Füyuzat 136 Muxtar Cəfərli

Əzəl nəqqaşı

Hər millətin təfəkkür tərzini və kimliyini ifadə edən mühüm məfhumlardan biri onun yazı mədəniyyətidir. Yazı həm maddi-mənəvi dəyərlərin məcmusu sayılan mədəniyyətlər arasındakı əlaqə, həm də onları gələcək nəsillərə ötürən vasitədir. O, bir növ, keçmişlə gələcək arasındakı körpü, hətta yerlə göy arasında rabitədir. Zaman və məkan cəhətdən fərqli dövrlərdə yaşayan insanları bəzən bir cümlədə, bir səhifədə, bir kitabda birləşdirən yeganə məfhumdur. Bu səbəbdən yazını vərəq üzərində susqun və səssiz qalan hərflər kimi görmək, qələmi də bəsit yazı aləti kimi qəbul etmək doğru deyil. Çünki qələmin elə sehrli qüdrəti var ki, bir yazısı ilə hər hansı insanı, yaxud cəmiyyəti həm xilas, həm də məhv edə bilər.

Qələm və yazı mövcud olmasaydı, bu gün bəşəriyyət öz tarixindən, mədəniyyətindən, mənəvi dəyərlərindən məhrum və məlumatsız qalardı. Qələm olmasaydı, ədib, alim və mütəfəkkirlərimizin vaqif olduqları biliklər, yaşayıb hiss etdiyi həqiqətlər günümüzə gəlib çatmazdı. Qələm olmasaydı, ilahi kəlamlar yazı şəklində insanların qəlbinə nur saçmazdı. Qələm olmasaydı…

Qələmin daşıdığı əzəli bir anlam da var ki, o, yaranışın sirrini yazan, varlığın görünməyən həqiqətini təmsil edir. O elə bir ülvi dəyərə sahibdir ki, Kainatın Fəxrinə (s) enən ilk ilahi buyruqda belə əhəmiyyətindən bəhs edilir: “Yaradan Rəbbinin adı ilə, oxu… O, (insana) qələmlə yazmağı öyrətdi” (“Ələq” 1, 4). Habelə nazil olma sırasına görə ikinci olan “Qələm” surəsinin əvvəlində Uca Allah onun mahiyyət və həqiqətinə diqqət çəkərək: “And olsun qələmə və yazdıqlarına” (“Qələm” 1), – buyurur. Yəni and olsun yazana, yazdırana və yazılana… And olsun ilk yazısını yüksəklikdə yazan qələmə… And olsun haqqı, doğruluğu və gözəlliyi yazan qələmə… And olsun yalan yazmayan, fitnə çıxarmayan, yanlışa xidmət etməyən qələmə… And olsun yazılanların ən xeyirlisini yazan qələmə… And olsun yazdıqlarına işıq və sevgi qatanlara… And olsun yaranışın görünməz üfüqünə yazılan ilk sətirə… And olsun qələmə və yazdıqlarına ki, həqiqətən də, kainat sətirbəsətir yazıdan ibarətdir.

Beləcə, zaman yetişdi, dəyər daşıyan qələm ən şərəfli varlığa – insana əmanət edildi. Bu dəyər və and eyni zamanda onu tutan əlin sahibinə də aid idi. Bu əmanətlə qələm tutanların çiyinlərinə haqqı yazmağın ağır məsuliyyəti yükləndi. Həqiqət və doğruları yazmaq üçün isə insan sevgi, ədalət, şəfqət və mərhəmət kimi dəyərlərə malik olmalıdır. Ələ qələm götürüb yazmaq üçün insana hiss və həyəcanla dolu qəlb, yaş tökən göz, sükunət tapmış ruh gərəkdir. Həqiqət münadisi Şəms Təbrizinin dediyi kimi, “insan dilini qələm, göz yaşlarını da mürəkkəb” etməyi bacarmalıdır. Çünki həqiqəti yazmaq özü də bir ibadətdir.

Yazmaq insana fərqli hisslər bəxş edir. Çünki yazarkən insanın zehninə gözəl fikirlər, qəlbinə ülvi düşüncələr axmağa başlayır. Qələm hər dəfə vərəqə toxunduqca insanın ilhamına ilham qatır. Beləcə, zehində və qəlbdə qol-budaq atan fikirlər məna dolu yazıya çevrilir. Bəzən də bunun əksi olur, qələm sözə baxmır, əldə donub qalır. Əlin altındakı ağ vərəq sanki rəngini bir az da itirir. Hüzn və həsrətin acı rənginə boyanmış sözləri yazmağa gücü yetmir.

Lakin buna baxmayaraq səssizliyi pıçıldamaq, göz yaşlarını ifadə etmək, içdəki hüznü hayqırmaq mümkün olmayanda insanın dadına yenə də qələm yetir.

Davamı…