Füyuzat 137 Ülviyyə Rəhman

Gül ilə Bülbül

Biri var idi, biri yox idi. Çiçəklər diyarında bir bağça var idi. Bu bağçadakı min bir ətirli gül-çiçəkdən, qönçədən xoş rayihələr yayılardı. Dünya bu bağça sayəsində ətirlənər, bu bağçadan yayılan qoxu ətraf aləmi riqqətə gətirərdi. Bağçanın yaxınlığında isə budaqları göy qübbəyə qədər uzanan ağacların məskəni olan meşə var idi. Bu meşədə təbiətin ən gözəl səsli quşları yaşayardı. Quşlar bir-biri ilə bəhsə girib havada süzülmək, gözəl avazla mahnı oxumaq, bir-birindən fərqli hava rəqsləri etmək üçün yarışardılar.

Bülbül ailəsinin gözünün ağı-qarası olan bir gənc bülbül isə uçmağı təzə öyrəndiyi və hələ səsi açılmadığı üçün bu yarışlara qatılmağın həsrətini çəkər, səbirsizlənərdi. Qanadları ilə ağacların, qarma-qarışıq budaqların arasında süzməyi, cəh-cəhlə, ahənglə nəğmələr söyləməyi gözləyərdi. Ən çox da, ən çox da meşədən kənara çıxmağın, Günəşin şəfəqlərini qovalamağın həsrətini çəkərdi.

Günlərin bir günü gənc bülbül böyük bacı-qardaşlarının da müşayiəti ilə meşədən kənara çıxdı. Gördüyü mənzərə, Günəşin buludları qovalayan şüaları, yağış damlalarının rəqsi, mehin otlara toxunaraq aralarından süzülüb əsməsi onu valeh etmişdi. O da rüzgar kimi, nəsim mehi kimi otların, çiçəklərin üzərindən uçub Dünyanı salamlamaq, “Mən də buradayam, mən sizi çox sevirəm” demək istəyirdi.

Bülbüllər mavi səmada qanad çalaraq min bir ətirli güllərin olduğu bağçaya gəlib çatdılar. Böyük bülbüllər aşiq olduqları güllərə nəğmələr oxuyur, güllər də onlara naz edirdi. Balaca bülbül isə tikanlı güllərə yaxınlaşmaqdan qorxur, mahnı oxusa, səsinin cılız çıxacağından utanırdı. Birdən bu qızılgüllərin arasında zərif bir fidan gözünə dəydi. Sanki o da güllərin tikanlarından qorxur, qəsdən kənarda dayanır, başı üzərindən o yana-bu yana uçan bülbüllərdən çəkinirdi. Gənc bülbül güllərə yaxınlaşaraq fidanı salamladı…

Davamı…