İllər öncə “Füyuzat” jurnalının bir sayında “Dərdin içində də dərd olarmış” adlı yazı oxumuşdum. “Dərdin içində də dərd olarmış…” Bu sözlərdən sonra qəlbimi izaholunmaz bir hüzn bürümüşdü və zamanla o hüzn qələmlə dil tapıb kağıza axdı. Qəlbim o dərdi dərk etmək üçün dərdləndi…
Bu gün dünya zahirdə parlaq görünən, daxildə isə dərin ziddiyyətlərlə dolu bir dönəmdən keçir.
Xoşbəxtlik vəd edən, şirnikləndirici xəbərlər – sosial şəbəkələrdə gülən simalar, süni təbəssümlərlə pərdələnmiş gündəlik həyatlar… Həqiqətdə isə yorğun vicdanlar, boğulan duyğular, səssiz hıçqırıqlar, keyləşdirilən ağrılar…
Dərd isə sanki utanılacaq bir halmış kimi gizlədilir. Halbuki dərd insanın ruhunu cilalayan, dərinləşdirən ülvi bir dəyərdir. O, bəzən bir nəfəsin içində sıxılıb qalan haray, bəzən susqun bir baxışda gizlənmiş fəryaddır.
Dərd yalnız fərdi deyil – o bir toplumun aynası, bir millətin tarixi yaddaşına hopmuş həqiqətdir.
Fərdi dərd insanın ruhunu oyadan bir atəşdirsə, ictimai dərd o atəşin şölələndiyi vicdanlara əmanət edilən bir yol yoldaşıdır.
Mövlana Cəlaləddin Rumi deyirdi: “Dərd dostun səsi kimidir, səni Ona çağırar. Qəlbini oyadar, içindəki sirri aşkar edər. Dərd Haqdan gələni Haqqa aparan yol yoldaşıdır”.
Bu baxışda dərd əzab deyil, oyandıran, səsləyən, silkələyəndir. İnsan onun vasitəsilə yalnız ağrını deyil, özünü tanımağa başlayır, həqiqi kimliyini kəşfə cəhd edir.
Dərd şair qələminin tökülən göz yaşları, ruh çırpınışlarıdır…
İqrar Mədətli