Sübhan Padarsoy Təhlil

Amerikan kultural inqilabı: Neo-Marksizmin zəfəri – I hissə

XX əsrin əvvəllərində və ortalarında bir “Tənqidi Nəzəriyyə” irəli sürən neo-marksistlər inanırdılar ki, Qərb institutları – media, təhsil, kilsə, ailə və hüquq sistemi – işçi sinfinin beynini yuyan və onları sabitləşdirən kültür və sosial normalar produksiya edir. Buna görə də onlar Tənqidi Nəzəriyyə ilə bu institutları ələ keçirmək və onların daxilində inqilabi əks-kültür yaratmaq məqsədinə kökləndilər.

Bu ideyaların təməlini formalaşdıran italiyan marksist filosofu A.Qramşiyə görə, istənilən sinif əsaslı cəmiyyətin hakim güclərinin kültür və praktikaları tənqidi şüuru kütləşdirən və qadağan edən kultural normalar və düşünmə tərzi (təfəkkür) meydana çıxarır və onu yayır. Buna görə də, kültür tənqidin xüsusilə mühüm domenidir, çünki subyektlərin şüuruna və gündəlik həyatına iqtidar və dominasiyanın həkk edildiyi yer oradır. Qramşinin Korş və Lukaş tərəfindən genişləndirilən ideyalarına görə, kultural ideyalar, normalar və praktikalar sinfi şüurun yaranmasına qarşı işləyə və fərdlərin qarşı gəlməli olduğu bir sosial dünyanı dəstəkləmələrinə yol aça bilir.

XX əsrin II yarısından etibarən aydın olurdu ki, Qərbdə vətəndaşlar Marksizmlə maraqlanmırlar. Onların kultural inqilabının Amerika kimi yerlərdə işləmədiyini görən marksistlər də xəyal qırıqlığı yaşayırdı. Əksər amerikalılar anti-kommunist idilər. Lakin marksistlər nə Amerikadan, nə də Marksizmdən vaz keçməyə hazır idilər. Onlar Tənqidi Nəzəriyyə üzərində işləməyə davam edərək kültür və cəmiyyət barəsində yeni ideyalar irəli sürdülər. Bu nəzəriyyənin ABŞ cəmiyyətində geniş auditoriyalara çatdırılmasında ən uğurlu fiqur Frankfurt məktəbi ilə assosiasiya edilən alman-amerikan filosofu və sosial tənqidçisi Herbert Markuze idi.

1967-ci ildə Londonda keçirilən “Azadlığın dialektikası” adlı konfransda söz alan filosof H.Markuze Qərbə qarşı total inqilaba çağırış edirdi (1). Veymar erasına xas alman ləhcəsində danışan Markuze “Son Kapitalizm sindromu”nu və insanın sistemin işləmə mexanizminə tabe edilməsini şiddətlə tənqid edirdi. Tanınmış marksist intellektuallar, Allen Ginsberq kimi əks-kültür sənətkarları, Stoukli Karmişel, Angela Devis kimi qaradərili militantlar daxil olmaqla auditoriya susqun şəkildə onu dinləyirdi (2). Onlar “gerçək inqilabi şüur” yaratmaq və fiziki, kultural partizan müharibəsi üçün strategiyalar hazırlamaq naminə həmin konfransa toplaşmışdılar. Yaşlı bir insan, böyük filosoflara istinadlar edərək öz nitqini bəzəməklə onlar üçün böyük inqilabi yolun açarı kimi görünürdü (3).

“Rifah cəmiyyətindən azadlıq” adlı məruzəsində Markuze cinsi, əxlaqi və siyasi üsyan başlatdıqları üçün hippilər və əks-kültürü təqdir edir, Marksist inqilabın yeni anlayışla başlamalı, vital, bioloji azadlıq drayvı, o cümlədən kapitalist cəmiyyətin maddi və ideoloji örtüyünü qıramağa qadir şüur ilə yeni insan tipinin meydana çıxmalı olduğunu bildirirdi (4). Nitqinin sonunda auditorium onun ətrafında toplandı. Markuze mövcud cəmiyyətin inkarına və utopiyanın reallaşdırılmasına səsləyirdi: əməyin aradan qaldırılması, mövcud olmaq uğrunda mübarizənin sona çatması”, şəhərlərimizin total rekonstruksiyası, kapitalizmdən sosializmə keçid (5).  

Markuze başa düşürdü ki, işçi sinfi işləməkdən, orta sinfə qoşulmaqdan, televiziya izləməkdən, bahalı maşınlar sürməkdən və uşaqları ilə birgə istirahət etməkdən, yəni kapitalizmin şərtləri daxilində istehsal və istehlak etməkdən xoşbəxtdir. O bilirdi ki, işçi sinfi artıq inqilabi deyil, əks-inqilabi qüvvədir. Ona görə də, o, “militant intelligentsiya” və “getto əhalisi”ni hədəfə alan yeni hücum vektorunu inkişaf etdirdi.

Markuzenin agendası marksist strategiyada fundamental dəyişikliyin nişanəsi idi. İşçi sinfi üzərində düşünmək üçün olduqca böyük idi və Markuze onu daxildən bölmək hədəfinə bağlandı. İşçi sinfinə ABŞ iqtisadi şərtlərinin təməl olaraq ədalətsiz olduğunu deməklə onları radikallaşdırmaq cəhdi əvəzinə, Markuze spesifik alt-qrupları radikallaşdırmanın əhəmiyyətinə diqqət çəkirdi. Bu staregiyaya görə, öncə təhlükəli idealizm və mütləq cahilliyində kollec tələbələrini radikallaşdırmaq gərəkdir. Onlar gənc peşəkarlar olaraq və daha sonra marksistlərin infiltrasiya etmək və ələ keçirmək istədikləri institutlarda işləməyə başlayacaqlar. Bu institutlardan gənc peşəkar radikallar yuxarıdan-aşağıya marksist kultural dəyişiklikləri təşviq edəcəklər. İkinci olaraq isə, ABŞ-nin getto əhalisi, işsizlər, cinsi və irqi azlıqlar, feministlər radikallaşdırılmalı və onlar sosializmi elə sevməli idilər ki, onu öz həyatlarında “bioloji ehtiyac” kimi görsünlər. 

Onun fikirləri bütün dünyada əks-səda doğururdu. Aylar ərzində Kant, Hegel və Marksın xüsusi üsluba sahib şagirid hər yerdə sol qanad radikalları üçün bir mayaka çevrildi. Roma, Paris, Frankfurt və Berlində “Marks, Mao, Markuze” şüarlı banerlər özünü göstərirdi. “Weather Underground”, “Black Panther Party”, “Baader-Meinhof Gang” militantları dövlətə qarşı şəhər pratizan müharibəsinə, qətllərə, talanlara cəhd edərkən Markuzenin kitablarının nüsxələrini oxuyurdular. Qərbi ağuşuna alan inqilabın “atası” titulundan uzaq duran Markuzeyə görə, radikalların etirazlarına liderlik edəcək bir “ata və ya böyük ata” fiquruna ehtiyac yoxdur” (6).

“Birölçülü insan”, “Saf tolerantlığın tənqidi”, “Azadlıq üzərində esse” adlı kitablarında Markuze Qərbdə inqilabın metodlar və məntiqi açıqlamasının eskizini irəli sürürdü. O iddia edirdi ki, modern kapitalist cəmiyyət işçi sinfini maddi komfort ilə anesteziya etməklə repressiyanın mükəmməl vasitələrini yaradıb, habelə sistemi sabitləşdirən və kənar günah keçilərinin yaranmasına icazə verən arzular və rifah proqramları fabrikasiya edib. Ona görə, yeganə həll yolu universitetlərdə və gettolarda üsyan ilə başlanan, daha sonra “cəmiyyətin tənqidi nəzəriyyəsi”nin amansız tətbiqi vasitəsilə sistemin ikiüzlü əxlaq və dəyərlərini aradan qaldırmaqla cəmiyyətin total dezinteqrasiyasına yönələn böyük rəddiyədir.

Markuzenin inqilab çağırışı gənc radikallar tərəfindən müjdələnsə də, onun məşhurluq qazanması hiddətli əks-təsir də doğurmuşdu. San-Diyeqoda Amerikan Legionunun üzvləri şəhər bələdəiyyə binasının önündə bauraq dirəyindən “Marksist Markuze”nin təmsili kuklasını asmışdılar. Onlar Kaliforniya Universtetindən onun işdən çıxarılmasını tələb edirdilər (7). Qubernator R.Reyqan da Markuzeni “universitet şəhərciklərində zorakılıq mühitinə töhfə verən kommunist ideologiyası”na görə tənqid edirdi. ABŞ-nin vitse-prezidenti Spiro Egnyu da “çoxsaylı gənclərin ağlını zəhərlədiyi” üçün qeyd olunan universitetdən Markuzenin qovulmasını tələb edirdi (8). Papa VI Pavel də Müqəddəs Pyotr Bazilikasında vəzi zamanı animalist, barbar və alt-insani deqradasiyalara səbəb olduğu, azadlıq qaplaması altında ifrat sərbəstləşməyə yol açdığı üçün onun inqilabı nəzəriyyəsini tənqid etmişdi (9).

Markuzenin daxili düşmənləri də ona təhdidlərlə dolu məktublar göndərməklə yanaşı, telefon xəttini kəsmiş və evinə atəş açmışdılar. Lakin ABŞ bu gün o zaman “çirkin kommunist köpək” adlandırılan Markuzenin inqilabının içərisində yaşayır. 60-cı illərdə o radikal sol üçün 4 mühüm strategiya müəyyən etmişdi: zəngin ağdərili intelligentsiyanın üsyanı, qaradərili getto əhalisinin radikallaşması, ictimai institutların ələ keçirilməsi və müxalifətin kultural repressiyası (10). Maonun Çindəki inqilabının uğurundan sonra Markuze identiklik siyasətinin Neo-Marksizmin başlandığı yer olmalı olduğunu irəli sürürdü.

Bütün bu məqsədlər müəyyən dərəcəyə qədər reallaşdırılıb və onun təxəyyül etdiyi “mövcud dəyərlərin transvalyuasiyası” başlayıb. Amerikanın institutları tərəfindən absorbsiya edilməklə Markuzenin tənqidi nəzəriyyəsi yeni elitanın dominant düşüncə tərzinə çevrilib. Dövlətə qarşı müharibəyə başlamağa hazır olan gənc radikallar universitetlər, media, korporasiyalar və mərkəzi iqtidar boyu uzun yürüş vasitəsilə tənqidi nəzəriyyələri iqtidara daşımaqla inqilabı daxilə yönəltdilər.

Bu inqilab hələ də tam sürəti ilə davam edir. Yeni Sol aqressiv şəkildə Markuzenin öngörüşlərini izləyir: cəmiyyət kapitalist repressiyadan azad edildikdən sonra onların üsyanı fərdin dərin təbiətində, onun biologiyasında kökləşəcək və zərurət, istimar, zorakılığın fövqündə “xalis azadlığı” meydana çıxaracaq. Onlar inanırlar ki, Markuzenin neqativ dialektikası Qərbin oppressiv təməllərini tam aradan qaldıracaq və tarixin parçalanmasına, radikal bölünməyə, nəhayət “azadlığın krallığı”na doğru sıçrayışa yol açacaq, (bu, demokratiyanın alt-üst edilməsi və siyasi zorakılıq kataklizmi anlamına gəlsə belə..)

İnstitutlar boyu böyük yürüş

Çin Vətəndaş müharibəsinin xaosu dövründə kommunist inqilabçı M.Zedonq öz qüvvələri ilə birgə mühasirə vəziyyətinə düşməkdə idi. Millətçilər onun ordusunu mühasirəyə almaq astanasında idilər. Onun ordusu panika içərisində və təchizatsız qalmışdı. 1934-cü ilin oktyabrında müzakirələrdən sonra, sonralar Maonu özlərinə lider seçən kommunistlər hərb tarixinin ən cəsarətli və təhlükəli manevrlərindən birini başlatdılar: Qırmızı Ordunun uzun yürüşü adlandırılan 5 min mil strateji çəkilmə.

Bir ilə yaxın davam edən bu çəkilmə müddətində Maonun ordusu dağıldı, əsgərləri xəstəlik, soyuqdan qırıldı və məğlubiyyət artıq çox yaxın görünürdü. Lakin Yanan ərazisinin dağ istehkamlarında müdafiəsini qurduqdan və səbirlə qüvvələrini yenidən formalaşdırdıqdan sonra Mao millətçilərə qarşı əks-hücuma keçdi, onları dənizə qədər qovdu və Kommunist Partiyasını ÇXR-in yeganə legitim hakimi elan etdi.

Markuze inanırdı ki, Yeni Sol da oxşar situasiyadadır. FBI inqilabi təşkilatları ovlayır və aradan qaldırırdı. Nikson ictimai rəy məhkəməsində qəti qələbə qaznamışdı. Əks-kültür hedonizm, qurulara pərəstiş və ümidsizliyə boyun əymişdi. Lakin Mao kimi Markuze də amansızca qərarlı idi. O inanırdı ki, solçu radikallar universitetlərə doğru strateji çəkilməyə başlaya, qüvvələrini yenidən qura və məğlubiyyəti qələbəyə çevirə bilər.

70-ci illərin əvvəllərində radikal hərəkat dezinteqrasiya yaşayarkən Markuze öz siyais orbitindəki gənc aktivistlərə, xüsusən də alman tələbə lideri Rudi Duşkeyə döndü. R.Duşke bütün Avropa boyu kampus üsyanlarının yayılmasına yardım etmiş və terror kampaniyalarının uğursuzluğundan “sonra oturuşmuş institutlar boyu uzun yürüş” adlı yeni strategiya təklif etmişdi. Bu da Maonun hərbi yürüşünə birbaşa istinad idi.

1971-ci ildə inqilabın perspektivləri daralmaqda ikən Markuze bütün ümidlərini Duşkenin yeni konseptinə bağladı. O, Duşkeyə yazırdı: “İcazə ver, sənə bunu deyim ki, sənin “institutlar boyu uzun yürüş” anlayışını yeganə effektiv yol olaraq görürəm” (11). Həm o, həm də Markuze terror kampaniyalarının bir sonu olmadığını və demokratik prosesdə iştirakın da faydasız olduğunu düşünürdü. Onlar inanırdılar ki, Yeni Sol radikal yolu tərk edərək öz köklərinə qayıtmalı və tələbələri potensial kadrlara çevirməklə universitetlərdə öz iqtidarını qurmalıdır. “Dəyərlərdəki inqilab”ı universitetlərdən cəmiyyətə daşıyacaq olan məhz tələbələr idi.

Markuze öz nəzəriyyəsini sonuncu kitabı olan “Əksinqilab və Üsyan”da ana xətləri ilə qeyd edirdi. Uzun yürüş total parçalanma anlamına gəlmirdi, lakin o, inqilabı canlı tutmalı və fokusu kataklizm müharibəsindən dəyərlər müharibəsinə çevirməli idi. Markuze tələbə radikalları silahı yerə qoymağa, universitetlər, məktəblər, media və sosial xidmətlərdə də yuvalanmağa, və onları alt-üst etmək üçün bilik istehsalı vasitələrini ələ keçirməyə çağırırdı. Başqa sözlə, oturuşmuş institutlarda çalışarkən onlara qarşı işləməyə. Ona görə, Yeni Solun ilkin məqsədi informasiya və indoktrinasiyanın böyük zəncirlərinə nəzarəti ələ almaq olmalı idi ki, məhz bununla insanların yanlış və müti şüuru aradan qaldırıla və onlar qurtuluşun yollar və vasitələrini anlaya bilərdilər.

Markuze gənc radikalları sosial dəyişikliyin yeni apparatusu rolunda çıxış edəcək “əks-institutlar” seriyasını yaratmağa həvəsləndirirdi. O düşünürdü ki, Yeni Sol universiteti özünün başlanğıc nöqtəsi olaraq istifadə etməklə radikal partiya məclisləri, kontr-assosiasiyalar ətrafında yenidən qruplaşmalı, isteblişmentin informasiya inhisarını qırmağı vəd edən əks-institutlar olaraq hər şey – radio, televiziya, mətbuat, iş yerləri təsis etməlidirlər. Bu yeni dəstək bazaları vasitəsilə gənc radikallar öz “mədəni inqilabı”na başlaya, mövcud kültürün (həm maddi, həm də intellektual) dəyərlərinin transformasiyasını müjdələyə bilərlər. Yeni irqi və cinsi siyasət, qadınların azadlığı, radikal eko-aktivizm, – bütün bunlar dezinteqrasiya prosesi üçün istifadə oluna bilərdi. 

  Ədəbiyyat:

  1. David Cooper, ed., The Dialectics of Liberation (Baltimore: Penguin, 1968), 7–11
  2. Peter Davis, Jacky Ivimy, and Martin Levy, “Memories of the Congress,” Dialectics of Liberation, accessed November 21, 2022 https://web.archive.org/web/20220516123118/http://www.dialecticsofliberation.com/1967
  3. Cooper, The Dialectics of Liberation, 1968
  4. Herbert Marcuse, The New Left and the 1960s: Collected Papers of Herbert Marcuse, vol. 3, ed. Douglas Kellner (New York: Routledge, 2005), 85, Kindle.
  5. H.Marcuse, The New Left and the 1960s: Collected Papers of Herbert Marcuse, vol. 3, 81–83.
  6. Marcuse, The New Left and the 1960s: Collected Papers of Herbert Marcuse, vol. 3, 35.10. Marcuse, 59
  7. Patrick O’Brien, “Herbert Marcuse: Liberation, Domination, and the Great Refusal” (master’s thesis, Lehigh University, 2014),https://preserve.lib.lehigh.edu/islandora/object/preserve%3Abp-7256446; “Haters of Herbert Marcuse,” Marcuse Family Website, accessed November 1, 2022, https://www.marcuse.org/herbert/booksabout/haters/haters.htm
  8. Herbert’s Hippopotamus: Marcuse and Revolution in Paradise, documentary, 1997, https://www.youtube.com/watch?v=gbzhmMDFcFQ.
  9. “Pontiff Assails Eroticism Again; Scores Freud and Marcuse in Homily at Basilica,” New York Times, October 2, 1969, sec. Archives, https://www.nytimes.com/1969/10/02/archives/pontiffassails-eroticism-again-scores-freud-and-marcuse-in-homily.html
  10. Herbert Marcuse, An Essay on Liberation (Boston: Beacon Press, 1971), Kindle edition
  11. Herbert Marcuse, Marxism, Revolution and Utopia: Collected Papers of Herbert Marcuse, vol. 6, ed. Douglas Kellner and Clayton Pierce (New York: Routledge, 2017), 334–36, Kindle.