Aktual Xəbərlər

Azərbaycanda tibbi jurnalistika: inkişaf və problemlər

Azərbaycan mediası bir çox sahələrdə inkişaf mərhələsinə çatsa da, ölkəmizdə tibbi jurnalistika sahəsində müəyyən çatışmazlıqlar davam etməkdədir. Bu hal bir sıra hallarda özünü daha qabarıq şəkildə büruzə verir. Bəs tibbi jurnalistika nədir və bu sahədəki boşluqları necə aradan qaldıra bilərik?

“Füyuzat” mövzu ilə bağlı tibbi marketinq və PR mütəxəssisi Emil Lətifovun fikirlərini öyrənib.

O bildirib ki, tibbi jurnalistika, səhiyyə və tibb sahəsində baş verən hadisələr, elmi araşdırmalar, tibbi yeniliklər və sağlamlıq problemləri haqqında məlumatları ictimaiyyətə çatdıran jurnalistika sahəsidir:

“Bu sahə həkimlər, tədqiqatçılar və ictimaiyyət arasında körpü rolunu oynayır. Tibbi jurnalistika insanların sağlamlıq məsələləri ilə bağlı maarifləndirilməsi, tibbi yeniliklərin təqdimatı və səhiyyə siyasətinə dair ictimai müzakirələrin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir.

Tibbi jurnalistikanın əsas xüsusiyyətləri kimi aşağıdakıları qeyd edə bilərik:

1. Elmi məlumatların sadələşdirilməsi: Tibbi terminləri və elmi məlumatları geniş auditoriyanın başa düşəcəyi şəkildə izah etmək.

2. Dəqiqlik və obyektivlik: Həssas və elmi dəqiqliyə əsaslanan məlumatların təqdim olunması.

3. Maarifləndirmə: Sağlamlıqla bağlı düzgün davranışları təşviq etmək və xəstəliklərin qarşısını almağa kömək etmək.

4. Tədqiqat və araşdırma: İctimaiyyət üçün vacib olan məsələləri öyrənmək və işıqlandırmaq. Məsələn, səhiyyə sistemindəki problemlər və həll yolları ilə bağlı səhiyyə sahəsinə cavabdeh tərəflərə təklif vermək və s.

Müsahib tibbi jurnalistikanın əhatə etdiyi mövzulara da toxunub:

“Xəstəliklər və onların müalicəsi, ictimai sağlamlıq məsələləri, peyvəndlər və profilaktik tədbirlər, təcili tibbi yardımlar, tibbi texnologiyalar və innovasiyalar, psixoloji sağlamlıq və dəstək xidmətləri bura misal ola bilər.

Ümumi olaraq ifadə etsək, tibbi jurnalistlərin əsas məqsədi, tibb sahəsində baş verən yenilikləri və problemləri obyektiv şəkildə çatdırmaqla, ictimaiyyətin sağlamlıq biliklərini artırmaq və düzgün qərar vermələrinə kömək etməkdir.

E.Lətifov Azərbaycanda tibbi jurnalistikanın nisbətən yeni sahə olsa da, sağlamlıq və səhiyyə mövzularında məlumatlandırma baxımından son illərdə əhəmiyyətinin artdığını deyib:

“Bununla belə, sahənin inkişafı üçün ciddi addımların atılması zəruridir.

Hazırda bu sahədə yaşanan əskikləri belə sıralaya bilərik:

1. Məhdud ixtisaslaşma: Tibbi jurnalistikanın ayrıca bir peşə kimi formalaşması üçün yetərli mütəxəssislər yoxdur. Tibbi mövzuları işıqlandıran jurnalistlərin çoxu, əsasən, ümumi jurnalistika təhsili alıblar və tibbi biliklərə kifayət qədər sahib deyillər.

2. Elmi məlumatların çatdırılmasında çətinliklər: Tibbi məlumatlar çox vaxt terminoloji cəhətdən çətin olur və geniş auditoriyaya izah edilməsi problemlər yaradır.

3. İnkişaf üçün atıla biləcək addımlara gəlincə aşağıdakıları qeyd etmək mümkündür:

– Təlim və ixtisaslaşma proqramları;
– Tibbi jurnalistika üzrə ixtisaslaşmış kurslar təşkil etmək;
– Jurnalistlər üçün tibb sahəsindəki əsas bilikləri öyrədən seminarlar keçirmək;
– Mütəxəssis-jurnalist əməkdaşlığı;
– Həkimlər və tibbi ekspertlərlə əməkdaşlıq platformaları yaratmaq;
– Həkimlərin tibbi mövzulara dair jurnalistlərlə daha sıx ünsiyyətdə olmaları daha yaxşı olar”.

Həmsöhbət həmçinin medianın maarifləndirməki roluna da toxunub:

“Televiziya, radio və sosial mediada tibbi maarifləndirmə proqramlarını artırmaq effektiv olacaq. Sağlamlıq və xəstəliklər barədə məlumatlandırma üçün xüsusi verilişlər hazırlamaq mümkündür. Hal-hazırda bu istiqamətdə efirlərdə müxtəlif verilişlər var: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin layihəsi olan “Güvənli Sabah”, İlhamə Bədəlovanın layihəsi olan “Həkimsən” proqramları buna misaldır.

E.Lətifov bildirib ki, elmi məqalələrin sadələşdirilməsinə ehtiyac var:

“Elmi tədqiqatların nəticələrini sadə və başa düşülən formada ictimaiyyətə təqdim edən yazılar hazırlamaq lazımdır. Tibbi terminlərin izahını verən multimedia vasitələrindən istifadə etmək, beynəlxalq tibbi jurnalistika təcrübəsindən yararlanmaq olar”.

Mütəxəssis həmçninin sosial media və rəqəmsal platformalarda aktiv olmağın əhəmiyyətindən danışıb:

“Səhiyyə ilə bağlı məlumatların sosial media vasitəsilə daha geniş kütlələrə çatdırılması vacibdir. Tibbi maarifləndirmə üçün interaktiv onlayn platformalar yaratmaq effektiv olacaq.

Ümumiyyətlə, Azərbaycanda tibbi jurnalistikanın inkişafı üçün həm jurnalistlərin peşəkar biliklərinin artırılmasına, həm də səhiyyə qurumları ilə əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Bu sahənin inkişafı yalnız ictimai maarifləndirməni artırmaqla kifayətlənməyəcək, həmçinin yeni sahənin, yəni tibbi jurnalistika sahəsinin ölkəmizdə inkişafına töhfə verəcək”.

Nəzrin İsmayılova