62 yaşındaydı və nə qədər ağır xəstə olsa da, yenə səmanın “xəbərgir dərvişləri” olan münəccimlərdən nəsə soruşmaq istəmirdi. Yaxşı xatırlayır ki, bir neçə dəfə istər Xarəzm şahının, istər Buxara hakiminin, istərsə də dövrün nəhəng sultanı Mahmud Qəznəvinin yanında həmin münəccimləri acılamışdı. Onların guya taledən xəbər verməsini insan zəkası üçün təhqir saymışdı. Amma soruşdu… Bir münəccim dedi ki, o öləcək. Azacıq gülümsündü. Cavanlıq çağlarına xəyali səfər etdi. O zaman heç otuzu da haqlamamışdı. Özündən yeddi yaş cavan olan, amma ölümcül xəstələri, bir neçə əmiri sağaltmaqla məşhurlaşan İbn Sina adlı bir gəncə uzaqdan-uzağa meydan oxuduğunu xatırladı. O İbn Sina ki, sonradan dövrün böyük bilicisi və təbibi olacaqdı. Amma həmin vaxt İbn Sina bu alimin ona ünvanladığı 18 sual qarşısında aciz qalmışdı. Lakin gələcəyin böyük təbibi həmin suallardan sonra qoca Şərqdə ondan da böyük bir alimin – əl-Biruninin varlığına qəti şübhə etməmişdi.
Sonradan Xarəzmdə ilk dəfə canlı olaraq üz-üzə gələn zaman əl-Biruni həmin sualları ona bir daha ünvanlamışdı:
– Ey fəzilət sahibi İbn Sina, biz bu gün də Ərəstun düşüncəsinə qul olmuşuq. Sən niyə mənə yazdığın məktubunda ona xitab edir və vakuumun olmadığını deyirsən. Bir gün mən hamıya bəyan edəcəyəm ki, vakuum var.
– ….
– Deyirsən ki, Günəş şüaları maddi cisim deyil. Əgər onlar maddi deyilsə, o zaman torpaq nədən qızır, hər yan niyə isinir?
– …
– Havada ən sürətlə yayılan nədir: işıq şüaları, yoxsa səslər?
Bu dialoq bir xeyli davam etdi. İbn Sina da çox susmadı. Pis duruma düşdüyünü görüb əsassız müzakirələrə girişdi. Amma əl-Biruni ona anlatdı ki, təbiət, səma cisimləri haqqında fəlsəfi fikirləri irəli sürmək fərqli bir iş, onları tədqiq etmək, səbəblərini dəlillərlə araşdırmaq isə tamam ayrı sevdadır. Biruni: “Sən dəlillərdən xali olan filosofsan”, – deyərək söhbətə xitam vermişdi.
973-cü ildə Xarəzmdə anadan olan əl-Biruni İbn Sinadan 7 yaş böyük idi. Onların hər ikisi Buxara və Xarəzmdə püxtələşib. Yeddi övladı ilə çətinliklə dolanan Mehranə adlı dul qadının oğlu olan əl-Birunini Xarəzm sarayının alimi Əbu Nəsr kəşf etdi və onu övladı kimi yetişdirdi. Sonradan XI əsri öz adına nəql etdirməyi bacaracaq, yəni elm tarixində bu əsri “əl-Biruni əsri” adlandıracaq alim ömrünün sonuna qədər Əbu Nəsrə minnətdar olacaqdı…