Ana təbiətin bizə bəxş etdiyi saysız möcüzələrin arasında bir səyyah var – “tənha səyyah”. Özündə həm azadlıq, həm də qəriblik daşıyan bu səyyah ömrümüzün hər anında bizimlədir, əslində. Tənha səyyahı ustalıqla təsvir edən təbiət vurğunu, duyğuların şairi Mikayıl Müşfiqin misraları onun ruhunu ən gözəl şəkildə tanıdır bizə:
Hər səhər, hər aхşam, hər aхşam, hər səhər
Çoх zaman sərsəri küləklər biхəbər
Bir yaхın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəхtiyar küləklər!
Ruhumuzun pəncərəsini açdığımız an içəri dolan küləklər bir gün ayrılıq, bir gün də vüsal carçısı olar. Sevdalar şairi olan Nigar Rəfibəylinin küləklərə olan ümid soraqlı xitabındakı kimi:
Əsən yellər, əsən yellər.
Sevgilimdən mənə xəbər.
O, hər gəlişində bir niyyət gətirər – ya yolunu itirənlərə işıq tutar, ya da onlara yoldaş olar. Ancaq ən sonda tənhalığı seçər. Dünyanı tək dolaşar. Sanki hər kəsə toxunub heç kəsdə qalmamağın fəlsəfəsini yaşadar varlığı ilə.
Külək gələndə qəlblərdəki sükutun içində bir səs ucalar. İllərlə danışmaq istəyənlərin cəsarətini toplayıb dilə gətirdiyi sözlərə çevrilər. Bizə unudulanı xatırladar. Bir baxış, bir nəfəs, bir ah… Bəlkə də, bir ömürdür gətirdiyi. Və ya bir ömrün bitməyən sədası. Uşaq vaxtı ilk dəfə pəncərədən baxarkən gördüyümüz o titrəyən yarpaqlar kimi – bizə heç nə deməz, amma bir həqiqəti göstərər: hər hərəkət görünməyən bir varlığın izidir.
O nə zamana, nə də məkana bağlıdır. Gah zümrüd meşələrin içindən ötüb keçər, gah şəhərin qapılarını döyər, gah da bir dağın başında oturub yorğun fikirləri oxşar. Bizim üçün heç vaxt bir rolda qalmaz, dondan-dona girər küləklər. Bəzən incikliyimizin təsviri olar o. “Heç üzümə də baxmadı. Yel kimi yanımdan ötdü” deyərik. Bəzən qorxularımızın rəsmi olar o.
Sən də tufanla oynama,
Dəniz kimi coşma, gülüm, ay gülüm.
Bəzən ən qəribə xahişlərimizin ərk yeri olar.
Küləyi öyrədərəm, tellərini dağıdar,
Tellərini dağıdar.
Fəqət onun rolu dəyişsə də, qəlblərə toxunan yolunu dəyişməz. Təbiət hər zaman səsləyər onu:
Külək, sənə qulaq asan qəlblər var hələ. Səni hiss edən ruhlar var hələ. Sənin mehin oxşayır Xarıbülbülü. Sənin Xəzrinlə çağlayır mavi Xəzər. Sənin Gilavarından ilhamlanır Bakı. Və yalnız sən bilirsən ən ülvi hisslərimizi, ən dəyərli sirlərimizi…
Sirdaşım Gilavar…
Gilavar – küləyə nə var…
Tək sənsən sevgimdən
Xəbərdar, Gilavar…
Müəllif: Günel Natiqqızı