Mənəviyyat

Kimdən və nədən şübhə etməliyik?

İnsanlara xas olan müxtəlif hisslər vardır, bunları müsbət yaxud mənfi olaraq ayırmaq olar. Ancaq mənfi kimi düşünülüb nəticəsi bəzən müsbət, bəzən isə mənfi olan hisslər də vardır, buna “şübhə” hissini nümunə çəkmək olar. Bəs insanlar hansı səbəblərdən və kimlərdən şübhə etməlidir? İnsanlar bu şübhələrində haqlı sayıla bilərlərmi? Hər şeyə qarşı şübhəli olmaq və davamlı şübhə ilə yaşamaq insanların həyatında nə kimi problemlərə yol aça bilər?

İlk olaraq şübhənin nə olduğunu araşdırmaq lazım gəlir. Şübhə nədir?

Şübhə inamla inamsızlıq arasında olan bir hissdir. Bu hiss bəzi insanlar üçün normal dərəcədə olsa da, bəzilərində isə bu həddən artıqdır. Həddən artıq şübhə ilə yaşayan insanlar “paranoid” və ya “şübhəli” adlandırılır. Psixoloqlar bu fikirdədirlər ki, şübhə insanın özündən irəli gələn bir fobiyadır.

Dostluq münasibətlərində, iş mühitində, hətta bəzi hallarda ailə arasında müəyyən səbəblərdən şübhələr yaranır. Şübhə bir hökmdən öncə hiss olunan tərəddüdlər sayəsində meydana gəlir. Bu hal dostluq və iş mühitində müəyyən qədər anlaşılan olsa da, ailə daxilində olması heç də xoşagələn hal deyil. Şübhə sadəcə insanların arasında olmaya bilər, bəzən insanlar İlahi şübhəyə də qapıla bilir, onları narahat edəcək bir çox suallarla qarşı-qarşıya qalırlar.

“Füyuzat” sözügedən mövzu ilə bağlı araşdırmaçı-yazar Muxtar Cəfərlinin fikirlərini öyrənib. O bildirib ki, şübhə bəzi məsələlərin həqiqətini tapmaq üçün bir addım, doğru və yalnışı ayırd etmək üçün bir açar sayılır:

“Lakin bu kimi müsbət cəhətləri ilə yanaşı istər insanın fərdi, istərsə də ictimai həyatında daha çox mənfi tərəfləri ilə təzahür edir. Çünki şübhə insanın içini gizli şəkildə gəmirən, onun qəlb dünyasın işığını söndürüb zülmətə bürüyən qorxulu bir xəstəlikdir. Bu da, əsasən, başqalarına güvənməmə hissindən doğur. Təbii ki, bu dediyimiz davamlı şəkildə və səbəbsiz yerə insanlara qarşı hiss edilən şübhədir. Bunun da adı psixiatriyada paranoid şəxsiyyət pozuntusu adlanır”.

Muxtar Cəfərli ailə daxilində olan şübhə mövzusuna da toxunub:

“Ailə daxilində yaranan şübhəyə gəldikdə, bu ailənin hüzur və səadətini pozan, ailə fərdlərini bir-birinə bağlayan ülvi bağları qıran ünsürdür. Şübhə insanın dünyadakı cənnəti sayılan ailə yuvasının sütunlarını zədələyir. Bu zədənin bərpa edilməsi isə çox çətin və ya mümkünsüz olur. Eyni zamanda şübhənin hakim olduğu ailə həyatında evliliyin davam etməsindən söhbət gedə bilməz. Şübhə bir ailəni məhvə sürüklədiyi kimi bir cəmiyyətin insanları arasında da mövcud olarsa, həmin toplumu dağıdar. Ona görə də istər ailəvi, istərsə də ictimai həyatımızda şübhəni güvənc və etibar hissi ilə əvəz etməliyik. Əgər biz bu kəlməni həyatımızdan çıxarmasaq, bir zaman sonra o bizi insanlıqdan çıxarar. Çünki şübhə zərər və fitnənin çəyirdəyidir”.

Muxtar Cəfərli İlahi şübhə ilə bağlı bildirib ki, insan təbiəti etibarilə gözlə görünməyən mücərrədliklərə şübhə ilə yanaşan varlıqdır, lakin bu şübhə inadçı və ya inkarçı şübhəyə çevrilməməlidir:

Əsas məsələ insanın inadı bir kənara qoymasıdır. Kainat başdan-başa mükəmməl bir sənət əsəridir. Atomdan qalaktikalaradək hər şeydə incə və heyranedici sənətkarlıq nəzərə çarpır. Biz texnoloji cihazlara baxanda onu düzəldənin elminə heyran qalır və riyaziyyatı, fizikanı, kimyanı, biologiyanı çox dərindən bildiyinə əmin oluruq. Bəs bu cihazlardan milyon dəfələrlə mükəmməl olan bu kainata baxıb ondakı heyrətamizliyi görəndə nə düşünürük? Bu cihazları düzəldən var, bəs kainatı “düzəldən” yoxdurmu? Cihaz onu düzəldənin dərin və geniş elmindən xəbər verirsə, bu kainat onu yaradanın sonsuz elmindən xəbər vermirmi? Əlbəttə, kainatda canlı və cansız hər bir şeyin olduqca mükəmməl yaradılması onları Yaradanın kamil elm sahibi olduğunu göstərir. Gözəl və zərif naxışlarla bəzədilmiş boyunbağı onu düzəldən zərgərin usta sənətkarlığından xəbər verir. Biz bu kimi əşyaları görəndə onu düzəldənin sənətinə “Əhsən!” deyir, onun məharətini alqışlayırıq. Bəs kainat, bəs insan?

Zərrələr aləmindən ulduz sistemlərinədək, bitkilər aləmindən heyvanat aləminədək – hər şey Onu göstərir, Onun varlığına dəlildir. Kəpənəyin qanadının, tovuz quşunun quyruğunun, çiçəyin ləçəklərinin, arının pətəyinin, minlərlə, milyonlarla irili-xırdalı varlıqların yaradılışı sonsuz qüdrət sahibinin möhtəşəm sənətindən başqa nə ilə izah edilə bilər? Allah yaradan sifəti ilə kainatda hər şeyə öz möhürünü vurmuşdur. Diqqətlə baxsaq, kainatdakı nizam və qanunların özlərinə məxsus şəkildə “bizi yaradan Allahdır” dediklərinin şahidi olarıq. Kainatın yaranması barədə düşünsək, onun kor-koranə əmələ gəlmədiyini görərik. Bir şey varsa, onu mütləq var edən vardır. Məntiqin ən sadə məsələsinin həlli belədir”.