Füyuzat 128 Həşim Səhrablı Təhlil

Rusiya Azərbaycanı gələcəkdə də düşmən qəbul edəcək

Dövlət siyasəti, xüsusən xarici siyasət xətti təşkil olunarkən regional və dünyəvi bütün faktorlar ən xırda detalına qədər işlənir. Üstəlik, dövlətin xarici siyasəti şəxslərin istəyinə görə dəyişmir. Daxili siyasət də nazir, baş nazir, prezident və ya qanunverici orqanların təklifləri ilə müəyyən dəyişikliklər etmək asandır və uzun müddət tələb etmir. Qısa zaman fasiləsində əhəmiyyətli dəyişikliklər etmək mümkündür və fəsadlar doğurmur. Bu kimi məsələlər dövlətin sırf özünü və onun sərhədlərindən kənarı deyil, sərhədləri daxilini nəzərdə tutduğu üçün hər hansı dəyişikliyin reallaşdırılması təzyiq və əngəllərlə qarşılaşmır. Amma bir dövlətin xarici siyasət xətti hansısa rəsmi şəxsin istəyindən asılı olmayaraq bir-iki gündə, bir-iki ildə dəyişməyəcək qədər mürəkkəb sistemdir.

Hətta ABŞ, Rusiya və Çin kimi hegemon ölkələr belə qısa zamanda dövlətlərinin xarici siyasət xəttini dəyişə bilməz. Çünki dünya siyasətində bəlli bir sistematik düzən var və onun kənarına çıxmaq çox riskli addımdır.

Bu kimi reallıqları gördüyümüz zaman Azərbaycanla Rusiya arasındakı münasibətlərə daha doğru və dolğun yanaşma irəli sürə bilərik. Azərbaycan–Rusiya münasibətlərini doğru anlamaq üçünsə mövzuya iki prizmadan yanaşmaq lazımdır: keçmiş və bu gün.

Ancaq keçmiş və bu günü olduğu kimi öyrənməklə Azərbaycan–Rusiya münasibətlərinin gələcəyinə doğru işıq salmaq mümkündür…

Keçmiş prizmasından Azərbaycan–Rusiya münasibətləri…

Rusiyanın Azərbaycanı hələ Səfəvilər dövləti və sonradan Nadir şah imperiyası, Qacar dövlətləri vaxtından işğaletmə niyyəti olmuşdur. Lakin Səfəvilərin Rusiya imperiyasından güclü olması rusları Azərbaycanı işğal niyyətindən daşındırmışdır. Nadir şah isə onları acı məğlubiyyətlərə düçar etmiş, hətta Şimali Qafqazı öz dövlətinin təsir dairəsinə salaraq bütün Qafqazda rusların mövqeyinə zərbə vurmuşdur.

Qacarlar zamanında daxili münaqişələr və hərc-mərcliyin artmasından, eyni zamanda mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Rusiya imperiyası Azərbaycanı, bütövlükdə Qafqazı işğaletmə siyasətini yürütmək niyyəti güdmüşdür.

Azərbaycanın xanlıqlara bölünməsi Rusiyanın bu planlarını əhəmiyyətli dərəcədə asanlaşdırmışdı. Xanlıqları bir-bir işğal edən Rusiya daha sonra Qacar dövlətini məğlubiyyətə uğradaraq “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Azərbaycanın şimalının işğalını tamamlamışdır. Məhz bu dövrdən Rusiya bölgədəki etnik kimlikləri doğru qiymətləndirmiş, daha dəqiq desək, onun imperiya maraqlarına qarşı dirəniş göstərmək potensialına malik Azərbaycan türklərini assimilyasiya və etnik məhvə məruz qoymağa başlamışdır. Bunun üçün isə müxtəlif yollar sınanmışdır, məsələn, rus imperializminə qarşı baş verən hər bir üsyan bəhanə edilərək sivil insanlara divan tutulmuş, silahlı şəxslərlə birlikdə bölgədə etiraza qalxan sıravi insanlar da bu və ya digər şəkildə məhv edilmişdir. Ruslar bu siyasətini həyata keçirərkən ağıllı addımlar atmış, həmin cinayətlərin rus xalqının adına yazılmaması üçün ermənilərdən istifadə etmişlər.

Müxtəlif vədlərlə yoldan çıxarılan ermənilər sığındıqları Azərbaycanın əsl sahiblərinə qarşı terror aktları həyata keçirməyə başlamışlar. 31 Mart soyqırımı bunun bariz nümunəsi olsa da, 1903–1905-ci illərdəki soyqırımı, bundan əvvəlki etnik münaqişələr və Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) elanından sonra başımıza gətirilən bütün müsibətlər də əsas sübutlar sırasındadır.

Rusiyanın anti-Azərbaycan addımlarından ən fəsadlısı isə Azərbaycanda erməni dövlətinin yaradılmasıdır. Hələ 1825-26-cı illərdə Qarabağ bölgəsinə Qacar ​​dövlətindən 18 000, 1828-ci ildə 50 000, 1829-cu il “Ədirnə” müqaviləsi ilə Osmanlıdan 84 000 erməni köçürülmüşdür. Rusiya mənbələri Anadoludan və indiki İran dövləti ilə həmsərhəd torpaqlardan eyni vaxtda 1 milyondan çox erməninin köç etdiyini bildirir. Nəticədə dövrün rus çarı I Nikolay İrəvan və Naxçıvan xanlıqları torpaqlarını əhatə edən erməni bölgəsi yaratmışdır. Ancaq rusların bu siyasi addımları hələ I Pyotr (1701–1725) dövründən hazırlanmışdır. Həmin illərdə bu kimi planları həyata keçirmək mümkün olmamışdır. I Pyotrdan sonra Rusiyanın ən böyük imperatorlarından olan II Yekaterina dövründə ruslar ermənilər üzərindən Qafqaz siyasətini həyata keçirməyə başlamışdır. 1967-ci ildə İrəvanda nəşr olunmuş “18-ci əsrdə erməni-rus münasibətləri” kitabında bu siyasətlə bağlı belə deyilir: “Hələ 1783-cü il mayın 19-da knyaz Q.A.Potyomkin İkinci Yekaterinaya demişdi: “Biz fürsət düşən kimi Qarabağı dərhal ermənilərin tabeliyinə vermək və bununla da Asiyada xristian dövləti yaratmaq üçün nə lazımdırsa edəcəyik” (Cavid Veliev, Araz Aslanlı “Güney Kafkasya: toprak bütünlüğü, jeopolitik mücadeleler ve enerji”, Ankara: Berikan Yayınevi, 2011, s. 155-156).

Ancaq rusların Azərbaycana qarşı qərəzli mövqeyi bununla da bitmir. Hər zaman Azərbaycanı öz imperiya maraqları üçün təhlükə görən Rusiya dayanmadan anti-Azərbaycan addımlar atmışdır, məsələn, 1920-ci ildə Moskvanın təyin etdiyi yerli iqtidarın əli ilə Azərbaycanın Qərbi Zəngəzur və Göyçə mahalları bizdən qoparılaraq ermənilərə hədiyyə edilmişdir. Bu azmış kimi, 1923-cü ildə Qarabağa muxtar vilayət statusu verilmiş və burada erməniləşdirmə siyasətinə başlanılmışdır.

1990-cı ildə isə azadlıq haqqını tələb edən Azərbaycan xalqına qarşı qəddar addımlar atılmışdır. Həmin il yanvarın 20-də Bakı küçələrinə Sovet ordusu yeridilmiş, dinc əhaliyə qarşı soyqırımı təşkil edilmişdir. Maraqlıdır ki, 20 Yanvar soyqırımı da Qərbi Zəngəzurun ermənilərə hədiyyə olunması ilə eyni taleyi yaşamışdır. 20 Yanvar soyqırımı törədilməzdən əvvəl müxtəlif bəhanələr irəli sürülmüş və Azərbaycan SSR-in yüksəkvəzifəli şəxsləri ordunu Bakıya dəvət etmişlər. Bu adlar sırasında ölkəmiz müstəqilliyini elan etdikdən sonra Azərbaycanın ilk prezidenti təyin edilmiş Ayaz Mütəllibov da var. Digər diqqətçəkən ad isə Azərbaycanın uzun müddət baş naziri olmuş Artur Rasizadədir.

20 Yanvar faciəsinə qədər Bakı administrasiyasından Moskvaya dörd teleqram göndərilmişdi ki, onlardan birinci və sonuncu teleqramı Ayaz Mütəllibov, üçüncünü Artur Rasizadə, ikincisini isə Azərbaycanın ozamankı daxili işlər naziri Viktor Barannikov göndərmişdir. Bu teleqramlar sübut edir ki, Sovet İttifaqının Bakıda bərqərar etdiyi yerli hökumət “Qanlı Yanvar” hadisəsində iştirak edib (Şıhaliyev Emin Arifoğlu “Türkiye ve Azerbaycan açısından ermeni sorunu”,  Ankara: Türk Kültür ve Eğitim Norm Geliştirme Vakfı, 2002, s. 154-155).

Bu faktlardan belə nəticəyə gəlmək mümkündür ki, Moskva Azərbaycana qarşı addımlarında iki effektiv üsula əl atıb: birbaşa müdaxilə edib və Azərbaycanı işğala məruz qoyub. Lazım olduğu anda həmişə təcavüzkar siyasətini davam etdirib, hətta sivil insanlara belə acımayıb.

Moskva özünə haqq qazandırmaq üçün bütün imperiya maraqlarını pərdələməyi də bacarıb. Terror aktlarını ermənilərin əli ilə reallaşdıran Moskva Azərbaycanda təşkil etdiyi iqtidar sistemləri ilə Azərbaycan xalqının əsas haqlarını saxta rejimlərin qərarları ilə qəsb edib.

Davamı