Aktual

Qızılca nədir və onunla necə mübarizə aparmalıyıq? – REPORTAJ

Son günlər məktəblilər arasında qızılca xəstəliyinin artması halları ilə qarşılaşırıq. Xəstəliyin yayılması və kütləvi hal alması vətəndaşlar arasında narahatlığa səbəb olub. Statistikalara görə, artıq bir neçə ölüm halı da baş verib, bəzi məktəblər məhz bu səbəbdən distant təhsilə keçib.

Xəstəliyin qarşısını almaq üçün addımlar atılsa da, hələlik buna nail olmaq mümkün olmayıb. Bəs infeksiyanının yayılmasını dayandırmaq üçün başqa hansı addımlar atıla bilər? Xəstəliyi tədris prosesinə zərər vermədən, eyni zamanda şagirdlərin sağlamlığında da fəsadlara səbəb olmadan necə əngəlləmək olar?

Mövzunu bir az araşdırmağa ehtiyac var. Əvvəlcə öyrənmək lazımdır ki, qızılca nədir?

Tənəffüs sisteminin viral infeksiyası kimi də xarakterizə oluna biləcək qızılca asanlıqla yayılan, insandan insana hava-damcı yolu ilə keçən bir infeksiyadır. 10-14 gün ərzində aktiv olan infeksiya özünü insanlarda daha çox uşaq yaşlarında göstərsə də, digər yaş dövrlərində də təsadüf edilə bilir.

Virusa yoluxmuş insanların nəfəs yolu ilə, əsasən, asqırma prosesində havaya buraxdığı viruslu zərrəciklər bir neçə saat ərzində havada asılı qalır və bu, virusun digər insanlara da yayılmasına səbəb olur. Xəstə insanın toxunduğu əşyalara toxunmaq da sağlam insan üçün təhlükəli ola bilər. Ona görə də qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi əşyalara gigiyenik qaydalara tam əməl etdikdən sonra toxunmaq lazımdır.

Qeyd etmək lazımdır ki, qızılcaya ötəri yanaşmaq virusun bədəndə inkişaf edərək sətəlcəm, meningit və korluq kimi daha ağır fəsadlara səbəb olmasına gətirib çıxara bilər.

Qızılcanı təhlükəli edən bir digər səbəb də onun müalicəsi üçün vahid dərman və perapatların olmamasıdır. Ona görə də virusa yoluxmuş şəxslərin bu müddət ərzində imnunitetitini gücləndirəcək fərqli qidalar qəbul etməsi daha məqsədəuyğun hesab edilir.

“Füyuzat” sözügedən mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, həkim farmakoloq Aydın Əliyevin fikirlərini öyrənib. O bildirib ki, hazırda bütün dünyada, eləcə də ölkəmizdə infeksion xəstəliklər sürətlə yayılır:

“Mən bunun ilkin səbəblərini ekologiyada, yəni natəmiz hava, keyfiyyətsiz su və qida məhsullarında görürəm. Bir digər səbəb çox təəssüf ki, infeksiyadan da qorxulu olan, xüsusən uşaqlar arasında yayılmış “telefon xəsətəliyi”dir. Bu xəstəlik uşaqlarda yuxu pozuntusuna, həmçinin qida qəbul etdikləri zaman diqqətlərini başqa yerə yönəltmək kimi neqativ hallara səbəb verir. Buna görə də bədən həzm üçün lazım olan maddələri qəbul etmir və nəticədə bədənin immun sistemi, yəni müqavimət gücü zəifləyir. Ayrı-ayrı orqanlar arasında əlaqələr pozulduqda orqanlar, ümumiyyətlə bədənin sinirləri arasında anlaşmazlıqlar və ləngimələr olur ki, bu zaman bədənimizin işi pozulur. Cavan orqanizmlər əvvəl bunu hiss etmir, ancaq zaman keçdikcə fəsadlar özünü göstərir”.

Aydın Əliyev xəstəliyin yayılma səbəblərinə də toxunub:

“Digər tərəfdən bildiyimiz kimi infeksiyaların yayılma dərəcəsi var, yayılma isə daha çox təmaslardan olur. Bəzi infeksiyaların yayılma gücü daha çoxdur, əgər bizdə bu infeksiyalar yayılırsa, deməli sanitar gigiyenik qaydalara düzgün riayət etmirik və uşaqların inkişafına düzgün fikir vermirik. Qidaları düzgün qayda-qanunla qəbul etməliyik. Əvvəl göy-göyərti, meyvə yeyilməli daha sonra digər qidalar qəbul olunmalıdır. Həmçinin gün ərzində çoxlu su içmək və daim hərəkət etmək lazımdır. Bütün bunların nəticəsində bədənimiz viruslara, mikroblara qarşı daha güclü olar və xəstəliklər yayılmaz”.

Aydın Əliyev infeksiyadan qurtulmaq üçün insanların əvvəldən öz sağlamlığına xüsusi diqqət etməli olduğunu vacib hesab edib:

“Hal-hazırda bəzi məqamlar var ki, biz ona müdaxilə edə bilmirik, məsələn Bakı şəhərində ekoloji natəmizlik normanı keçib və bunun qarşısını almağın müəyyən çətinliyi var. Bu problemlər başa düşüləcək məqamlardır, ona görə də yayılmış infeksiyalarda tibb qanunlarına əsasən, müəyyən yaş dövrünə uyğun peyvənd olunmalıdır. Ancaq bəziləri tədbir almır, sadəcə xəstəliyə yoluxandan sonra bunun üstünə düşür. Ona görə də xəstəlik yayılmadan öncə peyvənd vurulmalıdır, əks təqdirdə peyvənd sadəcə özünü qoruyacaq. Xəstəliklərdən qaçmaq üçün tibbə önəm verməli, ancaq bununla bərabər düzgün qidalanmalıyıq”.

Nəzrin İsmayılova