Füyuzat 129 Turan dünyası

Ə.Fitrətin yaradıcılığında türkçülük ideyaları

Özbək ədəbiyyatı tarixində yaradıcılığı ilə xüsusi yer tutan yazıçı, alim, publisist və fəal ictimai xadim Əbdürrauf Fitrət çətin, ziddiyyətli həyat yolu keçmişdir. O, 1886-cı ildə tarixi memarlıq və yüksək mədəniyyət abidələri ilə məşhur olan Buxarada ziyalı ailəsində doğulmuşdur. Valideynləri Fitrətin tərbiyəsi ilə ciddi məşğul olmuş, hərtərəfli təhsil alması üçün lazımi şərait yaratmışlar.

Əbdürrauf Fitrət Türküstanın tanınmış və nüfuzlu təhsil ocağı – Mir-Ərəb mədrəsəsini, sonralar (1909–1913) İstanbul Universitetini bitirmişdir.

XX əsrin 20-30-cu illərində özbək milli düşüncə tarixində xidmətləri olan Əbdürraufun həyatında Türkiyə dövrü böyük rol oynayır. O, burada inkişaf etməkdə olan yenilikçi fikirlərin və Turan ideologiyasının Türküstanda təbliği yollarını düşünürdü. İstanbulda qaldığı müddətdə bir tərəfdən türkçü “İttihat və Tərəqqi”, digər tərəfdən islamçı “Siratul-müstəqim” qurumları ilə sıx əlaqədə olan Fitrət Buxara tələbələrinə kömək üçün bir qrup həmfikirləri ilə “Buxara Tamami Maarif Dərnəyi”ni qurur. İstanbul Universitetində oxuduğu illərdə “Gənc Türklər”ə qoşulan və onların düşüncələrindən təsirlənən alim Buxaraya qayıtdıqdan sonra “Gənc Buxaralılar” təşkilatını yaradır.

Türkiyədə aldığı müsəlman təhsilinin və türkçü baxış, türkçü düşüncənin təsiri altında yazdığı “Münazərə” əsərində müəllif vətəninin tam təsvirini, onun geri qalma səbəblərini işıqlandırır. Burada Fitrət İslam müdərrislərini İslamın və türklüyün gücünü zəiflətməkdə ittiham edir. Əsərdə yer alan fransız obrazı isə şairin özüdür. Qərb xarakterinin simasında Fitrət mütərəqqi düşüncələrini ifadə edir. O, əsərdə fransızın dili ilə türküstanlılara xitabən bildirir: “Bəşəriyyətin inkişafı naminə deyirəm: əgər türküstanlıların yolu budursa, yəni ömrünüzün dəyərli 37 ilini lüzumsuzların tədrisinə sərf edib özünüz faydalı elmlərdən kənarda qalacaqsınızsa, bir neçə ildən sonra Türküstanda İslamdan əsər qalmaz, sadəcə tarix səhifələrində onun adına rast gələrsiniz”.

Fitrət İslamın yanlış təbliğini və bu yolla insanları cəhalətə, geriliyə sürükləyən din adamlarını, onların tədris sistemini tənqid edirdi. Əsər boyu buxaralı müdərrisin fransızın qarşısına çıxardığı faktlar onun nə qədər cahil olduğunu göstərir. Nəticədə İslam mədrəsələrində 25-30 il ərəb dili tədris olunsa da, oranı bitirənlərin belə bu dili doğru-düzgün bilmədikləri üzə çıxır; Quran, Peyğəmbərin “hədisi-şərif”i yanlış təbliğ edilir. Halbuki “Buxarayi-şərif” bir vaxtlar Fərabi, İbn Sina, Uluqbəy, İmam Buxari kimi dahiləri yetişdirirdi.

Bir zamanlar Avropaya qədər yayılan İslam düşüncəsinin, türk qüdrətinin XX əsrdə çökməsi şairi qəzəbləndirir. Yenilikçilik hərəkatı olaraq cədidizmin əsasında islamçılıq və türkçülük ideyaları dayanırdı. Bu baxımdan cədidçilərin tarixə, tarixi qəhrəmanlara münasibəti olduqca böyük əhəmiyyət daşıyırdı. Cədidçilər türkün şanlı tarixinə istinad edərək türk xalqını qəflət yuxusundan oyatmağa, onun varlığını və böyüklüyünü ona izah etməyə çalışmışlar. Əmir Teymur cədidçilik ədəbiyyatında ən çox istinad edilən tarixi şəxsiyyət olmuşdur. Onun adı cədidizmin bir çox nümayəndələrinin əsərlərində çəkilir. İsmayıl bəy Qaspıralı “Mükələməyi Salatın” əsərinə epiqraf kimi Əmir Teymurun məşhur “Güc ədalətdədir” fikrini seçmişdir. Əbdürrauf Fitrət yaradıcılığında Əmir Teymur tez-tez adıçəkilən tarixi şəxsiyyət olmuşdur (onun 30-dan çox əsərində görkəmli sərkərdənin adı keçir).

Davamı…