Köşə Yazıları Ruslan Bayramlı

Təhsil inkişafın əsas komponenti kimi…

“Təhsil üzərinizdə daşıya biləcəyiniz ən dəyərli xəzinədir”.

M.Forbes

Təhsil cəmiyyətin həyatında çox önəmli yer tutur. Belə ki, təhsil fərdlərin gələcəkdə uğur qazanmalarında və həyatlarına doğru yön vermələrində hərəkətverici qüvvə rolunu oynayır. Təhsilin cəmiyyət üçün, insanlıq üçün faydaları inkarolunmazdır. Həmçinin təhsil insanın şəxsiyyətinin formalaşmasında, düşüncələrinin və sosial bacarıqlarının inkişafında xüsusi yer tutur. O, həm də insanlara həyat təcrübəsi qazandırır. Hələ on dörd əsr öncə deyilən “beşikdən məzaradək elm öyrənin” fikri ilə tarixin bütün dövrlərində təhsilin, elmin nə qədər aktual olduğunu görə bilərik.

Sosial proses olaraq təhsilin ən azı insanlıq tarixi qədər qədim tarixi olsa da, latın mənşəli “educare” sözündən yaranmış “education” ifadəsi təxminən XVI əsrdən istifadə olunmağa başlamışdır. Hər iki söz qidalandırmaq, yetişdirmək, böyütmək mənasını ifadə edir. Bu ifadələrə söykənərək deyə bilərik ki, təhsilin qayəsi insanı bilgiylə qidalandırmaqla pralel olaraq onda olan qabiliyyətləri ortaya çıxartmaq və inkişaf etdirməkdir.

Tarixin müxtəlif dövrlərinə nəzər salsaq, görərik ki, həyatın digər sosial sahələri kimi təhsil də dövrün xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, həm də həmin dövrün təsiri ilə formalaşır. Sənayedən əvvəlki dövrdə usta-şagird münasibətinə əsaslanan təhsil modeli sənaye inqilabı ilə yenidən formalaşan dünyanın ehtiyaclarını ödəyə bilmədi. Bundan sonra sənaye məktəbi modeli yeni dünyanın ehtiyaclarını qarşılayacaq həll yolu olaraq meydana çıxdı. Lakin informasiya-kommunikasiya texnologiyalarının hakim olduğu bugünkü şərait isə artıq sənaye dövrünü geridə qoyduğumuzun göstəricisidir. Rəqəmsal dövr adlandırılan bu yeni dövr həyatın müxtəlif sahələrini, o cümlədən təhsil sistemlərini də yenidən dizayn etməyi zəruri edir. Belə ki, keçmiş dövrün sənaye əsaslı təhsil modeli bu yeni dövrdə lazımi bilik və bacarıqlara malik fərdlərin yetişdirilməsində çətinlik çəkdiyi üçün təhsil də yenidən formalaşdırılmalı olan bir sahə halına gəlmişdir.

XXI əsrdə malik ola biləcəyimiz və heç zaman tükənməyəcək sərmayə olan insan kapitalı inkişafın əsas təkanverici qüvvəsi hesab olunur. Araşdırmalara əsasən, insan kapitalının inkişaf indeksi üç əsas komponentdən ibarətdir: gözlənilən ömür uzunluğu, təhsil səviyyəsi və həyat (gəlir) səviyyəsi. Göründüyü kimi, insanın inkişafında əsas komponentlərdən biri də təhsil səviyyəsidir. Hələ 2006-cı ildə Böyük 8-lik ölkələri tərəfindən Sankt-Peterburq sammitində qəbul edilmiş “XXI əsrdə İnnovativ Cəmiyyətlər üçün Təhsil” adlı müraciətdə qeyd edildiyi kimi “təhsil insan inkişafının kökündə durmuşdur. XXI əsrdə iqtisadi və sosial tərəqqi dövlətlərin öz cəmiyyətlərinin bütün üzvlərini sürətlə dəyişən dünyada qabağa getməyə hazırlaşdıracaq təhsil ilə təmin edə bilməsindən asılıdır. İnnovasiya cəmiyyəti öz insanlarını dəyişikliklərə uyğunlaşmağa hazırlamalıdır”. Qeyd olunan faktdan yola çıxaraq deyə bilərik ki, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi insan hüquqları arasında təhsil hüququ ən vacib insan hüquqları sırasında yer almaqdadır.

Müasir təhsil sistemləri qlobal tələbləri nəzərə almaqla yanaşı, həm də aid olduqları cəmiyyətin dəyər və normalarını da özlərində ehtiva etməlidirlər. Dünyada baş verən sürətli dəyişiklik, texnoloji inkişaf həyatımıza müxtəlif yönlərdən təsir göstərir. Biz də cəmiyyət olaraq digər sosial hadisələr kimi təhsil sistemimizi nəzərdən keçirməli, onun hədəf və komponentlərini doğru müəyyən etməliyik. Bertnard Russellin dediyi kimi: “Necə təhsil verəcəyimizi düşünmədən öncə necə bir nəticə əldə etmək istədiyimizi bilməyimiz lazımdır”.

Əsrimizdə informasiyanın həyatımıza başgicəlləndirən formada təsirinin şahidi oluruq. Artıq yeni məlumatlar əvvəlki dövrlərə nisbətən sürətlə yayılır. Bilgi ilə paralel olaraq o bilginin doğruluğunu, həyatımıza göstərəcəyi təsirləri də müəyyən etməli oluruq. Əvvəlki yazılarımızın birində qeyd etdiyimiz Bill Qeytsin “Rəqiblə mübarizənin ən yaxşı yolu informasiya ilə işləyə bilməkdir” fikriəsrimizdə informasiya ilə işləyə bilməyin nə qədər zəruri olduğunun göstəricisidir. Bu səbəbdən son 30 ildə bütün dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə sürətlənən qlobal informasiya rəqabəti ölkələri təhsilin sistemlərini yenidən dizayn etmək üçün əsaslı qərarlar qəbul etməyə sövq etmişdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, təhsil bir ölkənin və ya cəmiyyətin inkişafının əsas komponentlərindən hesab olunur. Təhsil prosesində fərdlər bilik, bacarıq, dəyərlər qazanır. Bu baxımdan təhsilin inkişafın əsas komponenti olmasının aşağıdakı səbəblərini qeyd etmək olar:

Təhsil fərdlərə öz potensiallarını inkişaf etdirməyə kömək edir. Həmçinin bilik və bacarıqların artırılması bizə insan resurslarından daha səmərəli istifadə etməyə imkan yaradır. Hələ Dünya Bankının 1995-ci ildə 195 ölkə üzrə tədqiqatında qeyd olunur ki, fiziki kapital ümumi sərvətin 16%-ni təşkil edir. İnsan kapitalı isə 64% daha çox əhəmiyyət kəsb edir. Bu baxımdan inkişaf etmiş Almaniya, Yaponiya və İsveçrə kimi ölkələrdə ümumi kapitalın 80%-dək hissəsi insan kapitalının payına düşür.

Sağlam əmək bazarının formalaşmasında, həmçinin ixtisaslı mütəxəssislərin hazırlanmasında təhsilin rolu böyükdür. Cəmiyyətin təhsil səviyyəsi yüksəldikcə ixtisaslı işçi qüvvəsi problemi aradan qalxmış olur, paralel olaraq elmi və texnoloji inkişaf sürətlənir. Əmək məhsuldarlığının artması nəticəsində gəlir səviyyəsi sürətlə yüksəlir və əldə olunan gəlirin ədalətli şəkildə bölüşdürülməsi baş verir. Təhsil səviyyəsinin yüksəldiyi cəmiyyətlərdə idarəetmə prosesi demokratikləşir, iqtisadi və siyasi sabitliyə nail olmaq asanlaşır, həmçinin təhsilə qoyulan investisiyaların cəmiyyətlər üçün faydası fiziki kapitalın faydasına nisbətən yüksəlir. Təhsilə ayrılan xərclər uzunmüddətli perspektivdə investisiya xərcləri kimi yaratdığı artan gəlirlər hesabına iqtisadi inkişafı sürətləndirir. Burada bir faktı qeyd etsək, yerinə düşər. Belə ki, Samsung firmasının təhsilə, elmə ayırdığı pul Yaponiya, Çin və bəzi digər şərq ölkələri istisna olmaqla əksər dövlətin ayırdığı maliyyədən çoxdur.

Yuxarıda qeyd etmişdik ki, təhsilin inkişafı elmi və texnoloji tərəqqiyə səbəb olur. Təhsil yeni texnologiyaların hazırlanmasında və tətbiqində mühüm rol oynayır. Sürətlə inkişaf edən texnologiya ilə paralel olaraq həmin texnologiya ilə işləyə biləcək mütəxəssislərin hazırlanması daima şirkətlər üçün önəm kəsb etmişdir. 18–19-cu əsrlərdə baş vermiş sənaye inqilabları özü ilə bərabər istehsal prosesini gətirmiş, bu isə yeni yaradılmış fabriklərdə işləmək üçün işçi qüvvəsinə ehtiyac yaratmışdır. Yeni yaradılan fabrik və zavodlarda işləyə bilmək üçün isə uzunmüddətli təhsil prosesi və müəyyən səviyyələrdə mütəxəssis hazırlığı zərurət halını almışdır. Sənayeləşmə prosesinin sürətlə yayılması istehsalda, həmçinin tələb olunan əmək bazarında dəyişikliyə səbəb olmuş, bu dəyişiklik isə özü ilə bərabər savadlı kadrlara ehtiyacı artırmışdır. Müasiri olduğumuz dördüncü sənaye inqilabının nəticəsi olaraq rəqəmsal texnologiyaların ortaya çıxması, süni intellektin istehsal proseslərində tətbiqi təhsildə yeni texnoloji eranın başlamasının bariz göstəricisidir. Bu gün dördüncü sənaye inqilabı nəticəsində meydana gəlmiş rəqəmsal texnologiyalar əvvəlki inqilablar dövründə yaranmış texnologiyalardan daha sürətlə yayılır və cəmiyyətlər də bununla sürətlə ayaqlaşmaq məcburiyyətində qalır.

Yazımızın bu hissəsinə qədər təhsilin cəmiyyətin müxtəlif sahələrində əhəmiyyətli təsiri ilə yaxından tanış olduq. Təhsil cəmiyyətin inkişafına töhfə verməklə yanaşı, cəmiyyətin müxtəlif təbəqələri arasındakı fərqləri azaltmağa kömək edir, eyni zamanda insanlara müxtəlif bilik və bacarıqlar qazandıraraq həyatlarını yaxşılaşdırmağa və öz karyeraları yolunda inkişaf etməyə kömək edir. Təhsil cəmiyyətin siyasi, iqtisadi və mədəni inkişafına töhfə verir. Həmçinin yoxsulluğun aradan qalxmasında xüsusi rol oynayır. Təhsil alan şəxslər daha yaxşı iş tapmaq imkanları əldə edə və sosial-iqtisadi rifahlarını inkişaf etdirə bilərlər.

Təhsilin insanların ictimai və siyasi həyatda iştirakını asanlaşdırmaqla demokratik dəyərlərin yayılmasında rolu inkarolunmazdır. Təhsil səviyyəsi yüksək olan cəmiyyətlər sosial məsələlərə daha həssas və məsuliyyətli yanaşırlar. Bu isə cəmiyyətin bütün təbəqələrinin rifahının yaxşılaşmasına, ədalətin təmin olunmasına öz töhfəsini verir. Həmçinin vətəndaş hüquqlarının qorunmasında, sosial məsuliyyət kimi dəyərlərin təşviq olunmasında təhsilin rolu böyükdür. Belə ki, təhsil cəmiyyətin demokratik və mədəni inkişafında xüsusi rol oynayır. Dövrün tələbləri ilə paralel, həmçinin gələcəyin inkişafı ilə ayaqlaşa bilən təhsil sistemləri sosial-mədəni cəhətdən inkişaf etmiş cəmiyyəti yaradır.

Kommunikasiya sistemlərində baş verən inkişaf, ölkənin fiziki sərhədlərinin bir məna ifadə etməməsi, məkan anlayışının fərqli məna kəsb etməsi iqtisadi, siyasi, sosial və mədəni sahələrdə bəzi ümumi dəyərlərin yerli və milli sərhədləri aşaraq bütün dünyada yayılmasına səbəb olur. Bu səbəbdən biz qloballaşma mühitində təhsilin innovasiyaları təşviq etməsi və rəqabət qabiliyyətinin formalaşmasında xüsusi rolunu görürük. Cəmiyyətin innovasiya qabiliyyətinin yüksək olması, həmçinin rəqabətədözümlülüyü onun təhsil səviyyəsinin göstəricilərindən hesab olunur.

Təhsil inkişafın əsas amillərindən biri hesab olunur və ölkələrin uzunmüddətli davamlı inkişafı üçün vacib elementdir. Təhsil sistemlərinə investisiyalar, ümumiyyətlə, iqtisadi, sosial və mədəni baxımdan müsbət nəticələr verir. Buna görə də bir çox ölkələr öz təhsil sistemlərini təkmilləşdirmək və daha geniş əhalini maarifləndirmək üçün əhəmiyyətli səylər göstərirlər.

Təhsil dünəndən sabaha cəmiyyətin, fərdlərin dəyişən ehtiyaclarını ödəmək və gələcək çağırışlara hazırlamaq üçün daim inkişaf edən bir prosesdir. Artıq təhsil sahəsində atacağımız addımlar müasiri olduğumuz dövrü deyil, gələcəyin perspektivləri nəzərə alınaraq atılmalı, kəmiyyətlə yanaşı keyfiyyət də diqqət mərkəzində saxlanılmalıdır. Buna görə də təhsil sistemlərinin daima dəyişikliyə açıq olması lazımdır. Albert Eynşteynin dediyi kimi: “Bir ölkənin gələcəyi o ölkənin insanlarının təhsilindən asılıdır”.