İnformasiya axınının dinamik strukturu içində bəzi mövzuların əhəmiyyəti yüksəlirsə, bəziləri əhəmiyyətini itirir. Nəticədə bir sıra mövzular gündəm olmaqdan çıxır. Bu, məlumat axınının təbii gedişatı nəticəsində və ya şüurlu müdaxilə hesabına baş verir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə informasiya axınının dinamik strukturu içində vacib əhəmiyyətə malik mövzuları seçib onların müzakirə müstəvisinə qaldırılmasını ustalıqla həyata keçirirdi. O, illərin gətirdiyi təhlil təcrübəsi ilə prosesi özünəməxsus bir tərzdə həm qabaqlayırdı, həm də gündəmi zamanında formalaşdırmaq üçün ikimərhələli vasitədən istifadə edirdi. Belə ki, ilk hansı mövzu haqqında danışacağını, daha sonra həmin mövzunu hansı üslub və qayda ilə cəmiyyətə çatdıracağını müəyyən edirdi. Buna mediada prioritetləşdirmə və çərçivələmə mərhələləri deyilir. Adını qeyd etdiyim çərçivələmə termini XX əsrin 50-ci illərindən sonra sosial elmlərdə (sosiologiya, psixologiya və s.) istifadə olunmağa başlasa da, Əli bəy ilk dəfə XX əsrin əvvəllərində həmin metoddan xalqımızın milli oyanışı üçün mediada istifadə etmişdir. Bu vasitə ilə o, hadisələrin vacib tərəflərini oxucunun diqqətinə doğru üslub və qayda ilə çatdırır, doğruları əks etdirməyən xəbər və məlumatları, uyğunsuz izah metodlarını çərçivənin kənarında saxlayırdı. Nəticədə o dövr üçün cəmiyyətin gündəmi “Füyuzat”da qələmə alınan analizlərlə formalaşır, ictimaiyyət arasında hadisələrin dəyərləndirilməsi məhz həmin çərçivələr daxilində aparılırdı.
Məlumdur ki, XX əsrin əvvəllərində erməni terroru vətənimizin əksər ərazilərini əhatə etmişdir. Həmçinin doğma yurdumuz Zəngəzurda millətimizə qarşı erməni daşnakları tərəfindən amansız soyqırımılar həyata keçirilirdi. Dinc və müdafiəsiz insanlarımız süngüdən keçirilir, düşmənin amansız işgəncələrinə məruz qalırdılar. Bu hadisələr o dövrün gündəmini təşkil edirdi və Əli bəy Hüseynzadə həmin gündəmi elə “Füyuzat” dərgisinin ilk sayında “Həyat və meyli-füyuzat” yazısı ilə oxucularının nəzərinə çatdırırdı. Ədib bu yazısında “Füyuzat”ın məram və məqsədini, fəlsəfəsini anlatmaqla yanaşı, tarixi məmləkətimiz olan Zəngəzurda ac və dərbədər qalmış insanlarımızın həyatına da diqqət çəkərək qeyd edirdi: “…Şübhə yoxdur ki, hər bir fərdi-zihəyat (canlı) füyuzatı bir növlə anlar: ola bilir ki, şikəmpərvərin (qarınqulu) biri füyuzatı gözəl-gözəl və bol-bol yeyib-içməkdə görər. Ya dünyapərəstin biri xanəndə və sazəndələr arasında, bağ və bağça içində kəmali-sihhət və afiyətlə müddəti-mədidə (uzun zaman) yaşamaqda bulur. Lakin o bağçanın, o səfaxanənin qapısı önündə yığılan bir sürü ac və çıplaq, məsələn, Zəngəzur fəlakətzadələrinin, dərbədərlərinin ahüfəğanlarından vicdanınız müəzzəb olmazmı?” Qeyd etdiyimiz bu nümunədə Əli bəy oxucuya təqdim etdiyi hadisəni özünün müəyyən etdiyi çərçivələrdən çatdırırdı. Yazının birinci hissəsində də vurğuladığım kimi, Əli bəy üçün cəmiyyətin rasional düşüncəsinin formaya salınması ilə yanaşı, onun mənəvi inkişafı da vacib idi. Bu səbəbdən o, hadisələri birbaşa anlatmaq yerinə, oxucunun həm düşüncəsinə, həm də duyğularına xitab etməyi öz yazı üslubunda çərçivə müəyyən etmişdir. Düşündürmək onun əsas prinsipi idi. Zəngəzur məsələsində də oxucuya sual metodu ilə xitabetmə şəklinin qaynağı məhz budur. Mütəfəkkirin “Füyuzat”ın ilk sayında məcmuənin qayə və məqsədini açıqlamaqla yanaşı, Zəngəzur hadisələrinə xüsusi diqqət çəkməsi onun milli məsələləri “Füyuzat” mətbu orqanının prioriteti olaraq müəyyən etməsinin bariz nümunəsidir.
Əli bəy Hüseynzadə gündəm formalaşdırmaq üçün üç vasitədən istifadə edirdi – aktual mövzu, seçim və təqdimat.
XX əsrin əvvəllərində hadisələr yalnız bizim coğrafiyamızda cərəyan etmirdi. Osmanlı türklərinin, rusların, ingilislərin vermiş olduqları siyasi qərarların, həmin dövrdə bir sıra Qərb dövlətlərinin islam məmləkətlərinə qarşı ittifaqa meyli nəticəsində də qlobal mənada siyasi-ictimai gündəm formalaşırdı. Belə qərarlar, gedişatlar, sözsüz ki, Qafqaza öz təsirini göstərirdi. Bu qədər geniş hadisələrin, gündəmin arasında cəmiyyətin doğru yönəlimi üçün yalnız aktual mövzuları görmək, təhlildən keçirmək kifayət etmirdi, həm də onlar arasında ən səhih olanını millətin oyanışı üçün seçmək və doğru üslubda təqdim etmək vacib idi. “Füyuzat” dərgisinin birinci sayında Əli bəyin “İcmal” adlı yazısına nəzər saldıqda orada onun bu üslubiyyətinə aydın şəkildə şahid olmaq mümkündür. Yazısında dünyanın hal-vəziyyətini təsvir edən təhlilçi hadisələrin gerçək tərəflərinin sanki içəridən şəklini çəkirdi və ümumi vəziyyətin hökumətlər tərəfindən ictimaiyyətə olduğundan fərqli təqdim edildiyini bildirirdi: “Hər nə hal isə bir tərəfdən hürriyyət naminə islahat icra olunuyor, digər tərəfdən hürriyyəti-kəlamə, hürriyyəti-ittifaqə müğayir hərəkətlər göstərilib bir çox cəmiyyətlər tağıdılıyor, qəzetələr bağlanıyor, bəzi darülfünun qapanıyor. Hökumətlə cəmaətin arasında üstüörtülü bir mübarizə əlan davam edib turuyor… İnqilabçılar qüvvətlərini, hökumət isə niyyətlərini gizləməyə qeyrət ediyorlar…” Bu nümunədə Əli bəyin hadisələrin kökünə enməyə çalışdığını, oxucuya təqdim olunanın deyil, gerçək olanın fərqinə varması üçün reallıqları öz çərçivəsindən izah etməsi faktını görə bilirik. Reallığı əks etdirən məsələlərin həqiqi üzünü göstərən təhlillər məlumat alan oxucuda təsir yaradır və gündəmin formalaşmasında həmin analizlər əhəmiyyətli rol oynayır.
Əli bəy Hüseynzadə gerçəklərin fonunda formalaşdırdığı gündəmlə bütün fəaliyyətini və davasını bəşəriyyətin, millətin tərəqqisinə həsr etmişdir. Günümüz etibarilə böyük mütəfəkkiri tərəqqipərvər, maarifçi şəxsiyyət kimi tanımağımızın səbəbi onun təkcə bu davanın öncülü olduğundan qaynaqlanmır, həm də o dövr üçün formalaşdırdığı gündəmin hazırkı vaxt üçün keçərli olmasından qaynaqlanır.