Düşüncələr qatılaşarmı?
Bulanarmı fikir çeşmələri?
Bəsirət gözü sisə-dumana bürünərmi?
Boğularmı kəlmələrin səsi?
İnsan oğlunun düşüncələri qatılaşdıqca görmə məsafəsi daralar, cılızlığı korluğa meydan oxuyar. Söz mənasını itirər, anlamaq anlaşılmazlıq məngənəsində sıxılar. Boğular kəlmələrin səsi, uğultular əngəlləyər eşidə bilənləri, karlıq sancıları çəkər duymaq…
O gözlər ki baxmaqla deyil, həqiqət işığıyla görərdi, bu qaranlıqda onlar da pərdələnər.
Sonra yalançı sehrbazlar bürüyər ətrafı. Mahiyyəti dəyişər duyğuların. Ağıl gəmidən enib qayığa mindiyinin fərqinə varmaz.
Qəlbi bir ət parçası bilənlər inamsızlıq toxumları əkər düşüncə tarlasına.
İnsanı digər canlılardan ayıran, ağılla düşünməsini təmin edən və özünü dərk etməsinə içindəkiylə yön verən qəlbdir. Kimin qəlbi həqiqətə açıqdırsa, o, ilahi bir nurla – nəzərlə baxar.
Həqiqətə qapalı qəlb isə qatılaşar…
Məşhur isveçrəli pedaqoq İohann Pestalotsi deyir ki, insanı ən çox tükədən şey qəlbin qatılaşmasıdır.
Qəlb qatılaşar, bəzən bu qatılıq daşdan, qayadan da sərt olar.
Daşlar belə bir-birindən fərqlidir. Onların içərisində elələri var ki, içlərindən çaylar, nəhrlər axar. Bəziləri vardır ki, öz-özünə ovular, bəzilərinin də içindən bulaqlar çağlayar. Demək, insanın daşdan daha qatı olması ən qorxuncudur…
Qəlblərin və qulaqların duymaması, gözlərin üzərinə pərdənin çəkilməsi – qəflət və nifaq, insanların etdiklərindən peşmanlıq duymaması – inkar və zülmdür.
“Bilgisizlərin, həqiqətə qapalı olanların qəlbləri bir-birinə bənzər”, deyirlər…
İslam dünyasının parlayan günəşi həzrət Əli deyir ki, qəlblər içi boş qablara bənzər, yaxşı olanı içi yaxşılıqla dolu olandır.
Qəlbi yaxşılıqla dolu olanlar… Kiçik hisslərdə itib-batmayanlar, Yaradanın məhrəm sarayına üz tutanlar… Qəlbləri işıq selinə açıq olanlar. Yaxşı olanlar…
Bir də onları görməyənlər var. “Heç kor ilə görən bir olarmı?”
Görməməkdirmi korluq, yoxsa baxıb görə bilməməkmi insanı kor edər?
İlkin mühakimələrimizdən sıyrılıb baxsaydıq, görəsən, necə dəyərləndirərdik?
Korluq insanlığın ən böyük düşməni, korluq dəyərsizləşmək, yadlaşmaq, ruhsuzlaşmaqdır…
Zülmət dolmuş qəlblərin korluğu fəlakətdir.
Millətimizin gələcəyi yaxşıların əliylə yetişməlidir, işıq selini qəlblərdə canlı tutanların əliylə qaranlıqlar aydınlanmalıdır.
Düşüncə saflığına, bərraqlığına cığır açanlar yaxşılardır.
Gələcəyi aydınladan maarifpərvər fədakarlar, irfan sərdarları qəlblərində yaxşılığı hakim edənlərdir…
Onlardır qafil olmayanlar, qəflət yuxusuna dalmayanlar…
Qəlbləri yaxşılarla dolu olanlar yerdən səmaya mərhəmət dalğaları göndərənlərdir…
Yaxşılar şahiddir yaxşılıqlara…
Yaxşılar bir məsumun üzündəki zərif təbəssümdür.
Yaxşılar Uca Yaradana göndərilən ismarıclardır:
Bizi qəlbi qatılaşmışlardan etmə. Qəlbi, düşüncəsi daşlaşmışlardan etmə… “Bizə bir işıq seli göndər, zülmət dolmuş qəlblərimiz aydınlansın, qaranlıqda qalmayaq, yazıq olmayaq…”