Baş redaktordan Mübariz Yunus

Baş redaktordan

Qələm!..

Uca Yaradan tərəfindən şərəf və ləyaqətinə, müqəddəsliyinə yəmin edilən.

Üzərinə varlığın əvvəlindən sonuna qədər dəyərli missiya yüklənən.

İnsanın bilmədiklərinə qapı, ruhunun dilinə çevrilən, qəlbinə tərcüman olan – Qələm!..

Yaradılışın ilklərindən, “ağıl nuru”na, “ağıl sahibləri”nə əmanət edilən.İnsanın Yaradana yaxınlaşdığı ən uca məqamda səsini – yazdıqlarının sədasını ona duyuran.

Qələm – nurdan, işıqdan yaradılan. Mürəkkəbinin nuru əsla tükənməyən. Qələm – insanlığın içindən çıxan mənəviyyat sərdarlarının ziyasının yayılmasına səbəb…

Qələm – böyük əmanət…

Bəşər övladı əbədiyyət ağacından kəsilib yontulmuş bir qələmdir. Ruhu o qələmin mürəkkəbi, qələmə aldıqları da onun ömrünü ifadə edər. Qəflətdə olanlar bu ifadəni missiyasından uzaqlaşdırar, anlaşıqsız hala gətirər. Anlamamaq xəstəliyinə düçar olar, əlacsızlaşar…

Mütəfəkkirlərdən biri deyir: “Ətir gülün səsidir, işıq sonsuzluğun”. Yəqin ki, mürəkkəb də qələmin səsi, sədasıdır… O olmasaydı, duyulmazdı, oxunmazdı qələmin səsi, yazdıqları…

Qələm! Mürəkkəbi sevgi bərqi vuran Qələm…

İnsan anlamağa möhtacdır.

Anlatmağın ən başlıca yolu isə sevgidir.

Anlatmaq, aydınlatmaq…

Aydınlatmaq üçün əvvəlcə sevgi atəşində yanmağa ehtiyac var.

Ancaq aydınlanmaq üçün yananlar anlada bilərlər, aydınlada bilərlər…

Qələmin sirri, sehri, cazibəsi vardır.

Hər qələm tutan onun sirrini, sehrini anlamaz.

Hər kəs də onun sirrinə, yazdıqlarına vaqif olmaz.

Qələm vicdansızın, nadanın əlində qorxunc silahdır. Ruhların ümidini söndürən silah…

Vicdanı olanlar anlar qələmi və yazdıqlarını…

Alimlər anlar, irfanı olanlar anlar.

Qısqancdır qələm. Açmaz sirrini hər kəsə. Böyüklük və böyüklər kimi…

Qəlbini işığa, nura hazırlayanlar qələmin hikmət cazibəsinə, sehrinə qapılar, ona mübtəla olar.

Qələmlə qəlb arasında ruhani bir bağ vardır. Bu bağı qura bilənlərin qəlb evi ilham qətrələrindən bəhrələnərək kəlmələşər. Söz sehrinə çevrilər…

Nurani qələmin yazdığı kəlmələr qanadlarında atəş daşıyan quşlara bənzər, oxuyanın qəlbinə qığılcımdan toxumlar səpər.

Bu toxumlar sevgi ətirlidir.

Bu toxumlar eşq toxumlarıdır.

Qələmini eşq mürəkkəbiylə qidalandıranlardır ilahi eşq sarayının memarları…

Ən xoşbəxt insan vicdanlı, insanlığa fayda verən, ruhu sonsuzluq nuruyla qidalanan, sevgi ilə dolub-daşandır…

Zəmanəmizdə qələmin də, mürəkkəbin də həsrət qaldığı bu sevgi ilə dolub-daşan insandır!

O insan ki məfkurəsini nəfsinin və cismani istəklərinin, yəni bütün bəşəri arzularının üstündə tutan, həqiqəti tapıb ona könül verdikdən sonra Ə.Hüseynzadələr, M.Rəsulzadələr, Ə.Cavadlar kimi bütün sevdiklərini bu ideala qurban verəcək qədər qəlbi vətənə məhəbbətlə yanan, millətinin xoşbəxtliyini öz firavanlığından uca tutan, vicdanlı, məfkurə sevdalısı…

Könlü insanlıq sevgisiylə dolu və dürüstlüyünü əməlləriylə cəmiyyətə sirayət etdirən, aşılayan İnsan!