Media vasitəsiləcəmiyyətdə gündəm formalaşdırmaq o cəmiyyətin fərdlərinin hansı mövzular haqqında düşünəcəyini və hansı mətləblərdə müzakirə aparacağını müəyyən edir. Qalıcı və təsirli bir gündəm yaratmaq üçün düşündürmək ən optimal yoldur. Həmçinin gündəmə gətirmək istədiyimiz mövzu və ya hər hansı bir hadisə haqqında müzakirə meydanı açmaq bu işdə əhəmiyyətli dərəcədə təsirlidir. Əli bəy Hüseynzadə praktikasında düşündürməyin ən optimal yolu sual, izah və dəvət metodu ilə oxucularına xitabetmə şəkli idi. Bu və digər səbəblərdən Əli bəy Hüseynzadənin media siyasəti uğurlu, gündəm yaratmaq üslubu qalıcı və təsirli olmuşdur. Əli bəyin baş mühərriri olduğu “Füyuzat” dərgisinin qısa zaman dilimində nəşrinin dayandırılması onun həm milli və mütərəqqi fikirləri təbliğ etməsi, həm də xalqın gündəmini müəyyənetmədə güclü təsirinin olması ilə bağlı idi. Bu təsiri güclü edən Əli bəyin yalnız metodikası ilə bağlı deyil, həmçinin formalaşdırdığı gündəmin milli oyanışa xidməti ilə əlaqəli idi. Əsrlər boyu müxtəlif adlarda dövlət quran millətimizin genetik kodunda milli məsələlərə reaksiya prioritet təşkil edib. Belə ki, bu qarşılıqlı reaksiya iki cür təsir metodunu yaradır: mediadan topluma və toplumdan mediaya olan təsir. Hər iki vasitə bir-birini tamamlayanda, gündəmin yaradılması qarşılıqlı təsirə əsaslananda onun qalıcılığı və əhatə dairəsi böyüyür.
Görülən işin əsasında dayanan qayə gələcək fəaliyyətin istiqamətini müəyyən edir. Həmçinin həmin qayə işin təkanverici qüvvəsi, lokomotivi rolunu oynayır. Əli bəyin iş və fəaliyyəti hər zaman müəyyən mərama və ideoloji əsasa dayandığından onun gündəm formalaşdırmaq metodikası cəmiyyətə təsir edirdi.
“Füyuzat” dərgisinin 1906-cı ildə nəşr olunmuş birinci sayında Əli bəy öz qayəsini belə açıqlayır: “Bu vəsaitin başlıcalarından biri söyləyib bildirməkdən, kəlam ilə vüquf hasil etməkdən və bu surətlə fikir və zehni tənvir, ruh və qəlbi təhyic eyləməkdən ibarətdir”. Daha sonra o: “Zehn və əql məntiq qüvvəti ilə tənəvvür (parıldamaq), qəlb isə xəyal, təsvir və ahəng ilə təhəyyüc (həyəcanlanmaq) edər”, – deyir. Yəni cəmiyyətin rasional düşüncəsinin formaya salınması ilə yanaşı, onun mənəvi inkişafı da Əli bəy üçün vacib idi. Məramı məntiqi qüvvənin və mənəvi duyğuların vacibliyini cəmiyyətə çatdırmaq olan bu maarifpərvər şəxsiyyət açıqlayıcı və müfəssəl izahları ilə media və toplum arasındakı münasibətləri yaxınlaşdırmağa cəhd edir və məlumat ötürən media orqanını bu vasitə ilə etimad olunan tərəfə çevirirdi. O, məramını açıqlamaqla oxucuda qaranlıq düşüncəyə yer buraxmırdı. Bu metodika gündəm formalaşdıran medianın və ya media mənsubunun cəmiyyət üzərindəki təsir gücünün artmasına xidmət edir. Cəmiyyətdə bir çox məsələlər gündəm ola bilər, ancaq müəyyən bir məsələnin topluma faydalılıq əmsalını ölçüb onun formaya salınması ilə cəmiyyəti yönləndirmək bacarığı çox vacibdir. Əli bəy istifadə etdiyi metodlarla həmin dövr üçün buna nail ola bilirdi. Bu metodların ən yaxşı formada tətbiq olunmasından ötrü əsas obyekt kimi məhz medianı görürdü..
Əli bəy milli və ideoloji məsələlərdəki mövzulara “Füyuzat”da geniş yer verməklə və adıçəkilən mövzuların üzərində uzun müddət dayanmaqla həmin mövzuların cəmiyyət üçün önəmini vurğulamış olurdu. Yəni bir mövzunun üzərində uzun müddət dayanmaqla da gündəm formalaşdırmaq olur və bu məsələ Əli bəy Hüseynzadə praktikasında mövcuddur. Belə ki, dünyadakı və cəmiyyətdəki problemləri, onu aradan qaldırmağın yollarını “Füyuzat”da dərc olunan müxtəlif mövzulu məqalələrində dəfələrlə oxucularının nəzərinə çatdırırdı. Ədib “Həyat və meyli-Füyuzat” yazısında hərəkət və fəaliyyətin, rəqabətin önəmindən danışaraq cəmiyyətimizin üzvlərinin gözünü açmağa, müəyyən dəlillərlə onların özünə və ümummilli maraqlara qarşı biganəliyinin aradan qaldırılmasına çalışırdı. “Füyuzat”da nəşr olunan “İcmal” adlı yazısında dünyada və qonşu ölkələrdə baş verən önəmli hadisələri oxucuların diqqətində saxlamaqla insanımızın hansı cəbhədə yer alması gərəkdiyinin, hansı mövzularda ayıq-sayıq davranmalı olduğunun, hansı hadisə və proseslər cərəyan edərsə, vətənimizi nələrin gözləyəcəyinə dair mesajlar verməyə çalışırdı. İcmalın sonunda oxucuya sualla müraciət edib onu düşündürməsi isə Əli bəyin gündəm formalaşdırmaq üçün həm də müzakirə sahəsi yaratmağının cəhdi kimi qiymətləndirilə bilər. O, “Tolstoyluq nədir” məqaləsində millət və bəşəriyyət mövzuları üzərində müfəssəl açıqlamalar verib. Məqalədə bir millətin hansı halda yeni həyata başlaması və hansı halda məhv ola biləcəyindən, Rusiyadakı müşahidələrindən, şəxsiyyətin yetişməsində onun doğulduğu və yaşadığı coğrafiyanın önəmindən danışıb.
Bu qayda ilə Əli bəy “Füyuzat”ın saylarında yazdığı çoxtərəfli məqalələri ilə gündəm yaratmağa davam edirdi. Onun dəfələrlə yuxarıda qeyd etdiyimiz mövzulara toxunması, qarşıya qoyduğu suallarla insanları düşünməyə dəvət etməsi həmin dövrün gündəmini formalaşdırmaqda uğurlu olmuşdur. “Füyuzat”ın nəşrinin dayandırılmasının səbəbini cəmiyyəti doğru istiqamətdə, yəni millətin oyanışı istiqamətində yönləndirməyə başlayan Əli bəyin uğuru kimi görə bilərik.
Ardı var …