Böyük alim, dünya elminə yanaşmanı dəyişən azərbaycanəsilli professor Lütfi Zadəni, təəssüflər olsun, bu gün, demək olar ki, yalnız qeyri-səlis məntiq nəzəriyyəsinə görə tanıyırlar. Doğrudur, qeyri-səlis məntiq alimin bütün elmi işlərinin zirvəsində dayanan və uzun illərdir ki, ən çox istinad edilən nəzəriyyədir. Lütfi Zadənin 1965-ci ildə əsasını qoyduğu, daha sonra isə xüsusi əlavələrlə genişləndirdiyi qeyri-səlis məntiq nəzəriyyəsinin əsas motivi klassik Aristotel məntiqindən fərqli olaraq yalnız “ya var-ya yox” prinsipinin tam əksinə, istisnalılıq və dərəcəlilik şərtləridir.
Bu məntiqə əsasən, 0–1 intervalı üzrə “ya yox-ya var” qütbləşməsindən, “ağ-qara” sütununda yalnız ağ və yalnız qara yanaşmalarından imtina edildi. Qaranın müxtəlif çalarlılıq dərəcəsi, ağın sonsuz ağlıq göstəricilərinin olması əsaslandırıldı. Qeyri-səlis məntiq hər şeydən öncə insanı psixoloji olaraq məhdud qərarvermə çərçivəsindən xilas etdi.
Qeyri-səlis məntiqlə ehtimal nəzəriyyəsinin ortaq cəhətləri olsa da, onlar arasında ciddi fərqlər daha çoxdur. Ən əsas fərq isə qeyri-səlis məntiqin çoxşaxəli olması və daha incə məsələlərə nüfuz edə bilmək bacarığıdır. Onun sərhədləri klassik məntiqin bütün çərçivələrini aşaraq həyatın istənilən sahəsində tətbiq və həllini tapa bildi.
Amma bu o demək deyil ki, biz böyük alimi yalnız adıçəkilən nəzəriyyə ilə xatırlamalıyıq.
“Lütfi Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, Lütfi Zadənin elmi varisi, professor Rafiq Əliyevin bizə təqdim etdiyi əsaslı bilgilər və şifahi məlumatlandırmalar əsasında dahi şəxsiyyətin elm aləmində səs salan digər elmi nəzəriyyələrindən danışacağıq…