyan var idi… Həm də məhz öz könül xoşluğu üçün bu addımı atmışdı.

O xatirənin əzizliyi ilə bu günümə baxdıqda görürəm ki, mənim zəmanəmdə hər şey, istisnasız hər şey sərgi eksponatı, hər yer sərgi muzeyləridir. İnsanlar nəyisə etmək üçün mütləq qırmızı xalçalara, üzlərinə-gözlərinə tuşlanan ekranlara, alqışlara bərabər sayılan layklara alışıblar. Hətta birinci göstərirlər, sonra edirlər. Xoş sözü söyləməzdən, layiqli işi görməzdən qabaq əmin olmaq istəyirlər ki, bunu hamı biləcək. Günümüz statistikalarında guya özünübəyənmiş, narsist insanların sayı gün-gündən artır, fəqət gerçəkdə özü üçün sevən, sevilən, gülən, güldürən, düşünən, yaşayan insanların sayı get-gedə azalır…

Fəqət bu nəhayətsiz həyat göstərisini bitirmək də yenə bizdən asılıdır. Dünənimizin kiçik bir xatirəsi belə bəzən sabahımıza yön vermə gücündədir. Zira uğurlu istiqbal, bəxtiyar yaşam özə qayıdışdan, bilinçli öz sevgidən başlanır. Atalarımızın bizə demədiklərində gizlənən, ruhumuza hopan sevgidən…