Füyuzat 140

Yaxın Şərqin Oğuz fatehləri – Zəngilər

Əvvəli ötən sayımızda…

MİSİRİN FƏTHİ

Nurəddin Zənginin məqsədi Anadoludakı türk bəylərinin işinə çox müdaxilə etməmək idi. Çünki həmin vaxt böyük atabəy diqqətini Misirə cəmləmişdi. Nurəddin Misir siyasətinin başına gənc əmirlərindən Səlahəddin Əyyubini gətirərək səlibçilərlə ittifaq halında olan Fatimiləri ortadan qaldırmaq niyyətində idi. Həmin vaxtda Misirdəki Fatimi xilafəti ağır siyasi-sosial böhran keçirirdi.

1163-cü ildə Fatimi xəlifəsi vəzir Şavərin bütün səlahiyyətlərini əlindən aldı. Şama gələn vəzir burada Nurəddinin hüzuruna çıxıb ondan xəlifəyə qarşı kömək istədi. Bu, Misiri ələ keçirmək üçün Nurəddinin axtardığı fürsət idi. Nurəddin Mahmud 15 aprel 1164-cü ildə Şirkuhun əmrində böyük bir ordu hazırladıb Misirə göndərdi.

Şirkuh əl-Mənsuri olaraq tanınan bu əmir Səlahəddin Əyyubinin əmisi idi. Əsl adı Əsədəddin olan bu şəxs “dağ aslanı” (Şirkuh) olaraq tanınırdı. O, əmirül-ceyş, yəni ordu başçısı səlahiyyətləri xaricində Nurəddinin adından Şam bölgəsini də idarə edirdi. Şirkuhun atası Şadi ibn Mərvandır; bir ehtimala görə, onun ailəsi Azərbaycanın Şəddadilər soyundan gəlirdi. Ancaq bu məlumat öz təsdiqini tapmayıb. Lakin ailənin Divindən Tikrit bölgəsinə gəlib məskunlaşdığı dəqiqdir. Şadinin iki oğlu – Nəcməddin Əyyubi və Əsədəddin Şirkuh Tikritə gəldikdən sonra Bağdad şahnəsi (şəhər hərbi nəzarətçisi) Bəhruz əl-Xədimin xidmətinə girdilər. Bir müddətdən sonra Nəcməddin Əyyubi Tikrit hakimi təyin olundu. Müəyyən vaxtdan sonra şahnə ilə arası pozulan hər iki qardaş Mosul atabəyi İmadəddin Zənginin əmrinə daxil oldu. Beləliklə, Əyyubi ailəsinin Zəngi ailəsi ilə dostluğu başladı. Hər iki qardaş Zəngi atabəylərinin ən sadiq komandanı oldu.

Səlahəddin Əyyubinin əmisi olan Şirkuh Misirə hərəkət etdiyində qarşısına çıxan Dırqam əmrindəki Fatimi ordularını məğlub edib Qahirəni aldı. Dırqam vəzifəsindən uzaqlaşdırıldı və yerinə Şavər gətirildi. Ancaq vəzir Şavər Nurəddin ilə bağladığı müqaviləyə əməl etməyib Şirkuhun geri dönməsini istədi. Şirkuh onun bu tələbini rədd etdikdə hiyləgər vəzir bu dəfə səlibçilərdən kömək istədi. Səlibçilərlə Şirkuh arasında meydana gələn müharibədən bir nəticə alınmadı və o, Dəməşqə qayıtdı. Bu hadisə Nurəddinin Misiri ələ keçirmək üçün etdiyi ilk səfəri idi. Şirkuhun geri qayıtmasından sonra vəzir Şavər ölkəni idarə edə bilmədi. 1166-cı ildə Misir xalqı Şavərə qarşı üsyan edib Nurəddindən kömək istədi. Ona görə də Nurəddin Şirkuhu 2000 nəfərlik bir ordu ilə 9 yanvar 1167-ci ildə yenidən Misirə göndərdi. Şirkuhun əmrindəki orduların başında gənc Səlahəddin Əyyubi dayanırdı (Səlahəddin Əyyubi Şirkuhun qardaşı Nəcməddinin oğlu idi. Bu ailə 1131-ci ildən Zəngilərin idarəsi altına girib onların əsgəri xidmətliləri olmuşdular). Şirkuh və Səlahəddinin Misirə gəldiyini eşidən Fatimi vəziri Şavər Qüds səlib kralı Amoridən kömək istədi. 6 aprel 1168-ci ildə əl-Babeyn müharibəsində səlib ordusu darmadağın edildi…

Əkbər N.Nəcəf
Tarixçi – tədqiqatçı