Xəbərlər

ADB Azərbaycanda ekoloji və dayanıqlı şəhərlərin dəstəklənməsi üçün texniki yardım ayırmağı planlaşdırır

Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit Okean regionunda şəhərlərin daha ekoloji, dayanıqlı və inklüziv inkişafını təmin etmək məqsədilə 2,1 milyon ABŞ dolları məbləğində texniki yardım ayıracaq.

“Füyuzat” ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşall adaları, Solomon adaları və Özbəkistanı əhatə edəcək.

Layihənin maliyyələşdirilməsi Şəhər Dayanıqlılığı üzrə Hədəf Fondu (1 milyon ABŞ dolları), Su İnnovasiyaları üzrə Hədəf Fondu (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondu (600 min ABŞ dolları) vasitəsilə həyata keçiriləcək.

Bu təşəbbüs inkişaf edən ölkələrə ekoloji dayanıqlılığı, iqlim dəyişikliklərinə davamlılığı və inklüzivliyi artıran əsas investisiya təşəbbüslərinin hazırlanması və qiymətləndirilməsində dəstək verməyi hədəfləyir.

ADB qeyd edir ki, şəhər inkişafına kompleks yanaşma sayəsində bu layihə müxtəlif donorların maliyyələşdirdiyi əlavə sublayihələrin cəlb edilməsinə və onların ardıcıl, koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Bu da ayrı-ayrı təşəbbüslərlə müqayisədə tədbirlərin daha effektiv icrasını təmin edəcək.

Bankın məlumatına görə, Asiya-Sakit Okean regionunun inkişaf edən ölkələri iqlim və təbii fəlakətlər qarşısında xüsusilə həssasdır. Bu regionda 2,3 milyard insan yaşayır və urbanizasiya səviyyəsi 50 %-i keçir ki, bu da dayanıqlı inkişaf üçün ciddi çağırışlar yaradır.

“Qlobal miqyasda baş verən təbii fəlakətlərin 40 %-i bu regionda qeydə alınır və buradakı əhali zərərçəkmiş insanların 84 %-ni təşkil edir. 2000-2019-cu illərdə iqlim dəyişikliklərindən ən çox təsirlənən 10 ölkədən 6-sı bu regionda yerləşirdi – Banqladeş, Myanma, Nepal, Pakistan, Filippin və Tailand. Xüsusilə, Hindiquş və Himalay dağlarında, sahilboyu ərazilərdə baş verən daşqınlar və ekstremal hava hadisələri ciddi təhlükə mənbəyidir”, – deyə hesabatda bildirilir.

Qiymətləndirmələrə görə, region şəhərləri dünya üzrə istehlak edilən enerjinin 60-80 %-ni istifadə edir və karbon emissiyalarının 75 %-ni yaradır. Əsas çirklənmə mənbələri arasında fosil yanacağın yandırılması, nəqliyyat, nəzarətsiz tullantı idarəçiliyi və meşələrin qırılması var. 2018-ci ildə region ölkələri qlobal istixana qazı emissiyalarının təxminən yarısını təşkil edib.

Bundan əlavə, iri və orta şəhərlərin 60 %-dən çoxu hava çirkliliyi problemi ilə üzləşir. Plastik tullantılar artmaqdadır – okeanlarda toplanan tullantıların 90 %-i qurudan gələn plastik çirklənmədən ibarətdir.

ADB vurğulayır ki, regiondakı bir çox şəhərlər zəif idarəetmə, koordinasiya çatışmazlığı və məhdud maliyyə resursları kimi problemlərlə qarşılaşır. Davamlı inkişaf üçün özəl investisiyaların cəlb edilməsi, vergi bazasının genişləndirilməsi və idarəetmə potensialının artırılması zəruridir.

Layihə şəhər inkişafına yönəldilmiş inteqrasiya olunmuş investisiyaların həcmini artırmaq, dayanıqlı böyüməni dəstəkləyən bilik və alətləri inkişaf etdirmək məqsədi daşıyır.

“Əsas fəaliyyət istiqamətləri şəhər investisiya layihələrində “yaşıl”, dayanıqlı və inklüziv yanaşmaların tətbiqi, ağıllı texnologiyaların təşviqi, kompleks həllər üzrə biliklərin artırılması və şəhərlərin innovativ layihələri idarəetmə bacarıqlarının gücləndirilməsindən ibarətdir. Bu tədbirlər region ölkələrinə ekoloji cəhətdən təmiz, dayanıqlı və inklüziv şəhərlər yaratmağa, iqlim dəyişiklikləri, təbii fəlakətlər və sosial bərabərsizlik kimi çağırışlarla daha yaxşı mübarizə aparmağa imkan verəcək”, – deyə bank qeyd edir.