Füyuzat 125 Qərənfil Dünyaminqızı Şəxsiyyətlər

UTANCVERİCİ BİR FAKT…

Hörmətli oxucu, indi yazdıqlarımı oxuyub təəccüblənəcək, bəlkə də bunların doğruluğuna inanmaq istəməyəcəksiniz. Amma çox təəssüf ki, bu bir həqiqətdir.

1990-cı ilin dəhşətli 20 Yanvar faciəsindən sonra hələ də Oktyabr inqilabını, Aprel işğalını, Qızıl Ordunu, beynəlmiləlçiliyi nəinki təbliğ, hətta tərənnüm edən görkəmli elm xadimlərimiz də var idi; məsələn, həmin ildə “Azərnəşr”də Sultan Məcid Əfəndiyevin “Seçilmiş əsərləri” iki cilddə (ikinci cild) çap edilib (birinci cild 1988-ci ilin son aylarında, ermənilər soydaşlarımızı doğma yurdlarından didərgin salan günlərdə çap olunub). Əsərləri çapa Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Qırmızı Əmək Bayrağı Ordenli Partiya Tarixi İnstitutunun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun filialının əməkdaşları hazırlayıb. Özü də tarix elmləri doktoru, əməkdar elm xadimi D.P.Quliyevin redaktəsi ilə.

Əsərdə S.M.Əfəndiyevin 1920–36-cı illərdə müxtəlif mətbuat orqanlarında çap olunan məqalələri və çıxışları öz əksini tapıb. Məqalələrin hər sətrində, hətta hər cümləsində belə Oktyabr inqilabı, Aprel işğalı, Lenin siyasəti, Sovet hökumətinin şan-şöhrəti göylərə qaldırılır. Müəllif 1918–20-ci illərdə mövcud olan Milli Demokratik hökuməti isə nəinki tənqid, hətta təhqir etməkdən belə zövq alır.

O, əsərində Sovet hökumətinin Bakıda və onun şəhərlərində, rayonlarında, kəndlərində “uğurla” qurulmasından bəhs edirdi: “Gəncə qəzasında Sovet hakimiyyəti çox müvəffəqiyyətlə qurulmuşdu”. Gəncədə üsyanı amansızcasına yatıran bolşeviklər Azərbaycan ordusunun 12 generalını, 27 polkovnik və podpolkovnikini, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusunu güllələdi. S.M.Əfəndiyev bu vəhşiliyimi müvəffəqiyyət adlandırırdı? Ceyhun Hacıbəylinin təbirincə desək:“Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır”.

Azərbaycan Cümhuriyyəti hökumətinə ilk qucaq açan Gəncəni “müsavat və daşnak quldurlarının yuvası” adlandıran müəllif “Asiya və Avropanın qovşağında” açılan ilk elm məbədimizi “Azərbaycanda müsavatçıların üzdəniraq universiteti” kimi təhqir etməkdən belə çəkinmir, Azərbaycanın 1918–20-ci illərdə əldə etdiyi istiqlaliyyəti isə “yalançı istiqlaliyyət” kimi təqdim edirdi.

Yaxud “Bakinski raboçi” qəzetinin 2 fevral 1922-ci il tarixli sayındakı “Tikmək lazımdır” sərlövhəli məqaləsində yazırdı: “Sovet Azərbaycanının qəzalarına gedərkən insan dəhşətli mənzərə ilə qarşılaşır, hər yerdə yandırılmış evlər, dağıdılmış binalar…” Bəli, o bu sətirləri yazanda 1922-ci il idi. SSRİ artıq yaranmışdı və Azərbaycanda bu dəhşətli mənzərəni S.M.Əfəndiyevin şəninə təriflər yağdırdığı Sovet hökuməti, onun işğalçı XI Qızıl Ordusu yaratmışdı.

Yenə həmin qəzetin 11 fevral 1923-cü il tarixli sayında Cümhuriyyət liderlərini Bakını “işğal” etməkdə günahlandıraraq “ən həyasız müsavatçı istismarçılar” adlandırırdı. Zaman sübut etdi ki, Bakını Sovet hökuməti 1920-ci ilin 27 aprelində həyasızcasına, silah gücünə işğal etdi və bu işğal 70 il davam etdi.

“Azərbaycanda türk (azərbaycanlı – red.) və erməni camaatının dinc şəraitdə birgə yaşaması” üçün yalnız Sovet hökumətinə, rus proletariatına borclu olduqlarını fərəhlə, dönə-dönə qeyd edən müəllifin necə böyük yanlışlığa yol verdiyini zaman sübut etmədimi? Həmin o “dostcasına” yaşadıqları ermənilər rus qardaşlarının köməyi ilə 20 Yanvar qırğınını, Xocalı faciəsini, Qarabağ müharibəsini törətmədilərmi?

Azərbaycanda repressiyanın məhz Levon Mirzoyanın (uzun illər Azərbaycan KP MK və Bakı komitəsinin birinci katibi işləyib) və digər “yan”ların əli ilə tüğyan etdiyi bir vaxtda, 1929-cu ildə S.M.Əfəndiyev “Lenin siyasəti xalqların birgə yaşamasının tarixdə görünməmiş yeni formalarını yaratdı” söyləyərək bu işdə ermənilərə minnətdarlığını bildirirdi. 1918-ci ildə minlərlə günahsız azərbaycanlının qətlinə səbəb olan S.Şaumyanı “Əziz Stepan yoldaş” deyə yad edirdi.

Müəllif 1930-cu ildə “Kommunist” qəzetində Aprel inqilabının 10 illiyi münasibətilə Cümhuriyyət liderlərini “möhtəkirlik, ruşvətxorluq, xalq pulunun oğurlanması və s.” işlərdə günahlandırırdı. Bütün bu yazdıqları ilə, əslində, müəllif özü-özünü təkzib edirdi. Çünki o, hələ 1926-cı ildə sovet müəssisələrində “formal-bürokratik iş üsulunun, zahiri təmtəraq ardınca qaçmağın, təsərrüfatsızlığın, səhlənkarlığın, rüşvətxorluğun, israfçılığın” baş alıb getdiyindən şikayətlənirdi. Dörd il sonra isə bu problemlərin baş verməsində Cümhuriyyət qurucularını günahlandırırdı?! Lakin unudurdu ki, bütün bu nöqsanların səbəbkarı xəmiri yalanla, rüşvətlə, bürokratiya ilə yoğrulmuş Sovet hökumətidir. Ona görə də ölkədəki özbaşınalıq Sovet hakimiyyətinin süqutuna kimi davam etdi.

Cümhuriyyət liderlərimizi təhqir edən S.M.Əfəndiyev klassiklərimizə də dil uzatmaqdan çəkinməyib. O, milli mətbuatımızın banisi H.Zərdabinin ilk qəzetin çapına min bir əzabla nail olmasını belə səciyyələndirirdi: “Qəzet çap etdirmək o zaman çətin idi. Bakıda liberal xasiyyətli bir qubernator var idi, arvadı da gürcü idi. Həsən bəy Zərdabi o arvadın qılığına girməklə qəzetin çap edilməsinə icazə ala bildi”.

Az qala hər məqaləsində “Yaşasın Qızıl Ordumuz”, “Yaşasın xalqlar dostluğu olan Sovet İttifaqı”, “Yaşasın Lenin siyasəti” və s. fikirləri ilə aşıb-daşan S.M.Əfəndiyevin mətbu irsinin 1990-cı ildə təbliğinə ehtiyac var idimi? Axı şəninə uzun illər təriflər yağdırdığımız Qızıl Ordunun 20 Yanvar qırğınını törətməsindən heç bir il belə keçməmişdi?!

Hörmətli oxucu, 1990-cı ildə bu əsərin çapına ehtiyac var idi, ya yox? Yoxsa Sovetlər sevdası ilə yaşayanlar hələ də “Bəlkə də qaytardılar” xülyası ilə bunu edirdilər?

Təəccüblüsü həm də odur ki, günümüzdə də bu yanlışlıqlara haqq qazandıranlar az deyil. Hələ də mətbuatda Soltan Məcid Əfəndiyev, Soltan Məcid Qənizadə, Səməd Ağamalıoğlu, Hökumə Sultanova, Ayna Sultanova, Qəzənfər Musabəyov və başqa Sovet sevdalılarını dəstəkləyənlər, onları gənc nəslə qəhrəman kimi təqdim edənlərimiz var. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun “Türkologiyanın tarixi: XX əsrin 20-30-cu illəri” (Bakı, 2016) adlı əsərində təpədən-dırnağa bolşevik ideologiyasının təbliğatçısı olan Səməd Ağamalıoğlunu “milli təəssübkeşliyi üstün tutan dövlət xadimi” (həmin əsər, səh. 30) kimi təqdim etməsi həqiqətən utancdır. Bu o Səməd Ağamalıoğludur ki, Azərbaycan Cümhuriyyətinin parlamentinin son iclasında (27 aprel 1920-ci il) Əliheydər Qarayev, Çingiz İldırım, Həmid Sultanov və başqa bolşeviklərlə birlikdə milli hökuməti silah gücünə zəbt edəcəklərini bildirmişdi. Həm də Səməd bəy milli hökumətin qanunlarla idarə edilən parlamentini bazara bənzədərək “bazar qurtardı” deyə ələ salmışdı.

Hörmətli professor daha sonra yazırdı: “Sovet hakimiyyətinin qələbəsindən sonra…” (həmin əsər səh, 25). Əvvəla, Buludxan müəllim bu əsəri çap etdirəndə Sovet dövrü deyildi ki, hələ də onun qələbəsi fəxrlə təqdim edilsin. (Əsər 2016-cı ildə işıq üzü görüb.) Bütün dünyaya da bəllidir ki, 1920-ci ilin 27 aprelində Sovet Rusiyasının XI Qızıl Ordusu Azərbaycanı silah gücünə işğal edərək milli hökuməti süquta uğratdı. Və yalnız torpaqlarımızı deyil, bütün milli-mənəvi dəyərlərimizi, təbii sərvətlərimizi işğal etdi. Bəs onda bu işğalı gəncliyə hələ də qələbə kimi təqdim etməyə ehtiyac varmı? Buludxan müəllimin fəxrlə təqdim etdiyi qələbənin səhəri günündən, yəni “1920-ci il aprelin 28-dən, işğalın ilk günündən iyunun 10-na qədər 40 gün ərzində Rusiyaya 5 milyon ton (o zamanın ölçüsü ilə 250 milyon pud) neft göndərildi”. Bu talançılıq siyasəti 1990-cı ilin 20 Yanvar faciəsinə kimi davam etdirildi.

Hörmətli professorun az qala hər səhifədə fəxrlə bəhs etdiyi o qanlı imperiya təkcə XX yüzillikdə bizə 1905–1907, 1917, 1937, 1956, 1988–1991-ci illərdə dünyanı dəhşətə gətirən faciələr yaşatdı.

Qazi Mustafa Kamal Atatürk “milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır” deyə öz millətini ayıq-sayıq olmağa çağırırdı. Bunu uzun illərin təcrübəsi də sübut etdi ki, başqalarının şikarı olmamaq üçün milli şüurumuzu, milli heysiyyətimizi oyadaq, milli kimliyimizi bilək, dostumuzu, düşmənimizi tanıyaq! Dünənimizi, bu günümüzü gəncliyimizə doğru, dürüst aşılayaq.

Məncə, olanlardan nəticə çıxarmaq vaxtıdır. Yoxsa dahilər demiş, “gələcəyimiz keçmişimizdən daha qorxulu və qaranlıq” ola bilər! Bir də ki “tarixdə hər şeyin meyarı” olan zaman “yağı yağ, ayranı ayran edəcəkdir”.

Amma təəssüflər, özü də çox təəssüflər ki, bu yanlışlıqlar bu gün də davam edir və bunu yazan öz soydaşlarımızdır. Utanılacaq fakt odur ki, işğalı hələ də qələbə kimi qələmə verən alimlərimiz var.