Ədəbiyyat

Yapon ədəbiyyatı – dünyanın ilk romanı

Yapon ədəbiyyatı, demək olar ki, bir çoxlarımızın maraq dairəsini əhatə edir. Bu ədəbiyyat çox zəngin, dərin və incə duyğularla dolu, iki min illik tarixə malik ədəbiyyatdır. Yapon ədəbiyyatı ilk dövrlərdə Çin ədəbiyyatı ilə olan sıx əlaqələr nəticəsində bu mədəniyyətdən bəhrələnmişdir. Dövrün əsərlərinin başlıca səciyyəvi xüsusiyyəti əsərlərin klassik Çin əlifbası ilə yazılmasıdır. Sonrakı dövrlərdə isə buddizmin Yaponiyaya yayılması ilə əsərlərdə Hindistan mədəniyyətinin aspektlərinə rast gəlmək mümkündür. Nəhayət, yapon ədəbiyyatı yapon yazıçılarının Yaponiya haqqında əsərlər yazması ilə özünəməxsus tərz, üslub yarada bilmişdir. Bununla yanaşı Çin ədəbiyyatı və klassik çin dilinin güclü təsiri yapon ədəbiyyatındakı öz təsirini müasir dövrə kimi qorumağı bacarmışdır. Yapon ədəbiyyatı tarixən bir neçə mərhələdən təşkil olunmuşdur.

1. Klassik dövr (8–12-ci əsrlər):

Bu dövrün dili çox poetikdir və saray həyatını əks etdirir. Klassik dövr ədəbiyyatında ərəb-fars və Çin təsiri xeyli güclü idi. Buddist və Şinto düşüncələri ədəbiyyatda xüsusi yer alırdı. Əvvəlcə yazılar Çin əlifbası olan kanji ilə yazılırdı, sonra isə yerli yazı sistemi – kana yarandı və inkişaf etdi. Yaponiyanın yaradılış əfsanələri və tarix salnamələri olan Kojiki (712) və Nihon Şoki (720) əsərləri, eyni zamanda da yapon poeziyasının ilk böyük antologiyası, dünyanın ilk romanı bu dövrdə qələmə alınmışdır.

Dünyanın ilk romanı Murasaki Şikibu tərəfindən qələmə alınan “Genji Monoqatari” (Genji nağılı) romanı hesab edilir.

“Genji nağılı” ilk dəfə XI əsrdə nəşr olunmuşdur. XVIII əsrdə avropalı kitab tənqidçisi tərəfindən kəşf edilən bu roman daha sonra 30-dan çox dilə tərcümə olunub. Yapon aristokratiyasının gündəlik həyatının təqdim edildiyi kitab ümumilikdə 54 fəsildən ibarətdir. Kitabda digər romanlardan fərqli olaraq 800-ə yaxın şeir də yer alıb.

2. Orta dövr – Kamakura və Muromachi (12–17-ci əsrlər):

Bu dövrdə hərbi sinif, samuraylar ön planda idi. Zen Buddizmi ədəbiyyata öz təsirini göstərirdi. Ədəbi dil get-gedə daha da sadələşməyə başlamışdı. Buddist ədəbiyyatı, müharibə dastanları kimi janrlar geniş yayılmışdı. Bu dövrdə “Heike Monoqatari” – qəhrəmanlıq dastanı, samuray rəşadətini və fədakarlığını əks etdirən və “Tsurezuregusa” (Kenko tərəfindən) – zuihitsu janrında yazılmış, fəlsəfi düşüncələrlə dolu əsərlər qələmə alınmışdır.

3. Modern dövr – Edo (19–20-ci əsrlər):

Qərb ədəbiyyatından təsirlənmə artıq yavaş-yavaş özünü göstərməyə başladı. Bu dövr ədəbiyyatının əsas mövzuları olan müasir həyat, tənhalıq, şəhər mədəniyyəti ön plana çıxdı. Edo dövrü Yaponiyada daxili sülh və sabitlik dövrüdür. Erkən müasir dövrdə Urban mədəniyyəti və teatrı (kabuki, bunraku) inkişaf edirdi. Dramatik əsərləri ilə tanınan məşhur oyun yazarı Çikamatsu Monzaemonun əsərləri oxucular tərəfindən sevilirdi. Haiku, kabuki teatrı və şəhər həyatı hekayələri kimi janrlar geniş yayılmışdı.

4. Modernləşmə dövrü – Meiji (1868–1912)

Bu dövrdə Qərb təsiri xeyli güclənir, yeni nəsr və roman janrı yaranırdı. Ənənəvi ədəbiyyat Qərb ədəbi texnikaları ilə qarışırdı. Realist roman, esse, hekayə kimi janrlar inkişaf edirdi. Bu dövrün məşhur yazıçılarına Yaponiyada ilk realist romanın müəllifi olan Futabatei Şimeini, müasir yapon romanının banilərindən olan Natsume Sosekini misal göstərə bilərik.

5. Müasir dövr – Taişo və Şova (1912–1945)

Bu dövrdə sosial narahatlıqlar, müharibə, millətçilik və Qərb təsiri, fəlsəfi, psixoloji və siyasi mövzular ön planda idi. Müasir dövrə qısa hekayənin ustası olan Akutagawa Ryunosukenı, “Qarın səsi” əsərinə görə Nobel mükafatı laureatı alan Yasunari Kawabatanı, ənənəvilik və müasirlik arasında ziddiyyətləri ədəbiyyata gətirən Yukio Mişimanı nümuə göstərə bilərik.

6. Müasir və Postmodern dövr (1945-dən bu günə)

Bu dövrdə isə müharibədən sonrakı travmalar, texnoloji və sosial dəyişikliklər və yadlaşma mövzuları daha aktual idi. Postmodern ədəbiyyatın tanınmış siması olan Haruki Murakami bu dövrdə dəyərli əsərlər qələmə almışdır. Gündəlik həyat və emosional təlatümlü əsərləri qələmə alan Banana Yoşimoto da oxucular tərəfindən sevilirdi.

Ən çox oxunan yapon əsərlərindən biri “Norveç Meşəsi”, orjinal adı “Noruwei no Mori”dir. Bu əsər 1987-ci ildə qələmə alınmışdır və romantik, psixoloji, dram mövzularını özündə ehtiva edir. Əsər sadəcə Yaponiyada deyil, bütün dünyada milyonlarla nüsxədə satılıb.

Yapon ədəbiyyatı özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə təbii gözəlliklərin təsvirini (gül, ay, yağış, sükut), tənhalıq və daxili monoloqları, simvollar və metaforaları, sadəlikdə dərinliyi, vaxtın axıcılığını nümunə olaraq göstərə bilərik.

Ləman Vahid