“Sirrim fəryadımdan uzaq deyil, lakin hər göz və qulaqda bunu duyacaq nur yoxdur…”
Mövlana Cəlaləddin Rumi
Bu həyatda səsində, sorağında olduğumuz insanlar var…
Ehtiyac duyduğumuz, fikir və düşüncələrindən bəhrələndiyimiz, bəlkə də, sadəcə sevdiyimiz insanlar…
Onların səs-sədası hər zaman qulağımızdadır, qulaq yaddaşımızda…
Səsin ünü…
Səsin də sirri var, sirdaşı var…
Elə səslər var ki, onlara aşina qulaqlar var. Daha heyrətlisi odur ki, səsə aşina qəlblər də var…
Bu həyatda daha çox itirdiyimiz səslərin arayışındayıq!
“İtki dərddir”. Əgər tapmamısansa, sağalmayan dərddir…
Yaxşı, bəs dərdlənmək çarədirmi?
Sən demə, çarə də dərdin içindəymiş…
Dərman aradım dərdimə, dərdim bana dərman imiş,
Bürhan sorardım aslıma, aslım bana bürhan imiş…
N.Misri
Alimlərin fikrinə görə, ana bətnində ilk inkişaf edən, formalaşan orqanlardan biri qulaqdır. Demək ki, eşitmək, duymaq bir çox şeylərdən öndədir insan oğlu üçün. “Eşit!”, “Dinlə!” Bu sözləri boş yerə tez-tez duymuruq. Qulaq asmaq ünsiyyətin ilkin mərhələsidir.
Qulaq eşitməyə, göz görməyə məftundur. Bir eşidə bildiklərimiz, bir də eşitmədiklərimiz var… İnsan eşidə bilmədiklərinin də izindədir…
Türkiyəli ədəbiyyatşünas-şair Nihad Tarlanın bu minvalda maraqlı bir hekayəsi var: “Dağıstanda bir gənc oğlan yaz fəslində ucqar bir kəndə qonaq gedirmiş. Uca dağların, ucsuz-bucaqsız təpələrin ətəyindən keçərkən yamaclardakı min bir çeşid çiçəkləri, gülləri görüb valeh olur. Xəfifdən əsən küləyin də mehi bu rəngarəng çiçəkləri bir-birinə qataraq seyrinə doymadığı müdhiş bir tabloya–rənglər harmoniyasına çevirir.
Bu ecazkar gözəllikdən təsirlənən gənc uca səslə qeyri-ixtiyari bağırmağa başlayır: “Hardasan, ey rəngkarların ən gözəli? Hardasan?..”
Bu səs ucsuz-bucaqsız dərələrdə, vüqarlı dağların ətəklərində əkssədaya çevrilir. “Hardasan, ey rəngkarların ən gözəli? Hardasan?..” Və gənc oğlan bu səs-sədanın izi ilə bir ömür boyu hikmət axtarışına çıxır…”
Alman filosofu Karl Yaspers deyir ki, hikmət axtarışında olmaq yolda olmaqdır. Yəni insan hikmətlə düşünməyi bacarırsa, həyatı hikmətlə oxuyursa, axtarırsa, məna arayışındadırsa, sözə, səsə diqqət kəsilibsə, demək, yoldadır…
Yolda olmaq hədəfə bağlanmaqdır. İstiqaməti düzgün götürərək yönünü Haqqa çevirməkdir.
“Hikmət və dəyərli bilgi (elm) möminin itirilmiş malıdır. Harada tapsa, götürsün, alsın…” (hədis)
Bu söz əmin, etibarlı insana – arayana “Hikməti hansı məcrada, hansı ərazidə və hansı sözdə olursa-olsun, sözün sahibinə baxmadan onu əldə et!” əmridir. “Hikmətlə, elmlə baxdırana, söz söyləyənə, çağırışa, o səsə qulaq ver, dinlə!” deməkdir.
Yer üzərində ən böyük çağırışçılar insanlığın xilaskarlarıdır. Bu çağırış, səsləniş varlığın, ələlxüsus insanın qəlbinin sirli-sehrli açarıdır.
Eşitdiklərimiz və duyduqlarımız…
İnsan hər eşitdiyinə məhəl qoymaya bilər. Hər eşitdiyimiz bizi qəflət yuxusundan oyatmaya bilər. Hər səs də eşitdiyimiz doğru səs olmaya bilər…
Yanlış səsə qulaq verənlərin öz səslərinin də ritmi yanlış vurar.
Qəlbində xəstəlik (nifrət, kin) daşıyanlar bunu gizlətməyə çalışsalar da, səsləri onları ələ verər!
Qəlbi təmiz olanların, paklananların, ilahi sirlərə ruhu və qəlbi açıq olanların səsi isə könül oxşayar, insanlara düzgün ritm aşılayar. O səsdən duyduqlarımız anladıqlarımıza qapı açar.
Həqiqət duyulduqca, qulaqlar onun sədasına alışdıqca iç səs də mərifət boyasına bürünər. Bu daxili səs onu tərk etməyəcək bir ilham mənbəyinə qapı açar, yoluna işıq olar. Artıq o səsin mənbəyi nur dəryasından su içər.
Əks halda, eşitdiklərimiz fısıltıdan başqa bir şey olmaz. Qulağa ağır gələn, duymağı əngəlləyən gurultu və məkrli fısıltı…
O zaman eşitməyin sehri də pozular… Eşidər, amma karlıq sindromu yaşayar. Beləcə, Həqiqət pərdələnər.
Belə insanların duymamaq üçün bəhanələri və sayacağı arqumentləri bitməz-tükənməzdir.
Məşhur rus psixoloqu Lev Vıqotski deyir ki, insanda daxili səsin formalaşma mərhələsi 3 yaşından başlayır. Bu proses onun düşüncə və dil sistemini birləşdirməyi öyrənməsi ilə hərəkətə keçir. Demək ki, insan oğlu onun üçün zəruri olan bu səslə çox kiçik yaşlarından tanış olmağa başlayır.
İç səs – fitrətin səsi
Eşitdiklərimizin və eşitmək istəmədiklərimizin sirri…
İç səsə qulaq vermək evə dönüşdür – özünə, yuvaya dönüş.
Hər hansı səbəblə, hikməti nə olursa-olsun, qəlbə dönüşdür. Qəlbi gözəl etməyə, yaradılışa fayda verməyə, hər şeyin gerçək mahiyyətini anlamağa şüurlu dönüş…
Qəlblə ağılın ittifaqından doğan ruhun səsi, məntiqin gerçək hayqırışı, aldadıcı olmayan, nəfsə ağır gələn acı həqiqət…
Bu elə bir həqiqətdir ki, dağları yerindən oynadar. Bu həqiqət cəmiyyətin bağrında oyanarsa, yenilməz orduya çevrilər. Bu həqiqət keçmişdən güc almaqdır – Kürşadın nərəsindən, millətinin ulularından güc almaq…
Daxili səsin fəryadı…
İstərsəniz, siz buna Sokratın “daimon”u deyin, amma o yenə də sizə ruhun tərbiyəsinin vacibliyini hayqıracaq!
İstərsəniz, Kantın dili ilə adını “aydınlanma” çağırışı qoyun, o sizə: “İnsan olmanın şərəfini ona qaytarın!” – deyə səslənəcək…
İstərsəniz, Mövlananın dili ilə kamilliyə çağıran neyin naləsi deyin, ya da kamil insanın naləsi… O sizə: “Sevgilidən ayrı düşməyin nəğməsini dinlə, özünü tanı!..” – deyə pıçıldayacaq…
Ya da bilinməyən bir dərvişin dili ilə dərk edək, o sizə: “Qəndilini sinəsində daşıyana başqalarının qaranlığı mane ola bilməz”, – deyə söyləyəcək.
Bunların hamısının təməlində Həqiqətlə yoğurulmuş iç səsin, daxili səsin kamilliyi var…
Bu səs məna aləminin işığı ilə nurlanıbsa, deməli, ona ilahi sədanın yükü yüklənib…
Yükü olan səs…
Mələyin səsi ilə gələn yük… “Doğruluqda ox kimi ol…”
Yüklənmiş qəlblə dostlaşanlara verilən “yük”: “Bu sirri, amandır, ifşa etmə…”
Bir kor quyu lazımdır ki, dolub-daşsın bu sirr yükü ilə…
Bu yük nəsillərə fədailik missiyasını ötürdü, ruhunu ucalığa bağlama fərasətinin xəritəsini göstərdi. Bu yük ədalət nurunu inşa etməyin, vətən, millət yolunda gecə-gündüz çalışmağın, əlini yanlışa uzatmağın qorxusunu öyrətdi.
Bu yükdə həqiqət, şərəf və ləyaqət yolunda sevgidən pay alanların, zəhmət və alın təri ilə halal qazanc uğrunda çalışanların çətinliyi, millətinin övladlarını düzgün tərbiyə etmək qayəsi daşıyanların dərdi, bir olmağın – gücün həmrəylikdə olduğunu bilənlərin sevdasının sirri gizlidir.
Qulaqlarda itməyəcək, bu yükdən əmanət almış bir səs… “Bu vətəni sevin! Bu sevgidə birləşin! Möhkəmliyiniz üçün yardımlaşın, paylaşın!” – deyir…