Xəbərlər

Qəhrəmanlar ailəsi

Vətən müharibəsinə üç oğlunu göndərən, bir şəhid, iki qazi atası Məhəmməd Nəcəfov Naxçıvandan redaksiyamıza təşrif  buyurdu. Özü də I Qarabağ müharibəsi veteranı olan, hər sözündən Vətən yağan Məhəmməd müəllim əsl şəhid atası vüqarı daşıyır. Vətən, millət belə ataların vüqarı, anaların fədakarlığı ilə ayaqda qalar. Gələcək vətən fədailərini də məhz belə valideynlər yetişdirəcək…

Qeyd edək ki, şəhid leytenant Yaqub Nəcəfov haqqında “Vətən müharibəsində tarix yazanlar” essesi MİMTA Fondunun təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” müsabiqəsində mükafat almış və eyniadlı kitabda nəşr olunmuşdur. Ceyhun Zərbəliyevin müəllifi olduğu esseni sizə təqdim edirik.

VƏTƏN MÜHARİBƏSİNDƏ TARİX YAZANLAR
Bu esse müsabiqədə həvəsləndirici mükafata layiq görülmüşdür.
Ceyhun Zərbəliyev

2020-ci ilin oktyabr ayı idi. Günlər irəlilədikcə şəhid xəbərləri artmağa başlayırdı. Bütün Azərbaycanın qəlbi ön cəbhədə döyünürdü. Ərazi bütövlüyümüzün bərpası uğrunda edilən qəhrəmanlıqlar düşmən tapdağı altında olan kənd, şəhər və qəsəbələrimizin ard-arda işğaldan azad olunması ilə nəticələnirdi. O günlərdə igid əsgər və zabitlərimizin qəhrəmanlıqları ilə bərabər, məhdudlaşdırılan informasiya mühitində şəhid valideynlərinin Vətən adına səbirli və mətanətli davranışları da ağızdan-ağıza dolaşmaqda idi. Hələ bitməyən müharibə 44 gün davam edəcək, yüzlərlə igid öz canı, qanı bahasına yeni Vətən tarixi yazacaqdılar…

Həmin ərəfələrdə bir şəhid anasının böyüklüyünü – sözə, cümləyə, kitaba sığmayacaq mətanətli davranışını hadisə şahidlərinin dilindən heyrətlə dinləmişdim; Sumqayıtda ailəyə şəhid xəbəri gəlir, hamı qəhrəmanı son mənzilə yola salmaq üçün toplaşır. Cənazələri aidiyyəti üzrə təhvil vermək tapşırığı alan zabit heyətinə, şəhidlər çox mürəkkəb əməliyyat zamanı əbədiyyətə ucaldığından, mümkün qədər ailə üzvlərinin psixologiyasını nəzərə almaq, imkan daxilində vida mərasiminin qısa keçirilməsi tapşırılır. Adətən, şəhidlər ailəsi tərəfindən öncə tanınar, əmin olduqdan sonra böyük çoxluğun iştirakı ilə dəfn edilərdi…

 …Əsgər və zabitlər narahat halda valideynlərin qarşısında susurlar. Bilirlər ki, onlar son dəfə övladının üzünü görmək, şəhidlərin arasında onu tanımaq və əmin olmaq istəyəcək və axı həm də buna ən çox onların haqqı çatır. Amma necə desinlər ki…

Gözüyaşlı ana şəhid cənazələrinə yaxınlaşıb “Bala, onların hamısı mənim balalarımdır. Vətən, torpaq onları şərəfləri ilə qəbul edib, siz verin, kimi versəniz, biz qəbul edəcəyik”, – deyir, göz yaşlarına boğulur…

44 günlük müharibə Azərbaycanın ən yeni zəfər tarixi kimi yaddaşlara yazıldı. Mənə elə gəlir ki, Vətən müharibəsinin baş qəhrəmanları şəhid analarıdır. Bu söhbəti eşidəndə düşünmüşdüm ki, İlahi, şəhid analarının ürəkləri bu boydadırsa, onların böyütdüyü övladlar nələrə qadirdir?!

“Hansısa şəhidi yaxından tanımaq istəyirsinizsə, anası ilə söhbətləşin…” yazaraq dəftərin bir küncünə kiçik qeydlər etmişdim.

Vətən müharibəsinin ən gənc şəhid zabiti

Ali Hərbi Məktəbin (AHM) IV kurs tələbəsi, şəhid leytenant Yaqub Məhəmməd oğlu Nəcəfovun anasına oğlu ilə bağlı ilk sualı 20 il öncə vermişdim. Mən tələbə ikən xalamın üçüncü övladı yenicə doğulmuşdu. Onu görmək üçün Culfaya getmiş, peyğəmbər adı verilən bu oğlanı beşikdə görmüş: “Xala, bu uşaq niyə bu qədər çox gülür?” – deyə soruşmuşdum. Xalam da sözlərimə gülümsəyərək cavab vermişdi: “Körpələr çox gülər də”.

Sonralar hər dəfə Yaqubu görəndə nurlu simasında o körpəliyindəki təbəssümün heç bir zaman itmədiyini gördüm. Heç vaxt düşünməzdim ki, dindirməsən danışmayan, bir az utancaq, sual verəndə hörmətlə, qızararaq cavab verən, nəvələr arasında ən kiçiyimiz olan bu oğlan 19 yaşlı motoatıcı taqım komandiri kimi məzun belə olmadan döyüşərək Şuşaya qədər gedib çıxacaq, Vətən müharibəsinin ən gənc şəhid zabiti kimi adını onu tanıyanların və Vətənin qəlbində əbədi ucaldacaq.

Əbədiyyətə yüksəlməyin ilahi işarəti

2000-ci ilin 7-ci ayının 7-ci günündə doğulmuşdu. Nə hikmətsə, 07.07.2000-ci il doğum tarixindəki rəqəmlərin cəmi də “7” rəqəminə işarə edir. Təsadüflərə inanmıram, hardasa oxumuşdum ki, təsadüf kimi gördüklərimiz, əslində, ali qatda ən çox hesablanılanlardır. Bəlkə də, bu, şərəfli qısa ömrünə sonsuzluğu sığdıra biləcəyinin ilahi işarəti idi?! “7” bir çox dinlərdə və inanclarda müqəddəs sayılaraq sonsuzluğa işarə edir.

Feysbukdakı “Yakub N-li Yakub” profil adı altında ən ciddi fotosunda belə onun üzündəki nuru və təbəssümü görmək olur. 19 yaşını yayda tamamlamışdı. “Bir il də belə getdi, ad günüm mübarək!” yazıb özünü təbrik etmişdi. Nəsildə yaşca ən balaca o idi, amma böyümüşdü və hətta döyüşlərdə şücaət göstərib Vətən uğrunda, Şuşa uğrunda əlbəyaxa döyüşə girə biləcək qədər böyümüşdü. Amma biz onu hələ də uşaq bilirdik və hər nə qədər uşaq kimi qəbul etsək də, Vətən boyda ürəyi varmış şəhid leytenant Yaqub Nəcəfovun…

Ziyalı ailəsində halal zəhmət ilə, vətən sevgisi, milli dəyərlərə hörmət ruhunda böyüdülmüşdü. Valideynlərinin hər ikisi müəllimdir. İstedadı, savadı, tərbiyəsi, davranışları ilə seçilirdi. AHM-in dördüncü kursunda təhsilinə başlayanda ermənilər bütün cəbhə boyu aktivləşmiş, tez-tez təxribatlar törədirdilər. Vətən müharibəsi elan olunandan sonra kursant Yaqub Nəcəfov leytenant rütbəsi alıb döyüşlərə atılmışdı. Əsgərləri ilə fəxr edir, onlarla fotosunu paylaşanda “Canavarlarım mənim!” yazırdı. Söhbətlərinin birində: “Hamı vətənini sevə bilər, amma hər insan vətənini şəhid olmağa hazır olacaq qədər sevə bilməz!” – deyibmiş.

Atası Məhəmməd müəllim danışır ki, Vətən müharibəsi elan edilməmiş övladları bu barədə məlumatlı idilər. III kursu yenicə bitirib doğum günü ərəfəsində yay tətilinə gələn Yaqub tezliklə Bakıya qayıdır, müharibədən bir ay öncə – avqust ayında Beyləqandakı döyüş təlimlərinə qoşulur: “Biz hiss edirdik ki, ciddi əməliyyatlar olacaq, çünki digər iki oğlum da Qarabağda aktivləşməkdə olan düşmənlə üz-üzə qulluq edirdi. Daha sonra onu Gəncədə dağ atıcı döyüşlərinə hazırladılar. Həmişə formada, məsuliyyətli və cəsarətli idi. Ordumuzun gücünü bilirdi, deyirdi ki, ata, bu dəfə biz qələbə qazanacağıq”.

Yaqub Nəcəfov Vətən müharibəsində iştirak edən üç qardaşdan ən kiçiyi idi. Ailədə üç oğlan idilər, üçü də ali təhsilli zabit olaraq düşmənlə ön xətdə döyüşürdü. Baş leytenant, qazi İbrahim Nəcəfov və onun əkiz qardaşı baş leytenant İsmayıl Nəcəfov AHM-in məzunlarıdır. 2016-cı ildən öz arzuları ilə Qarabağ bölgəsində Vətənə qulluq edirlər. Məzun olduqdan sonra onlara Naxçıvanda, hətta ailəsinin yaşadığı Culfada zabit kimi hərbi xidmətlərini davam etdirmək təklif olunsa da, qardaşlar məhz bu ərazidə ön cəbhədə xidmət etməyi üstün tutublar. Bu gün də öndə xidmətini davam etdirən baş leytenant İsmayıl Nəcəfov deyir: “Biz düşünürdük ki, əgər bu sənəti seçmişiksə, yolumuz hərb yoludursa, ön cəbhədə olmalıyıq, düşməndən qisas almalıyıq. Azərbaycan qalib ölkə kimi dünyada tanınmalıdır. Bizim kimi şəhid qardaşımız da belə düşünürdü. Elə buna görə bu sahəni seçdi”.

Yaqub hərbçi olmaq arzusunu dilə gətirəndə valide­ynləri onun fikirlərinə hörmətlə yanaşsalar da, əkiz qardaşlar narazılıq ediblər. Müxtəlif vəd və təkliflərlə yeniyetmə məktəblini fikrindən daşındırmaq istəsələr də, mümkün olmayıb. O, qardaşlarını hər dəfə hərbi formada görəndə arzusunu daha da qətiləşdirir, sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə verir: “Biz istəyirdik ki, heç olmasa, üçümüzdən birimiz valideynlərimizin yanında qalsın. Biz xidmətlə əlaqədar valideynlərimizə yetərincə diqqət ayıra bilmirdik. İstəyirdik ki, heç olmasa, o, fərqli sahə seçsin. Ondan incidik, hətta bir müddət buna görə onu danışdırmadıq. Amma o, qərarında israr etdi. Ona dedik ki, biz ikimiz də cəbhədə ön xətdəyik, heç olmasa, elə istiqamət seç ki, nisbətən sənə rahat olsun. Ehtiyac yarananda valideynlərimizin qayğıları ilə məşğul ola biləsən. Amma sonradan eşitdik ki, özü ixtisas seçimində könüllü olaraq piyada qoşunlarının tərkibində ön xətdə zabit kimi fəaliyyət göstərmək arzusunu ifadə edib”.

Ağdam döyüşlərində gözündən və bədəninin müxtəlif nahiyələrindən yaralar alan qazi İbrahim Nəcəfov deyir ki, onların hərbçi sənətinə marağı uşaqlıqdan olub. “Əmilərim I Qarabağ müharibəsində ön xətdə döyüşüblər, atam isə Naxçıvanda erməni hücumlarının qarşısının alınmasında iştirak edib. Səfərbərlik elan ediləndə o da cəbhəyə yollanmaq istəyirdi, yaşını nəzərə alaraq icazə vermədilər. Dayım da hərbi müəllim kimi şagirdlərə bu sənəti sevdirən tanınmış ziyalılardandır”.

Bir ailədə 12 medal

Məhəmməd Nəcəfov Vətən müharibəsində 3 zabit övladının iştirakından fəxrlə danışır: “Bir ata kimi onlarla qürur duyuram. Heç kimin əbədi qalmayacağı bu dünyada şərəflə yaşamaq hər kəsə nəsib olmur. Övladlarımın üçü də qəhrəmandır. Vətən müharibəsində onlar torpaqlarımızın azadlığı üçün rəşadətlə döyüşüblər. Ali Baş Komandanın sərəncamları ilə şəhid oğlum “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, qazi oğlum İbrahim Nəcəfov “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, döyüşlərdə aktiv iştirak etmiş digər oğlum İsmayıl Nəcəfov isə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” və “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunublar. İsmayıl həm də “Azərbaycan Ordusunun 100 illiyi” medalına layiq görülmüş zabitlərdəndir.

Yaqub Vətən müharibəsində şəhid olan 5 kursantdan biridir. Yaşına görə ən kiçikləri də o idi. Azərbaycanın hərb tarixinə ən gənc qəhrəman şəhid zabit kimi adını yazdırıb. Mən özüm də, qardaşlarım da döyüşlərdə olmuşuq. Ancaq bu yaşda zabit tanımamışam. Onunla fəxr edirəm, övladlarımla qürur duyuram. Daima uğurları ilə, tərbiyəsi, davranışları ilə başımı uca ediblər. Yaqub qəhrəman şəhidin valideynləri kimi zirvələrə ucaldıb bizi. Vətən müharibəsindən bir il keçir. Ailəmiz, demək olar ki, hər gün insanlar tərəfindən ziyarət edilir”.

 

Azad Şuşa uğrunda…

Şəhid leytenant Yaqub Nəcəfov şərəfli döyüş yolu keçib. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın azad olunmasında fəal iştirak edib. Dirsəyində bıçaq, ayağında güllə izləri onun Şuşa uğrunda baş verən əlbəyaxa döyüşlərdə də iştirakından xəbər verir. Şəhidin döyüşlərdə yaralanan qardaşı, bədənində çoxsaylı qəlpə yaraları daşıyan baş leytenant, qazi İbrahim Nəcəfov 2016-cı ildən Tərtər və Ağdamda ön cəbhədə qulluq edir. Deyir, çox istərdim, Şuşanın alınmasında mən də iştirak edim. Amma bu mənə yox, qardaşıma nəsib oldu: “Şəhadətə yüksəlmək onun nəsibində varmış. Təəssüf ki, mən döyüşlərdə tez yaralandım. Ağdamda gözümdən, əlimdən, ayağımdan aldığım qəlpə yaralarına görə həkimlər döyüşə davam etməyə imkan vermədilər. Çox israr etdim. Amma eşidəndə ki, helikopterlə çıxarılmağımın vacibliyindən danışırlar, məsələnin ciddiliyini anladım. Yaralanan heç bir döyüşçü yoldaşımız döyüş meydanını tərk etmək istəmirdi. Düşməndən qisas almağa fürsət yaranmışdı. Helikopterin düşmən tərəfindən vurulma təhlükəsini nəzərə alaraq öncə bizi avtomobillə Yevlaxa, sonra Bakıya çatdırdılar. Düşünürdüm ki, kiçik əməliyyatdan sonra yenidən cəbhəyə qayıdacağam. Amma həkimlər buna imkan vermədilər. Bakıda təkcə oktyabrda dörd dəfə əməliyyat olunmuşam”.

Qazimizdən şəhid qardaşını necə xatırladığını soruşuram. Deyir, balaca qardaşım çox tərbiyəli, bir az utancaq, işində çox məsuliyyətli və mərd idi. O, evimizin sonbeşiyi, nəsildə ən balacamız idi, şəhidlik mərtəbəsinə yüksələrək bizim də böyüyümüz oldu. Onun xatirəsi hər zaman qəlblərdə yaşayacaq: “Məzun olmasa belə, o, peşəkar hərbçi idi. 19 yaşında 30-dan çox əsgəri vardı. Onlar sonralar bizimlə əlaqə yaratdılar, yaralı olanları isə biz görməyə getdik. O, tabeliyində olan əsgərləri təyin olunan zamanda sağ-salamat lazım olan mövqeyə çıxarmışdı. Bu, asan məsələ deyildi, çünki çox sürətlə kifayət qədər böyük məsafə qət etmişdilər. Nəzərə alın ki, tabeliyində olanların əksəriyyəti Yaqubdan 10-20 yaş böyüklər idi. Onlara bir ata qayğısı ilə yanaşırmış. Siqaret çəkməzdi, ancaq onlar üçün 3 blok siqaret götürübmüş. Öndə özü irəliləyib, təhlükəsizliyə əmin olandan sonra heyəti irəli aparırmış. Şəhid olduğu məkan da onlardan xeyli irəlidə, çətin relyefli ərazidə idi”.

Susmayan xatirələr

Şəhid anası Xuraman Zeynalova mətanəti ilə seçilən analardandır. Övladı ilə vida mərasimində həm onun, həm də həyat yoldaşı Məhəmməd müəllimin sərgilədiyi məğrur və qürurlu duruş insanların diqqətini çəkmişdi. Xuraman müəllimə şəhidliyin cəsarət və igidliklə bərabər, bir iman məsələsi olduğuna inanır: “İnandığı dəyərlər uğrunda hər kəs sonadək mübarizə apara bilmir. Bu mənim övladlarıma nəsib oldu. Qələbə, ərazi bütövlüyümüzün bərpası belə oğulların haqq yolunda mübarizəsinin nəticəsidir”.

Yaqub ailəsinə xüsusilə dəyər verərdi, imkan düşdükcə zəng edərdi. Anasına tez-tez “Ana, sən narahat olma” deyirmiş. Karate və boksla məşğul olurdu, idmanı çox sevərdi, müxtəlif medallar qazanmışdı. Son günlərdə tələbə olsa belə, şəhidlik məqamına ucalacağını sanki hiss edirmiş: “İyulda evə gəlmişdi, doğum gününü evdə geniş qeyd etməyə imkan vermədi. Dedi, yığışın gedək gəzək, özümüz birlikdə çox vaxt keçirək. Harasa tələsir, “vaxtım azdır” sözlərini tez-tez təkrar edirdi.

Şəxsi əşyalarını saxladığı diplomatın kodunu heç vaxt heç kimə verməzdi. Sonuncu dəfə diplomata işarə edib dedi: “Ana, “333”. Tapşırdı ki, əmanətlərdən kimə nə çatacaqsa, kağızda qeyd etmişəm, verərsən. Şəxsi əşyalarına sonradan baxanda ona verilən hədiyyələri işlətmədiyini gördük. Evdə vayfayın kodunu da dəyişib, öz doğum tarixini əlavə etmişdi: 07072000. Kompüterdə bütün fotoları illər üzrə sistemləşdirmişdi.

Şuşada çətin əməliyyat şəraitində döyüşüblər. Ondan gec xəbər aldıq. Noyabrın 6-da İsmayıla “Qardaşın Şuşanın küçələrini gəzir. Qələbə bizimdir” yazaraq mesaj göndərmişdi. Şuşa alındıqdan sonra Xankəndinə gedib, qayıdanda Şuşada döyüş zamanı şəhid olub.

Öz sahəsini çox sevirdi. Deyirdi: “Ana, piyada qoşunları yerləşən, bayraq sancılan yerlər artıq işğaldan azad olunmuş sayılır”. Bir əsgəri mənə dedi ki, Yaqubun o qədər böyük ürəyi vardı ki… Heç unutmuram, emosional şəkildə üç dəfə eyni cümləni ard-arda təkrarladı: “Xala, Allaha and olsun, özündən çox bizi düşünürdü…”

Bu gün təhsil aldığı Ali Hərbi Məktəbdə onun dolabı və yatağına toxunulmur, xatirə olaraq olduğu kimi saxlanılır. Səhər toplanışında digər zabitlər kimi Vətən müharibəsinin ən gənc şəhid zabiti leytenant Yaqub Nəcəfovun da adı çəkilir…