Azərbaycanın XX əsr ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən olan Əhməd bəy Ağaoğlu milli mətbuatın inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərində nəşr etdirdiyi elmi-publisistik, ədəbi-tənqidi məqalələrində ictimai-siyasi və jurnalistika görüşləri öz əksini tapıb. Fransız, rus, ingilis, türk dillərini mükəmməl bilən Əhməd bəy nəinki Azərbaycanda, habelə Fransa, Türkiyə, Rusiya, İngiltərə və Gürcüstanda nəşr etdirdiyi məqalələrdə özünün liberal düşüncələrini, cəmiyyətin demokratik inkişafı üçün təkliflərini oxuculara çatdırıb.
Əhməd bəy Ağaoğlu türklərin tarixinə müraciət edərək onların müstəqil dövlət qurduqları dövrləri yada salır və azadlığı insan şüurunun cövhəri adlandırırdı. Əhməd bəyin fikrincə, hər bir insan milli əxlaq və mənəviyyatın müqəddəs normalarından biri olan vətənpərvərlik hissinə malik olmaqla yanaşı, Vətən yolunda cəfaya da dözməli, torpağın hər qarışını düşməndən qorumaq üçün öz qanını belə əsirgəməməlidir. Şübhəsiz ki, Vətən də öz övladlarının qayğısına qalmalı, onların bütün hüquqlarını təmin etməlidir. Belə olduqda xalq bir qaya olub düşmən hücumlarının qarşısına sipər çəkər. O həmçinin “Millət və ziyalılar” mövzusuna toxunaraq yazır: “Millətə rəhbərlik edən, onun əməl və arzularına tərcüman olan zümrə ziyalılardır. Bu zümrə, adətən, millətin bir aynası olur, millət nədirsə, o da odur, o nə isə, millət də odur” (Ə.Mirəhmədov. “Əhməd bəy Ağaoğlu”. Bakı, 2014, s. 201).
Əhməd bəy Ağaoğlu 1898–1905-ci illər ərzində “Kaspi” qəzetində 1000-ə yaxın məqalə və felyeton yazıb. Həmin qəzetdə ədəbi-tənqid şöbəsinin müdiri vəzifəsində işləməklə bərabər, beynəlxalq və ictimai-siyasi mövzulara həsr olunmuş məqalələrin əksəriyyətinin müəllifi olub. Onun bütün ictimai-siyasi fəaliyyətini öyrənib təhlil etdikdə bir başlıca ideya və fikrin önəmli xarakter daşıdığını görürük: “Azadlıq!” (N.Yaqublu. “Əhməd Ağaoğlunun Azərbaycan ictimai-siyasi mühitinə gətirdiyi yeni dəyərlər” // Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr edilmiş Beynəlxalq Simpoziumun materialları, Bakı, 2–3 oktyabr 2019-cu il, s. 156). Əhməd bəy Ağaoğlunun jurnalist olaraq yazdığı məqalələrdə, redaktoru olduğu qəzetlərdə bu amal xüsusi nəzərə çarpır – demokratik dəyərlərin təbliği və mətbuat azadlığı.
Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyəti 1903-cü ildə Bakı Dumasına deputat seçilməsi ilə başlayır. O, 6 il ərzində H.Zərdabi ilə yanaşı Bakı şəhər Dumasının ən fəal deputatlarından biri olur. Onun çıxışlarının böyük hissəsi Dumada müsəlman və xristian nümayəndələrin proporsional qaydada, yəni əhalinin sayına uyğun olaraq seçilməsinə həsr olunmuşdu. Mövcud qanunvericiliyə görə, müsəlmanların Dumada sayı 50 faizdən artıq ola bilməzdi. Həmin qanunvericiliyin dəyişdirilməsi məsələsi ilk dəfə Əhməd bəy Ağaoğlu tərəfindən 1904-cü ilin sonunda qaldırılmışdı, 1905-ci ilin yanvarında isə məhz onun təkidi nəticəsində Bakı şəhər Duması rəhbərliyinə müvafiq vəsatət göndərilmişdi (“Kaspi” qəzeti, 1904, 25 noyabr, №264 / 1905, 25 yanvar, №19)…