Füyuzat 136

İpək yaylıq

Bir dəfə uşaqlıqda ağlaya-ağlaya nə­nə­min üstünə yüyürdüm. Ovcumun içi al-qırmızı qan olmuşdu. Qan görəndə çox ürpənirəm, təlaşlanıram ki, həmin andaca öləcəm. Nənəm öncə qorxdu, elə bildi yenə şuluqluq edib kəsici alətlə doğramışam barmaqlarımı, amma həzin-həzin axan damcıları görəndə qatilin kimliyini anladı…

Gözlərindən ikicə iri gözyaşı süzüldü ovcuma. Heç nə anlamadım.

Zərifə nənəm ipək yaylığını başından açıb əlimi sarımağa başladı. O qırışlı əllərin toxunuşundanmı, yaylığın yaranı örtməsindənmi, ya da nənəmin kövrəlməsindən ötrümü artıq öz ağrımı unutmuşdum və yeni hekayə dinləyəcəyimi bilirdim:

“Bu əhvalat keçmiş zamanlarda möcüzəli diyar adı ilə məşhurlaşan bir yerdə baş vermişdi. Günlərin bir günü bağban möcüzəli diyara gəlir və burada digər çiçəklərə bənzəməyən, gözəllikdə tayı-bərabəri olmayan, başdan-başa tikanlar içərisində bir gülün zərif baxışlarla ona baxdığını görür. Bağban çiçəyin hansı ailəyə aid olduğunu anlaya bilmədiyindən ona sadəcə gül banu deyərmiş. Gül banu özü böyüdükcə sorağı da diyar-diyar gəzər, çəmən-çəmən yayılarmış. Sorağına gələnlərin sayı-hesabı bilinməzdi, hər qızılgülün bəxtinə bir bülbül düşdüyü halda, banunun xoş rayihəsində cəh-cəh vuranların sayı olduqca çox idi. Amma nə insanlar, nə bülbüllər, nə də bağban ona çox yaxınlaşa və toxuna bilərdilər, çünki təbiət bu gözəlliyi tikanlı qalxanla hifz eləmişdi, elə tikanlar ki, uzaqdan qanlı məftillərə bənzəyirdi.

Banu gündən-günə yalqızlıqdan yorulurdu. Adamların gəlib saatlarla onun qarşısında əyləşib dərin fikirlərə dalması, əllərində fırça ilə qəribə cızma-qaralar etməsi əvvəl-əvvəl xoşuna gəlirdi, amma onlar bağçadan gedərkən banunun yan-yörəsindəki zanbaq, lalə, nərgiz, yasəmən, hətta qızılgülləri dərib öz evlərinə aparar, yanlarındakı gözəl xanımlara hədiyyə edərdilər. Çiçəklər zərif bir əldə necə də nəfis görünürdü… Onların yerinə sevinirdi, həmin çiçəklər, bəlkə, gözəl bir evin güldanlarını bəzəyəcək, bəlkə də, bir şairin xatirə dəftərində quruyub əbədilik qazanacaqdılar.

Qoca bağban isə artıq xəstələnib dünyasını dəyişmişdi. Onu əvəz edən oğlu atası kimi çiçəklərin qayğısına qala bilmir, bir gün gəlirdisə, üç gün gəlmir, gələndə də veyil-veyil dolanırdı.

Nəhayət, banu onun da diqqətindən yayınmadı, hətta ilk görüşdə gülü qoparmaq istədi, amma tikanlar əllərinə sağalmaz yara vurdu. Oğlan bundan bərk əsəbiləşdi, elə banu da. Həyatında bircə insan ona yaxın gələ bilmişdi, bu da nankor gülün cavabı. Gül banu bütün təbiət qanunlarının üstündən xətt çəkərək içində yığılıb qalmış əzablı duyğularla hayqırdı: “Eyy, cavan oğlan, niyə məni özünlə aparmırsan?”

Oğlan geriyə dönüb səsin haradan gəldiyini axtarmaq istədi. Buranın möcüzələr diyarı olduğunu bilirdi, amma yenə də səsin banudan gəldiyinə inana bilmədi.

– Səninləyəm axı. Niyə məni aparmadın?

Oğlan üçün əyləncə başlamışdı artıq. Əslində, gül banunun onun üçün heç bir önəmi yox idi, gözəlliyinə də bir o qədər fikir verməmişdi. Sadəcə ləçəklərin al-qırmızılığı diqqətini çəkmiş, onu dərib sevdiyi qızlardan birinə vermək istəmişdi. Amma indi söhbət başqa məcraya yönəlmişdi. O, banuya məzəmmət edərək bu tikanlarla heç nəyə yaramadığını inandırıcı dillə sübut etməyə çalışırdı.

 – Sən ancaq o tikanlardan qurtulsan, mənim ola bilərsən.

Banu artıq hər şeyi gözə almışdı, oğlanın təklifi ilə razılaşdı.

Gənc oğlan artıq hər gəlişində banunun bir tikanını qoparıb yerə atırdı. Gül çox ağrıdığına baxmayaraq, cınqırığını belə çıxarmazdı. Günlər bir-birini əvəzlədikcə banunun yanına gənc oğlandan savayı gələn olmurdu, daha insanlar ona baxıb düşüncələrə dalmırdılar.

Nəhayət, bir gün banu bədənində qalan son tikanların axırıncı nəfəslər olduğunu, qüruba yaxınlaşdığını anladığından oğlana möhkəm əsəbiləşdi. Axı indi onu dərmək çox rahat idi, əl tutmağa yer açılmışdı. Amma oğlan yenə tikan qopardı.

Gül həm aldadılmış, həm də təhqir olunmuşdu. İndi anladı ki, yerə düşən hər tikanla banu özündən, yaradılışından, əzəmətindən qopub ayrı düşürmüş. Gül banu bu olanlara dözə bilmədi, son tikanını da özü qopararaq həyata ləçəklərini əbədi yumdu…

O banu bir kitab arasında quruya bilmədi, amma əvəzində şairin şeir dəftərində şah misra oldu, güldanlarda evləri bəzəyə bilmədi, amma rəssam tablosunda və bizim yaddaşımızda əbədi yaşadı, qızım…”

Hiss elədim ki, ipək yaylıq əllərimdən sürüşüb yerə düşdü, daha barmaqlarım incitmirdi…

Fidan Vahid
Filoloq