Füyuzat 136 Mübariz Yunus

Baş redaktordan

Əcəba, şimdi biz qəflət yuxusundan oyandıqmı?
Xeyr! Biz ancaq “qəflət yuxusu” ilə mübarizəyə başladıq…

Əli bəy Hüseynzadə

İnsan aqilmi, cahilmi?
Aqilsə, nədəndir yer üzündə onun əliylə bu qədər zülm, vəhşət artmaqda, nədən cinayətlər, soyqırımılar çoxalmaqdadır?.. Bu dünyada nədən ən dəhşətli öldürən o, qadın-uşaq demədən nədən mərhəmət etməyən odur?

Nədən talayan, yağmalayan o, nədən əzən o, nədən əzilən də odur?
Nəyin mübarizəsidir bu?
Aldadan kim, aldanan kimdir?
Dəryalara hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan…

Hüseyn Cavid

Bu qədər cinayətlərə, fəlakətlərə bais iblismi insan, yoxsa hüzuru təmin edən, cahanda nizamı quran Haqqın xəlifəsimi insan?

İnsan o zatdır ki, vəzaifşünas ola,
Nəxli-əməl misali səmərbəxşi-nas ola.
Fəyyaz ola günəş kimi gülzari-fıtrətə,
Pərtövfəşani-feyz ola biği-şəhadətə…
Bir cənnəti-üxüvət eddin baği-aləmi,
Hifz eyləyə kərəməti-əbnayi-Adəmi.
Dəfn eyləyə məzari-ədəmdə ədavəti,
Ehya edin cahanda nami-məhəbbəti.

Məhəmməd Hadi

İnsanı aldadan kimdir? Onu yanlışa çağıran birimi var yoxsa?
Alman mütəfəkkiri Yohann Volfqanq Göte “Faust” əsərində Faustu yoldan çıxaran səsin Mefistofel olduğunu özünəxas üslubda anladır. Faustu doğru yoldan çıxarmaq üçün Mefistofel bir gecə onun qarşısına çıxır və ona dünya ləzzətlərini vəd edir. Razılığa gəlirlər, beləcə, Mefistofel onun qəlbini elm xəstəliyindən xilas edəcək və Faust ona veriləcək ən gözəl həzlər qarşısında: “Dur, zaman, an! Sən nə gözəlsən!” – deyəcək.

Desə, Mefistofel qalib gələcək…

Sərhədsiz arzular, tükənməz istək, tamah, ehtiras… Və “mənim” doymazlığı… Yanlış “səs”, yanlış vəd…

“Mənim”lik korluğu ehtiras girdabıdır. Təfəkkürə qapıları bağlamaqdır. Şüurlanmaya əngəl dalandır. Köksün içindəki qəlbin korluğu ancaq cəhalətlə olar.

Bəs cəhalət nədir?
Kobudluq, qatılıq, sərtlik, bilgisizlikmi? Yoxsa səbirsizlik, elmsizlik, helimsizlikmi? Bəzilərinə görə, heyvani arzuların əsiri olmaq, sağlam qənaətə gələ bilməməkdir. Bəziləri isə cəhaləti daha da mürəkkəb formada izah edir. Bilərəkdən doğrunun, həqiqətin üzərini örtmək, inkar etmək, bilərəkdən yalan-yanlış məlumat yayaraq məqsədli şəkildə yanıltmaq olduğunu söyləyir…

Həqiqəti pərdələmək qorxuncdur.

Hələ bu, ülvi bir həqiqətdirsə, daha da dəhşətlidir.

Fransız maarifçilərinin ən önəmli simalarından olan Volter belə deyir: “İnsan oğlunun xisləti pis yaradılmayıb, sadəcə o, xəstələndiyi kimi pis insana da çevrilə bilər”.

Bəs insanı yanlışa, mənəvi xəstəliyə, tənəzzülə götürən nədir?
İçindəki yanlış səsə qulaq vermək, qəflət pərdəsini üzərinə örtmək…

Qəflət öz həqiqətini, kimliyini unutmaqdır. Özünə laqeyd yanaşmaqdır.

Qəflət öz əlinlə özünü manqurtlaşdırmaqdır.

Qəflət eyni zamanda doğulduğu gündəki zəiflik və acizliyini, öldüyü gündəki tənhalığını unutmaqdır.

Qəflət dərinliyi cahilliyin yırtılmaz örtüyüdür.

Əgər həqiqətin nuru olmasa, bu pərdələr günbəgün bir az daha qalınlaşar.

İnsan həyatı bir seçimdən ibarətdir. Korluğu – qəfləti seçmək və ya ondan qaçmaq.

Korluq da insan iradəsi ilə olur… Ondan qaçış da iradəylədir.

Çırağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?
Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazım?
Məzari-cəhldə xabideyi-qəflət oyanmazmı?
Maarif qönçəsilə gülşəni-ümmət donanmazmı?
Usandı xamələr təhrirdən, millət usanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?

Məhəmməd Hadi

İnsan oğlu “mənim”lə inada, kinə, nifrətə, inkara qucaq açır. “Mən”ə xoş gələnə aludə olur, ancaq varması gərəkəni unudur. Sevgini, mərhəməti, dəyəri, nizamı unudur. Oyanmağı unudur. Bəs nədir insanı oyadan? Onu cılız tamahkarlığından qurtaran nədir?

Lazımsa, cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək.

Hüseyn Cavid

Qaçın! Haqqa, Həqiqətə doğru qaçın, yenilənməyə qaçın!

Bu qaçış əyri olan hər şeyi özünə bulaşdırmamaqdır. Bu qaçış sıyrılmaqdır. Bu qaçışın nüvəsində qüvvət, güc, yenilik var.

Bu qaçış axına doğrudur, inqilabdır, fəqət fədailikdir, qəhrəmanlıqdır. Bu qaçış ülviyyətin zirvəsinə şəhidlər kimi əl uzatmaqdır.

Bu qaçış sədaqətlə vəd verdiyinə doğru küllərinin sovrulmasını gözə almaqdır.

Bu qaçış “Gilqamış” dastanındakı Enkidu missiyasıdır. Ölümü ilə dostuna – Gilqamışa həyatın gerçəkləri ilə üzləşmə şansı tanıyır. Dəyişir, yenilənir, əbədi olmanın sirrinə yön alır. İşığa doğru qaçır…

Bu qaçış təmizlənmək naminə çirkinlikdən, saxtakarlıqdan qaçışdır.

Nuhca qaçış.

Sadəcə özü üçün deyil, bütöv bir varlıq aləmi üçündür Nuhun gəmisinə qaçış…

Bu gəmi elə bir gəmidir ki, suyun üzərində üzməsi də, getməsi də, dayanması da Yaradanın adıyladır. Nuhun qaçışı insanlıq üçündür. Bu qaçış insanın pak qalması diləyi ilədir, tufandan Sahili-Səlamətə qaçışdır.

Çirkabdan atəşə İbrahimcə qaçış…

Milləti-İbrahimin qaçışı…

Yanlışa doğru deməyən millət, haqq yeməyən, yedirməyən millət. Yetimi, öksüzü himayə edən millət…

Qaçın! Milli varlığımızın əbədi olması üçün birliyə doğru qaçın. Kökü ilə fəxr edən, fədakar nəsil yetişdirməyə, əmanət edilən Vətəni qorumağa, insanlıq və millət üçün yararlı olmağa qaçın.

Əmin olmağa, sinəsində vətən böyüdən, onun dərdi boyda dərd daşıyan, “Qəlbimin sönməyən atəşi Vətən” deyən böyüklərimizin mənəvi mühitindən qidalanmağa qaçın…

“Əvət, ey vətəndaşlar!
Ələlxüsus, ey gələcək nəsil, ey gənclik!
Ey əsrimizin Siyavuşunun rəşadətli oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var”.

deyənlərin ruhunu şad etməyə qaçın.
Bu uca vəzifəni tamamlamağa qaçın…

Böyük Azərbaycan tonqalını Qarabağda yandırdığımız kimi Təbrizdə, İrəvanda, Borçalıda, Dərbənddə alovlandırmağa qaçın… Qaçın… Mübarizəyə qaçın…