Füyuzat 141 Muxtar Cəfərli

Məkanın ülviyyəti

İnsanın məkanla ilk münasibəti ana bətnindən başlayır. İlk yuvası, ilk məkanı olan ana bətnində eşitmə, görmə qabiliyyəti formalaşır, ətə-sümüyə bürünür. Sonra isə həyat tərzini, düşüncələrini formalaşdıran dünya adlı yeni bir məkana qədəm qoyur. Bu məkan kiminə görə onun sürgün edildiyi, kiminə görə isə xəlifə olaraq endirildiyi yerdir. Həyat bir məkanla başlasa da, o, təkbaşına heç bir məna daşımır. Məkana məna qazandıran, ona dəyər yükləyən yeganə varlıq insandır.

Bu, danılmaz həqiqətdir ki, yaşadığımız məkanla şəxsiyyətimiz arasında zaman keçdikcə dərin mənəvi bağlar yaranır. Başımıza gələn hadisələrlə, yaşadığımız hisslərlə tədricən həmin məkana bağlanırıq, onunla tamamlanıb bütünlük təşkil edirik. Nəticədə maddi-mənəvi bağlarla bağlandığımız yerlər zamanla bizim üçün doğma məkana çevrilir.

Uşaqlıqdan həyatımızda xüsusi iz buraxan, ruhumuzla doğmalaşan məkanların başında doğulub-böyüdüyümüz ilk ev, oxuduğumuz ilk məktəb gəlir. Həyatımızın sonrakı mərhələlərində fərqli məkanlarda yaşasaq da, çox vaxt xatirələrimizdə, hətta yuxularımızda belə doğulub-böyüdüyümüz evi görürük. Nə qədər yaşa dolsaq da, xəyallarımızda ilk oxuduğumuz məktəbin ibtidai sinfindəki o balaca şagird olaraq qalırıq.

Məkanlar bəzən bizim üçün səadət dolu yuva, bəzən açılacağını intizarla gözlədiyimiz qapının eşiyi, bəzən iç səsimizi rahatlıqla duymaq üçün xəlvətə çəkildiyimiz bir məbəd, bəzən də səs-küylü izdihamdan uzaqlaşıb üz tutduğumuz sahil olur.

Bəzi tarixi və mənəvi məkanlar keçmişdən günümüzə daşıdıqları izlərlə ruhumuza qəribə ilhamlar pıçıldayır. O məkanların divarlarındakı hər naxış, taxta qapı-pəncərinin üzərindəki hər oyma bizi fərqli ab-havanın içinə çəkir, əsrarəngiz mühiti ilə bizi yaşadığımız dövrdən çox əvvəllərə – keçmişin dərinliklərinə tarixi bir səfərə aparır…

Davamı…