Mənəviyyat

Göydən yerə…

“Yağış yağır, rəqs еyləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar…”

Müşfiq üçün göydən yerə yağan nur damlaları, kimiləri üçün ruhun qidası, qəlbin xəzinəsi, kəndlilər üçün ruzi-bərəkət, qayğısız uşaqlar üçün əyləncə, kimiləri üçün kədər və ayrılıq, yaşlılar üçün ağrı, bəziləri üçün həsrət, ağlamaq istəyib, lakin qürurunu sındırmayanlar üçün isə sanki bir bəhanədir… Axı sənin, həqiqətən, gözlərinin içinə baxıb, qəlbinin səsini duymayan insan üzündə süzülən ipisti damlaların göz yaşımı, yoxsa yağmur damlasımı olduğunu bilə bilməz. Çox qəribədir, yalnız 5 hərfdən ibarət olan bu söz insan yaddaşında nə qədər hissləri oyadır…

Kimisi qapalı pəncərədən süzülən yağış damlalarına həsrətlə baxır, həyatı, yaşadıqları kino lenti kimi gözünün önündən keçir. Kimisi üçün yağış unutduğunu düşündüyü, qəlbinin bir hissəsində boğmağa çalışdığı xatirələri yada salan sehrli damlalardır. Kimisi göydən yerə süzülən damlaların səsinə qulaq asaraq minbir xəyala, fikrə dalır. Kimisi yağan narın damlalardan sonra torpağın ətirli qoxusunu ciyərlərinə çəkir. Kimisi əlini göyə açaraq dua edir. Deyilənə görə, yağış yağarkən edilən dualar daha tez qəbul olunur…

Bəziləri ruhunu azad buraxaraq, bir neçə dəqiqəlik də olsa, dünyanın bütün eybəcərliklərini unudaraq körpə uşaqtək yağışın altında islanır. Kimiləri islanmağa fikir vermədən, sürüşkən yollarda təlaşlı halda harasa tələsir. Axı insanların gündəlik qayğıları o qədər çox olur ki, bəzən ətrafında baş verən möcüzələri görə bilmir.

Yağış torpağın altından cücərməyə, işıqlı dünyaya çıxmağa çalışan gələcəyin fidanları üçün yaşam mənbəyi, həyatdır. Övladı Vətən uğrunda canından keçən, övlad həsrəti ilə alışıb yanan anaların qəlbinə səpələnən təsəlli damlalarıdır.

Yağış bərabərlikdir həm də. Fərq etməz, həm varlı, həm kasıb, həm bitki, həm də heyvanat aləmi, bir sözlə – bütün canlılar ondan nəsiblənir.

Kim nəyə necə baxmaq istəyirsə, o cür də görür. Ağ lövhədə balaca qara nöqtəni görənlər üçün yağış çirkab, yaradıcı təfəkkürlər üçün isə Allahın yaratdığı əsrarəngiz bir təbiət hadisəsidir. Şairlər, yazıçılar, bəstəkarlar yağışın yağmasından riqqətlənərək əsərlərində onu təsvir etmiş, rəssamlar əlvan boyalarla tablolarını narın yağış damlaları ilə bəzəmişdir.

Bütün fəsillər bir-birindən fərqləndiyi kimi, bu fəsillərdə yağan yağışlar da insanda müxtəlif hisslər yaradır. Yaz yağışı torpağı isladaraq körpə fidanlara həyat verib, göy üzünü əlvan rəngləri ilə boyayan göyqurşağının çıxmasına səbəb olarkən, Yay yağışı isti günlərdə, susuzluqdan torpağın cadar-cadar olduğu, bitkilərin, heyvanların, kəndlilərin suyu həsrətlə gözlədiyi bir vaxtda onların köməyinə çatır. Təbiətin rəngini dəyişərək yaşılın tonlarından qəhvəyiyə keçdiyi, yarpaqların saralaraq ağacları qızılı naxışlarla bəzədiyi bir dövrdə – payızda yağan yağışın ləzzəti bir ayrı olur. Qış yağışını sevənlər nadir insanlardır. Buz kimi havada islanmağı, palçığa bulaşmağı kim sevər axı? Əlbəttə ki, qayğıdan uzaq uşaqlar və hələ də ruhları uşaq olan insanlar…

Məncə, insan həm sevincdən, həm də kədərdən ağladığı kimi, pəmbə buludlar da həm sevincdən, həm də kədərdən ağlayır. 20 Yanvarda, Xocalı faciəsində, Qəzzada əzab verməkdən həzz alan insanları seyr edəndə, günahsız körpələrin vəhşiliklə öldürüldüyünü, insanların insanlıqdan çıxaraq cildini dəyişməsini, çarəsiz hıçqırıqları görərək buludlar da için-için məzlumlarla birgə ağlayır, fəryad edir sanki, göydən yerə yağaraq bu zülmü, ədalətsizliyi, qanı yumağa çalışır…

Yağış rəhmətdir…

“Yağ, еy yağış, fikrim kimi, hissim kimi,

Uzaq, yaхın çöllərə yağ,

Ölkələrə, еllərə yağ!”

Ləman Vahid