Füyuzat 130 Mübariz Göyüşlü Tarix

Klassiklərin mətbuata münasibəti

Azərbaycan mətbuatının kifayət qədər məşəqqətli inkişaf yolu keçdiyini söyləmək mümkündür. Zəngin irsə malik olan mətbuatımızı araşdırdıqda həmin dövrün tarixi reallıqları, problemləri, dəyişiklikləri, o cümlədən bu mətbu nəşrlərin ərsəyə gəlməsində qarşıya çıxan çətinliklər, onları dəf edən klassiklərimizin əziyyətləri göz önündə canlanır.

XIX əsrin sonu – XX əsrin əvvəllərində müsəlman Şərqindəki ziyalılar bu coğrafiyada gedən ictimai-siyasi, ədəbi-mədəni, mətbuat proseslərini çox ciddi şəkildə izləyir, ilk fürsətdə bu sahədə mühüm işlərə imza atmaq üçün bir-birinə dəstək olurdular. Çünki onların hamısı azad söz və jurnalistikanın cəmiyyətin inkişafında oynaya biləcəyi rolu görürdü. Mövhumatçı insanların, qaragüruhçuluqla məşğul olan və mətbuatın düşməni sayılan şəxslərin hərəkətlərinə cavab olaraq klassiklər bir-birinə dəstək verirdilər. Məsələn, “Həyat” və “İrşad” qəzetlərinin nəşr olunmasını türk dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralı “Tərcüman” qəzetinin 15 mart 1906-cı il tarixli sayında Əli bəy Hüseynzadəyə ünvanladığı müraciətində xüsusi olaraq qeyd etmişdir. Onun sətirlərində böyük sevinc və şadlıq hisslərinin açıq-aşkar sezilməsi təsadüfi deyildi. Mətbuat təmsilçisi olan İsmayıl bəy bu işin çətinliyinə sinə gərə bilirdi, çünki jurnalist fəaliyyətinin ağırlığını bilməklə yanaşı, mətbuatın millətin inkişafında, formalaşmasında verə biləcəyi faydanı da anlayırdı: “Şükür xudaya, maşallah zəmanəyə. İyirmi sənəlik bir həsrətimə qarşı “Həyat” görüldü, “İrşad” eşidildi. Ümidvaram ki, “Həyat” “İrşad”a, “İrşad” “Həyat”a xadim olub, məmati ta Qaf dağlarına qədər sürməyə cəhd və qeyrət edərlər”.

Həmin vaxt böyük zəhmətlə ərsəyə gələn mətbuat orqanlarının fəaliyyətinin davam etməsi nəinki nəşrdə əməyi keçənləri, hətta rəğbətlə onun yolunu gözləyən insanları da ciddi şəkildə düşündürürdü. Mətbuat orqanının uzunömürlülüyü onun cəmiyyətdə baş verən proseslərə ciddi şəkildə təsir etməsinə səbəb ola bilərdi. Ona görə də İsmayıl bəy Qaspıralı Krımda “Tərcüman” qəzetini çıxarırdısa, Azərbaycanda çap olunan “Həyat” və “İrşad”a rəğbət bəslədiyini gizlətmir, onların da türk-müsəlman coğrafiyasında fəal təbliğat aparacağını bilərək işlərində müvəffəqiyyət arzulayırdı.

Mətbuatın ictimaiyyətin görən gözü funksiyasını yerinə yetirməsinin vacibliyi ilə bağlı deyilənlər həqiqəti əks etdirir. Əli bəy Hüseynzadə bunu nəzərə alaraq çox gözəl demişdir: “Əkinçi” cəmiyyətin bir gözüdürsə, “Həyat” qəzeti onun ikinci gözüdür”.

Bura bir məqamı əlavə etmək istərdik. Əgər mətbuat cəmiyyətin bir gözüdürsə, ciddi mətbu orqan yaratmaq qabiliyyətinə malik olan, illər  ötdükcə göstərdiyi fəaliyyətə görə millətin yaddaşına daimi həkk olunan ziyalılar onun ikinci gözüdür desək, yanılmarıq. Səviyyəli mətbuat orqanı və millətə yol göstərə biləcək ziyalılar ordusunun yetişməsi vacib faktordur. Məhz belə bir təbəqənin və qrupun yetişməsi millətin qurtuluşu, onun imzasının dünya millətlərinin imzası içərisində görülməsi deməkdir. Mətbuat, azad söz, azad fikir olmadan heç bir millət inkişaf etməyib və bundan sonra da inkişaf etməsi sual altındadır.

Əli bəy Hüseynzadə daim qəzetin, jurnalın qayəsi və tutduğu vəzifə barədə qeydlərini oxucularla bölüşürdü. O, mətbuat orqanının nəşri prosesini sıradan bir fəaliyyət kimi görmür, eyni zamanda yazılarda insanlara əsl həqiqəti, doğru olanı çatdırmağın vacibliyini anlayır, bunu cəmiyyətdən gizlətmirdi. Əli bəy Hüseynzadə bunu nəinki anlayır, hətta həmin “qanunlar”a nəşr etdiyi mətbu orqanlarında ciddi şəkildə əməl edirdi. O, “Həyat” qəzetinin ilk sayında “Qəzetəmizin məsləki” başlıqlı məqaləsində bu barədə maraqlı qeydlər edərək yazırdı: “Qəzetə insan üçün, adətən, munis bir yoldaş, xeyirxah bir müəllim, nafe bir məktəb, hətta fərəhəfza xoş bir tamaşaxana kibidir. Zəlalətdə qalanlara doğru yolu, hidayət yolunu göstərər”.

Həqiqətən də, əsl qəzet oxucuların marağını, zövqünü oxşayan, onların tələbatına cavab verən mətbuat orqanı kimi munis bir yoldaşa çevrilə bilir. Milli-mənəvi dəyərlərin təbliğatını həyata keçirən qəzetlər, jurnallar uzun müddət insanların yaddaşında özünə möhkəm yer edir. Cəhalət içində olan insanlara doğru yolu göstərmək asan bir iş deyil, bunu ancaq Əli bəy Hüseynzadə kimi ziyalılar və onların nəşr etdiyi “Həyat”, “Füyuzat” kimi mətbuat orqanları bacara bilərdi. Məhz buna görədir ki, Əli bəy Hüseynzadə heç də bütün qəzetlərin insanların nəfinə çalışmadığını, əksinə, zərərli işlər gördüyünü yazır. Əli bəy məsləkin bəlli olmasını vacib sayır: “Binaənəleyh qarein bir qəzetədən layiqi vəchlə fayda görmək üçün əvvəl əmrdə o qəzetənin nə məsləkdə olduğunu, yəni nə yol tutduğunu bilməsi lazımdır”. O yalnız məsləki bəlli olan və insanlara xidmət etməyi qarşısına məqsəd qoyan qəzetlərin cəmiyyət həyatında müsbət rol oynaya biləcəyi qənaətində idi. Məhz bu cür mətbuat orqanlarının da hər zaman jurnalistikanın inkşafında xüsusi rolu var. Məhz “Həyat” qəzeti də “Əkinçi” qəzetinin ənənələrini davam etdirərək mətbuatda yazılan hər bir sözün hikmətinə, doğru fikrin reallıqda da öz əksini tapacağına inanaraq insanların qapı-pəncərələrindən onların evlərinə daxil olurdu. O, nümunəvi fəaliyyəti ilə heç də hamını inandıra, doğru yola çəkə bilməsə də, bir çox insanlar üçün xeyirxah müəllim rolunu oynaya bilirdi.

Davamı…